"Yardım ABŞ prezidentinin xarici siyasətinə uyğunluğu yoxlanılana qədər dayandırılacaq..."
ABŞ-ın yeni prezidenti Donald Tramp inauqurasiyasından sonra ilk gündə ABŞ-ın bütün xarici yardım proqramlarını 90 günlük dayandıran fərman imzalayıb. Qeyd edək ki, Ukrayna ABŞ yardımının ən böyük alıcılarından biridir.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, fərmanın ilkin olaraq hansı yardım məbləğini əhatə edəcəyi hələlik aydın deyil, çünki bir çox proqramların maliyyələşdirilməsi üçün vəsait artıq Konqres tərəfindən ayrılıb və xərclənməlidir.
Fərmanda deyilir ki, "xarici yardım sənayesi və bürokratiyası ABŞ maraqlarına uyğun gəlmir və bir çox hallarda ABŞ dəyərlərinə ziddir" və "xarici ölkələrdə ahəngdar və sabit əlaqələrə əks olan ideyaları təşviq etməklə dünya miqyasında qeyri-sabitliyə səbəb olur".
Bu səbəbdən Tramp bəyan edib ki, "ABŞ-ın xarici yardımı artıq ABŞ prezidentinin xarici siyasətinə tamamilə uyğun olmayan şəkildə paylanmayacaq".
Trampın imzaladığı qərar bu cür qərarları ABŞ-ın İdarəetmə və Büdcə Məsələləri üzrə İdarəsi ilə məsləhətləşərək qəbul etmək hüququnu dövlət katibi Marko Rubioya və ya onun səlahiyyətli nümayəndəsinə verir.
Tramp uzun müddətdir xarici yardıma qarşı çıxır, baxmayaraq ki, bu, adətən federal büdcənin təxminən 1 faizini təşkil edir. İstisna hallara, məsələn, Ukraynaya milyardlarla dəyərində silah tədarükü daxildir. Tramp Rusiyanın işğalına qarşı Ukraynanın müdafiəsini gücləndirmək üçün ayrılan məbləği tənqidi qiymətləndirib.
"Associated Press"-in qeyd etdiyinə görə, ABŞ yardımının ən böyük alıcılarından bəziləri - İsrail (ildə 3,3 milyard dollar), Misir (ildə 1,5 milyard dollar) və İordaniya (ildə 1,7 milyard dollar) - kəskin ixtisarlarla üzləşməyəcək, çünki bu məbləğlər onilliklərə hesablanmış uzunmüddətli paketlərə daxil edilib və bəzi hallarda müqavilə öhdəlikləri ilə tənzimlənir.
Donald Tramp - xəbərlər
Tramp Ukraynadakı müharibə ilə bağlı ilk bəyanatlarını verib. O, Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək istədiyini bildirib və qeyd edib ki, "Ukrayna ilə Rusiya arasında müharibə ümumiyyətlə başlamamalı idi".
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts bildirib ki, yaxın perspektivdə ABŞ-ın Ukraynaya yardımını azaldacağını gözləmir.