Ekskluziv
678
21 Jan 2025 | 17:41

"Yaxın Şərq dərin dəyişiklik dövrünü yaşayır" - Antoniu Quterriş

 
"Fələstin ərazilərinin bütövlüyü ilə bağlı ekzistensial təhlükə mövcuddur..."
 
BMT baş katibi Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş iclasında çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "news.un.org" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, BMT baş katibi Antoniu Quterriş Qəzzada əldə olunan atəşkəs razılaşmasının yaratdığı fürsətdən istifadə edərək idarəçilik və təhlükəsizlik problemlərinin həllinə yönəlmiş səyləri artırmağa çağırıb.
 
"Dünən birinci mərhələ çərçivəsində ilk üç qadın girov azad edilib. Həmçinin, doxsan fələstinli məhbus sərbəst buraxılıb. Bu mübadilə hər iki tərəfdən olan ailələrə rahatlıq gətirib", - Quterriş bildirib.
 
Fələstinin bütövlüyü
 
Antonio Quterriş qeyd edib ki, Fələstin administrasiyası Qəzzada sabitləşdirici qüvvə rolunu üzərinə götürməyə hazırdır. "Mən Qəzzanın İordan çayının qərb sahili ilə siyasi, iqtisadi, sosial və inzibati cəhətdən yenidən birləşməsinə imkan yaradacaq təhlükəsizlik və idarəetmə mexanizmlərinin yaradılması üçün kollektiv dəstək göstərilməsinə çağırıram", - o, vurğulayıb.
 
Bununla yanaşı, baş katib təəssüflə qeyd edib ki, İordan çayının qərb sahilində vəziyyət pisləşməkdə davam edir, burada qarşıdurmalar, qeyri-qanuni yaşayış məntəqələrinin genişləndirilməsi və fələstinlilərin evlərinin sökülməsi davam edir.
 
"İşğal olunmuş Fələstin əraziləri- Qəzza və İordan çayının qərb sahilinin bütövlüyünə olan mövcud təhlükə məni dərindən narahat edir", - Antonio Quterriş bildirib. "İsrailin yüksək vəzifəli rəsmiləri yaxın aylarda Qərb sahilinin tam və ya qismən ilhaqının zəruriliyi barədə açıq danışır. Belə bir ilhaq beynəlxalq hüququn ciddi pozulması olacaq. Aydındır ki, Yaxın Şərqdə sabitliyi gücləndirmək üçün məsələnin iki dövlət prinsipinə əsaslanan həllinə nail olmaq istiqamətində tədbirlər görülməlidir".
 
Qəzzaya yardım
 
Baş katib vurğulayıb ki, BMT Qəzzaya humanitar yardımları artırmağa davam edir, təkcə dünən bölgəyə 630-dan çox yük maşını ilə humanitar yardım çatdırılıb.
 
Antonio Quterriş humanitar təşkilatların, o cümlədən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin "tez, təhlükəsiz və maneəsiz" şəkildə bu əraziyə daxil olmasının vacibliyini qeyd edib.
 
"Dərin dəyişikliklər dövrü"
 
Antonio Quterriş öz çıxışında Yaxın Şərqi həm qeyri-müəyyənlik, həm də böyük imkanlarla dolu "dərin dəyişikliklər dövrü" yaşayan bir region kimi təsvir edib.
 
"Bizim məsuliyyətimiz Yaxın Şərq xalqlarının bu çətin dövrdən sülh, ləyaqət və daha yaxşı gələcək ümidləri ilə çıxmasını təmin etməkdir", - baş katib vurğulayıb.
 
Livanda siyasi irəliləyiş
 
Livana son səfəri barədə danışan Quterriş bu ölkədəki siyasi irəliləyişlə bağlı nikbin olduğunu bildirib və bütün Livan əhalisinin maraqlarını təmsil edəcək, onların təhlükəsizliyini təmin edəcək hökumətin formalaşdırılması səylərini yüksək qiymətləndirib.
 
O, həmçinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin işini yüksək qiymətləndirib. 2024-cü il noyabrın 27-dən bəri bu qüvvələr Livan silahlı qüvvələri ilə birlikdə 730-dan çox missiya, eləcə də 39 humanitar missiya həyata keçirib.
 
Baş katib bütün tərəfləri Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etməyə çağırıb. O, əlavə edib ki, İsrailin Livanın cənubundakı mövcudluğu dərhal sona çatmalıdır.
Link kopyalandı!
Son xəbərlər