"Oval kabinet Ağ Evdə ən rəmzi məkan hesab olunur, prezidentliyin əzəmətini və gücünü nümayiş etdirir..."
Donald Trampın Ağ Evdəki Oval kabinetə qayıtması ilə birlikdə gümüş qartal fiqurları və kaminin yanındakı masada Böyük Britaniyanın baş naziri Uinston Çörçillin büstü peyda olub.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşr Oval kabinetin, yəni Ağ Evin necə dəyişdiyini təsvir edərək yazır ki, bu məkan prezidentliyin əzəmətini və gücünü nümayiş etdirmək üçün nəzərdə tutulub. Qeyd edilir ki, Oval kabinet Ağ Evdə ən rəmzi məkan hesab olunur, çünki burada xarici dövlət başçıları ilə görüşlər, Konqres liderləri ilə vacib danışıqlar aparılır. Bu kabinetdə prezidentlər tarixi anlarda millətə müraciət edir.
"İlk prezidentlik dövründə olduğu kimi, kaminin üstündə Corc Vaşinqtonun portreti asılıb. Onun yanlarında ölkənin ilk maliyyə naziri Aleksandr Hamilton və ABŞ-ın üçüncü prezidenti Tomas Ceffersonun portretləri yerləşdirilib," - nəşr qeyd edib.
Trampın kabinetə qayıtması ilə pəhriz kola sifariş etmək üçün qırmızı düymə də yenidən quraşdırılıb. Trampın iş masası belə bir cihazla onun ilk prezidentliyi dövründə təchiz edilib. 2021-ci ildən 2025-ci ilə qədər dövlət başçısı vəzifəsini icra edən Co Bayden düymənin çıxarılmasını əmr edib, bu düyməyə basıldığında otağa qazlı içki gətirilib.
Nəşr vurğulayır ki, Ağ Evdəki digər otaqlardan fərqli olaraq, prezidentlər Oval kabineti fərdiləşdirir. Onlar öz dəyərlərini və administrasiyalarının məqsədlərini əks etdirən incəsənət əsərləri və artefaktlar seçir. Məsələn, Co Bayden Benyamin Franklinin portretini asaraq elmə bağlılığını vurğulamaq istəyirdi. Donald Tramp bu portreti saxlayıb.
Bayden dövründə istifadə olunan mavi xalça daha neytral rəngli bir xalça ilə əvəzlənib. Divarda ABŞ-ın yeddinci prezidenti Endryu Ceksonun portreti asılıb. Məqalədə Trampın Ceksonu "xüsusilə sevdiyi" qeyd olunur. Ceksonun portretinin altında Frederik Reminqtonun "Mustanqların fəthi" adlı heykəli yerləşdirilib. Bu heykəl Trampın ilk Oval kabinetində də olub.
Oval kabinetdə Baydenin prezidentliyi dövründə çıxarılan hərbi qüvvələrin hər bir növü üçün bayraqlar yenidən yer alıb. Kabinetdə həmçinin Donald Trampın ailə üzvlərinin fotoları yerləşdirilib.
Nəşr yazır ki, Bayden hakimiyyətə gəldikdə Oval kabinetdə Franklin Ruzvelt portreti və digər əhəmiyyətli artefaktları yerləşdirməyi əmr edib. "Bu əşyalar artıq orada yoxdur," - deyə məqalədə qeyd olunur.
Bundan əlavə, prezidentlər Oval kabinetə onların fərdiliyini əks etdirən digər əşyalar da əlavə edir. Trampın qayıtmasından əvvəlki bazar ertəsi kabinetdə çiçək buketi və üzərində "Tramp" yazısı olan qızıl kağız sıxac yerləşdirilib.