"Slovakiya Türkiyənin Avropa İttifaqına üzvlüyünü tam dəstəkləyir..."
Slovakiya baş naziri Robert Fitso Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" informasiya agentliyi məlumat yayıb.
Fitco çıxışına prezident Ərdoğana qonaqpərvərliyi və dost münasibətləri üçün təşəkkür etməklə başlayıb. O, 2010-cu ildə artıq bir dəfə Türkiyəyə səfər etdiyini xatırladıb.
"Son səfərimdən 10 il keçib və Türkiyəni ziyarət edən hər kəs burada çox hadisələrin baş verdiyini təsdiq edər. Bu gün Siz, şübhəsiz ki, çox böyük siyasi və iqtisadi oyunçu, eyni zamanda beynəlxalq siyasi oyunçusunuz. Buna görə Sizə ürəkdən təbriklərimi çatdırmaq istəyirəm", - baş nazir bildirib. O, bu səfərin Slovakiya və Türkiyə arasında dostluğu və tərəfdaşlığı möhkəmləndirməyə yönəldiyini vurğulayıb.
Slovakiya Türkiyənin Avropa İttifaqına üzvlüyünü tam dəstəkləyir
"Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv olmaq arzusunu ifadə edir. Mən arzu edirəm ki, Türkiyənin bu istəyi mümkün qədər tez gerçəkləşsin və biz sizi tam dəstəkləyirik", -
o, bildirib.
Fitco Slovakiya ilə Türkiyə arasında ticarət dövriyyəsini ildə 5 milyard avroya çatdırmaq istədiklərini də qeyd edib. "Əlaqələrin inkişaf dinamikasına baxanda, bunun əldə olunacaq bir hədəf olduğuna heç bir şübhəm yoxdur", - baş nazir vurğulayıb.
Fitco Ərdoğana Putinlə görüşü barədə məlumat verib
Fitco həmçinin Bratislava ilə Ankara arasında Ukraynadakı müharibəyə dair "tamamilə eyni baxışların" olduğunu vurğulayıb. O, Ankaranın sülhün və atəşkəsin təmin olunmasında vasitəçi ola biləcəyinə inandığını bildirib: "Hamımız bunu istəyirik, çünki bu müharibənin hərbi həlli yoxdur", - baş nazir vurğulayıb.
Fitco dekabrın 22-də Moskvaya gedərək Putinlə görüşüb. Bu, Ukrayna lideri Vladimir Zelenskinin Rusiya qazının Ukrayna üzərindən tranzitini istisna etməsindən sonra baş verib. Yanvarın 1-dən etibarən "Qazprom"un tranzit müqaviləsi başa çatıb və yanacağın nəqli dayandırılıb. Rusiyanın Avropa İttifaqına qaz tranziti üçün yalnız bir marşrutu qalıb, bu da Türkiyə vasitəsilə mümkündür.
Ərdoğan bildirib ki, "Ukrayna Slovakiyaya qaz tədarükünü dayandırıb". Putin isə qeyd edib ki, Rusiya Avropaya qaz tədarükündən heç vaxt imtina etməyib və münaqişəyə baxmayaraq, tranzit üçün ödəniş edib. "Sonra nədənsə, Kiyevdə kiminsə ağlına gəlib ki, bunu dayandırmaq lazımdır", - o, bildirib.
Ərdoğan dünya ictimaiyyətini İsraillə bağlı öhdəliklərini yerinə yetirməyə çağırış edib
Türkiyə lideri vurğulayıb ki, İsraillə HƏMAS arasında atəşkəs sazişinin bütün mərhələləri tam şəkildə həyata keçirilməli və Qəzzaya humanitar yardım fasiləsiz çatdırılmalıdır. "İsrailin HƏMAS-la bağlanmış atəşkəs sazişindən irəli gələn öhdəliklərini yerinə yetirməsini beynəlxalq ictimaiyyət təmin etməlidir", - deyə Ərdoğan bildirib. "Ankara 1967-ci il sərhədləri çərçivəsində, Şərqi Qüds paytaxt olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına qədər bu prosesi izləməyə davam edəcək".
Jurnalistlərdən biri Ərdoğana belə bir sual ünvanlayıb: "ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp son bəyanatlarında sizinlə yaxın dostluğunu dəfələrlə vurğulayıb. O, Türkiyənin bölgədəki gücünə diqqət çəkib. Bu sıx dostluq yeni dövrdə Türkiyə-Amerika münasibətlərinə necə təsir göstərəcək?"
Ərdoğan bu suala belə cavab verib: "Bizim üçün onun birinci prezidentlik dövründə qurduğumuz dostluğu qoruyub saxlamaq çox vacibdir". O, qeyd edib ki, Trampın seçkilərdə qalib gəlməsindən bir gün sonra onunla əlaqə saxlayıb və son dövrlərdə bir neçə ilkin söhbətləri olub.