Bugünlərdə Şuşa Regional “ASAN xidmət” mərkəzinə direktor təyinatı olub. Bu vəzifəyə uzun müddət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) çalışan, bu sahədə zəngin təcrübəyə malik olan Ülvi Həsənzadə təyin edilib.
Məlumat üçün qeyd edək ki, 2024-cü ilin iyulunda açılan Şuşa Regional “ASAN xidmət” mərkəzi sadəcə Şuşa, Xankəndi, Xocalı sakinlərinə deyil, ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.
Şuşada “ASAN xidmət”in açılması mədəniyyət paytaxtımızda və ətraf ərazilərdə məskunlaşan vətəndaşların dövlət xidmətlərindən daha asan və effektiv şəkildə faydalanmasını təmin edir ki, bu da vətəndaş məmnunluğunun artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Lakin Şuşa regional “ASAN xidmət” mərkəzinin fəaliyyətini önəmli edən digər bir amil də var ki, bu da Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni bu cür böyük, tarixi uğurlarla davam etdirməsi, bu zəfəri öz quruculuq və abadlıq siyasətində yüksək səviyyədə əks etdirməsidir.
Mədəniyyət paytaxtımızda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzi dövlətimizin quruculuq qüdrətindən, öz vətəndaşlarına xidmət əzmindən, işğaldan azad edilən torpaqların hər qarışına sahiblik ruhundan xəbər verir. Şuşada ucaldılan bu mərkəz bir kəs daha göstərdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə tarixi torpaqlarını erməni faşizmindən azad etməklə kifayətlənmədi. Bu əraziləri cənnətə çevirməklə torpağa və insana sevgi dolu münasibət ortaya qoydu, bu torpaqların əsl sahibinin kim olduğunu əməli baxımdan bir daha təsdiqlədi.
Bu mənada Şuşa regional “ASAN xidmət” mərkəzi zəfərimizin davamı, davamımızın zəfəri hesab edilə bilər.
Əminik ki, Şuşa regional “ASAN xidmət” mərkəzi hər zaman vətəndaşlarımızın məmnunluq mənbəyi olmaqla yanaşı, dövlətimizin gücünün, sonsuz əzəmətinin göstəricisi olaraq qalacaq və göstərdiyi hər xidmətlə işğaldan azad edilmiş torpaqlarımızın sakinlərinə xoş təbəssüm və sevinc bəxş edəcək.
Seymur ƏLİYEV