"Kellogun müharibəni dayandırmaq üçün planı var, lakin danışıqları Tramp nəzarətdə saxlayacaq..."
ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi, general-leytenant Kit Kelloqa Ukrayna ilə Rusiya arasındakı müharibəni 100 gün ərzində bitirmək tapşırığını verib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşrin yazdığına görə, demək olar ki, heç kim, xüsusən də rusiyalılar onun bunu bacaracağını düşünmür. Kelloqun Ukrayna üzrə xüsusi nümayəndə kimi rolu daha çox Trampın şəxsən nəzarət etmək istədiyi sülh danışıqlarında "ilk gediş" rolunu oynayır.
Trampın Ukrayna üzrə nümayəndəsi kimi Kelloq ona danışıqlar barədə məsləhətlər verəcək, lakin Trampın bu məsləhətləri istəyib-istəməsi bəlli deyil. Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bir dəfə Trampın Kelloq haqqında "Mənim soruşmadığım müddətdə heç vaxt öz fikrini bildirmir, buna görə də onu sevirəm" dediyini eşitdiyini qeyd edib.
Eyni zamanda, keçmiş həmkarlarının sözlərinə görə, Kelloqun hərbi təcrübəsi Tramp üçün Ukraynaya yardımı davam etdirmək və ya ondan imtina etməyin nəticələrini ölçmək baxımından mühüm ola bilər. Lakin Kelloq heç vaxt diplomat kimi çalışmayıb və "əgər onun Ağ Evdəki təcrübəsi nəyəsə işarə edirsə, deməli, o, Rusiya ilə real danışıqlarda iştirak etməyəcək", - keçmiş həmkarları bildirir.
"Tramp onunla birlikdə olmaqdan zövq alır və onu sadiq birisi hesab edir, lakin o, siyasətə heç vaxt ciddi təsir göstərməyib. Əlbəttə ki, Trampın qərarından kənara çıxacaq heç nə təklif etməyəcək", - Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşlarından biri bildirib.
Eyni zamanda Bolton ehtiyat edir ki, qarşıdakı danışıqlarda Tramp Kiyevi Moskvaya qarşı təslim olmaq kimi ağır güzəştlərə məcbur edə bilər. "Çünki məncə, Putin Tramp ilə necə davranacağını yaxşı bilir", - Bolton bildirib və əlavə edib ki, Kelloq Putinin təsirindən qoruyucu rol oynamaq ehtimalı çox azdır.
"O, sadəcə Trampın əmr etdiyini edəcək. Ola bilsin ki, etiraz etsin, lakin Tramp Kelloqu müstəqil düşüncələrinə görə seçməyib", - Bolton qeyd edib.
Kelloqun keçmiş həmkarları deyir ki, o, Ukrayna üzrə nümayəndə vəzifəsinə Bayden administrasiyasını dərin tənqid edən sülh planı əsasında təyin edilib. Planda Rusiyaya güzəşt kimi Ukraynanın NATO-ya qəbulu məsələsinin təxirə salınması və sülh müqaviləsi imzalanması müqabilində Rusiyaya qarşı bəzi sanksiyaların ləğvi təklif olunub.
Eyni zamanda, Rusiya mediası və Kremlin rəsmiləri həm Kelloqu, həm də onun sülh planını tənqidlə qarşılayıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən müdafiə məsələləri üzrə ekspert və politoloq Set Cons Kelloqu ciddi düşüncə sahibi adlandıraraq, onun Trampın orbitində olmasının Ağ Evin Ukrayna üzrə qərarlarına çəki əlavə etməli olduğunu bildirib. Lakin onun sözlərinə görə, Kremlin Kelloq və onun planına qarşı şəxsi hücumları hər hansı bir razılaşma üçün yaxşı əlamət deyil.
"Danışıqlar hələ başlamayıb, lakin onlar artıq bu işə cəlb olunmuş əsas amerikalını hədəfə alıb", - o bildirib. "Bu nə danışıqlara, nə də atəşkəsə kömək edir."