İnsan psixologiyasının formalaşması uşaq yaşlarından başlayır. Bu fikir nə qədər düzgün olsa da, bir çox təhsil müəssisələrində psixoloji məsələlərə ciddi yanaşılmadığını, psixoloqların uşaqlarla işləməsi prosesinin keyfiyyətli getmədiyini görə bilərik. Psixoloqlar olsa da, işin daha çox formal üzərində olması, praktiki işlərin aparılmaması danılmaz faktdır. Bütün bu xoşagəlməz vəziyyət valideynləri narahat edir, narazılığa səbəb olur. Bu sahəyə ciddi yanaşılmamasının nəticəsi nə ola bilər?
“Məktəblərdə xoşagəlməz hadisələri minimuma endirir”
Moderator.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, şagirdlərlə düzgün psixoloji iş aparılmamasının xoşagəlməz nəticələri ola bilər: “Bunlardan biri də son dövrlərdə məktəblərdə tez-tez görülən bullinqdir (uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış). Bu müəllimin şagirdə, şagirdin müəllimə, şagirdin şagirdə qarşı davranışları ola bilər. Bu da nəticədə zorakılıq edən və yaxud etməyən tərəf olmasından asılı olmayaraq, onların psixologiyasına, gələcəyinə mənfi təsir göstərə bilər. Habelə məktəblərdə arzuolunmaz hadisələr: intihar, dava-dalaş, məktəbin əşyalarına xəta yetirmə, dərsin akademik mühitinin, təlim-tədris prosesinin pozulması və.s kimi hallar baş verə bilər. Psixoloji iş düzgün qurulsa, bu kimi hadisələrin baş verməsi minimuma enəcək.
“Psixoloq məktəbdəki psixoloji problemlərə müdaxilə etməyi bacarmalıdır”
Təhsil eksperti məktəb psixoloqlarının görməli olduğu tədbirləri vurğulayıb: “Psixoloji iş düzgün aparılmalı, doğru diaqnostika qoyulmalıdır. Şagirdə, valideynə müvafiq tədbirlərin görülməsi üçün yönləndirmələr edilməlidir. Lazım gəldikdə, xüsusi sahə üzrə peşəkarlaşan psixoloq və psixiatrlardan yardım alınmalı, ilkin tədbirlər görülməlidir. Psixoloq risk qrupunda olan şagirdin vəziyyətini öyrənməli, hətta məktəblərdə mümkündüsə, mentorluq xidmətləri, terapiyalar təklif olunmalıdır. Beləcə, məktəb psixoloqu müəyyən qədər problemi aşkarlaya və müdaxilə edə bilər”.
“Məktəblərdə fəaliyyət göstərən psixoloqların əksəriyyəti peşəkar deyil”
Q.Məhərrəmov məktəblərdə bu sahə ilə bağlı həllini gözləyən problemləri vurğulayıb: “Məktəbdə işləyən psixoloqların maaşının qaneedici olmaması, onların iş yerlərinin - məktəbdə kabinetlərinin olmaması peşəkar psixoloqları məktəblərdən uzaqlaşdırır. Təəssüf ki, məktəblərdə fəaliyyət göstərən psixoloqların əksəriyyəti çox zaman bu peşə ilə əlaqəsi olmayan insanlardır. Təbii ki, bu fikri hər kəsə aid etmək düzgün deyil. Həqiqətən də, çox az peşəkar, idealist, prinsipial psixoloqlar var ki, öz missiyalarını peşəkarcasına yerinə yetirirlər”.
“Psixoloqların işi yaxşılaşdırılmalıdır”
Təhsil eksperti problemin ümumi həlli yollarına toxunub: “Məktəb psixoloqu yetişdirən universitetlərin bakalvr ixtisaslarında keyfiyyəti artırılmalıdır. İkinci olaraq, keyfiyyətli kadrlar yetişdirdikdən sonra onları məktəblərə geri qazandırmaq üçün məktəblərdə psixoloqlara aid psixoloji kabinetlər yaradılmalı, məktəb direktorları, müavinlər psixoloqların məktəblərdə peşəkarcasına fəaliyyət göstərməsi üçün hər cür şərait yaratmalıdır. Psixoloqların məvacibinin yüksək olmaması da həllini gözləyən digər problemlərdən biridir, çünki psixoloqun işi az məvaciblə görüləcək iş deyil”.
“Uşaqların sağlam psixikada böyüməsi olduqca vacibdir”
Psixoloq, NLP Master Sevinc Məmmədkərimova qeyd edib ki, məktəblərdə psixoloji işin düzgün və hərtərəfli təşkili uşaqların sağlam psixikada böyüməsi üçün olduqca vacibdir: “Bu mövzuda məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür. Onların əsas fəaliyyəti maarifləndirmə tədbirləri keçirmək, şagirdlərin psixoloji vəziyyətini dəyərləndirmək, ehtiyac olduqda ailələrlə əlaqə yaratmaqdır”.
“Psixoloqların həll olunmağı gözləyən məhdudiyyətlər var”
S.Məmmədkərimova mövzu ilə bağlı bəzi problemləri vurğulayıb: “Təəssüf ki, burada bəzi məhdudiyyətlər var. Hər bir psixoloqa düşən məktəbli sayını nəzərə alsaq, hər bir şagird üçün fərdi yanaşmanı reallaşdırmaq qeyri-mümkündür. Bu, hər bir məktəbliyə lazımı qədər zaman və diqqət ayrıla bilməməsinə səbəb olur. Bu hal gələcəkdə həmin şagirdlərin yetkin yaşda aşağı özünə inam, qərarsızlıq, sosial əlaqələrdə çətinliklər, münasibətlərdə, təhsil və iş həyatında problemlər yaşamasına zəmin yaradır. Təəssüf ki, bir çox məktəblərdə psixoloqun öz otağı belə yoxdur. Bu da əlbəttə ki, görülən işin keyfiyyətinə şübhə yaradır”.
“Psixoloqlar daima öz üzərində işləməlidir”
S.Məmmədkərimova psixoloqların üzərinə düşən məsuliyyətlərdən danışıb: “Şagirdlərə düzgün yanaşma və peşəkar dəstək üçün məktəb psixoloqlarının daim öz üzərində işləməsi, öz peşə bacarıqlarını təkmilləşdirməsi də vacibdir. Bunun üçün dövlət səviyyəsində müəyyən tədbir və layihələr, ixtisasartırma təlimləri keçirilsə də, çox vaxt bunlar formal xarakter daşıyır. Təlim-tərbiyənin, uşağın psixi sağlamlığının təməlinin ailədən gəldiyini nəzərə alsaq, valideynlərlə psixoloji konsultasiyaların aparılması, maarifləndirici təlim və seminarların keçirilməsi istiqamətində daha çox iş aparılmasına ehtiyac var. Xüsusilə də valideyn-övlad münasibətləri, yeniyetmə psixologiyası, peşə seçimi, uşaq tərbiyəsində vacib məqamlar, erkən nikah, zərərli vərdişlər, davranış problemləri və s. mövzulara daha çox diqqət ayrılmalıdır”.
Sərvanə Rəmixanova