İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplandığını və prosesin davam etdiyini bildirib.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbad Hüseynov Zəfər Muzeyinin qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi və təbliği baxımından mühüm önəm kəsb edəcəyini bildirib:
“2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi bir zəfərə imza atdı. Erməni faşizmi darmadağın edildi və əsarət altındakı torpaqlarımız uzunmüddətli işğaldan azad oldu. Lakin bu qələbə Azərbaycan üçün itkisiz başa gəlmədi. Xalqımızın üç minə qədər qəhrəman oğlu bu mübarizədə şəhid oldu və öz adını tarixə qızıl hərflərlə yazdırdı.
Yalnız hərbçilər deyil, mülki vətəndaşlarımız arasında da həlak olanlar, yaralılananlar oldu. Bütün çətinliklərə, itki və məhrumiyyətlərə rəğmən Azərbaycan çox qısa bir zamanda – cəmi 44 gün içində böyük güclərin himayə etdiyi məkirli düşmən üzərində qəti qələbəni təmin etdi.
Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri Prezidentimizin ətrafında sıx birləşməkdə davam etmək, əldə edilən qələbənin nəticələrini qoruyub saxlamaq, şəhid və qazilərimizi, onların qəhrəmanlığını təbliğ etməkdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncamı son dərəcə əhəmiyyətlidir.
Artıq Zəfər Muzeyi üçün 10 minə yaxın eksponat toplanılıb ki, bu da olduqca böyük rəqəmdir. Prosesin davam etdiyini nəzərə alsaq, yaxın zamanda bu rəqəmin daha da artacağı şübhəsizdir.
İnanıram ki, Zəfər Muzeyi böyük qələbəmizin təcəssümü kimi hər zaman Vətənimizin cəsur müdafiəçilərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların carçısı olacaq, yeniyetmə və gənclərimizin qəhrəmanlarımız haqqında daha dolğun məlumat almasında mühüm rol oynayacaq. Bu muzeyi ziyarət edən hər kəs şəhidlərimizi ehtiramla anacaq, onların göstərdiyi qəhrəmanlıqların böyüklüyünü bütün qəlbi və ruhu ilə hiss edəcək.
Mən eksponatların toplanmasında əməyi keçən hər kəsə təşəkkür edir, onlara fəaliyətlərində uğurlar arzulayıram”.
Seymur ƏLİYEV