Hazırda Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədən bir qrup şəxsin - erməni separatçılarının məhkəmə prosesi gedir. Törətdikləri cinayətləri nəzərə alsaq, onların ağır cəzalar alacağı şübhəsizdir.
Maraqlıdır, separatçılar layiq olduqları cəzanı alandan sonra, bu, beynəlxalq aləmdə erməni diasporunun, erməni lobbisinin ölkəmizə qarşı siyasi və informasiya müstəvisində yeni təxribatlarına səbəb ola bilərmi? Azərbaycan yeni təzyiq və təxribat dalğasına hazırlaşmalıdırmı?
Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Qasımov ölkəmiz istənilən təxribata daim hazır olduğunu bildirib:
“Azərbaycan müstəqillik tarixinin ən vacib uğuruna imza atıb. Öz ərazisində süverenliyini bərpa edib, separatizmə son qoyub. Bununla kifayətlənməyib separatçı rejimin bütün öndə gələn canilərini həbs edib. İndi Azərbaycanda onlar üzərində tarixi məhkəmə prosesi keçirilir. Bu canilərin etdikləri cinayətlərə görə cavab vermək məqamı gəlib. Azərbaycan dövləti onların günahlarını sübut edən çoxsaylı dəlillərə və sübutlara malikdir ki, bunlar işğal dövründən toplanan materiallardır. Separatçı rejimin cinayətkar rəhbərləri layiqli cəzalarını alacağı mütləqdir.
Azərbaycan heç bir təzyiqə, hədəyə baxmadan separatizmin kökünü kəsib. Bundan sonrakı məqamda hansısa erməni lobbisinin və ya onların havadarlarının Azərbaycana qarşı atacağı addımlar bizim üçün əhəmiyyət kəsb etmir. Azərbaycan onların nə siyasi, nə də informasiya təxribatlarından çəkinir. Belə bir durum əksinə Ermənistan və ona arxa çıxmaq istəyənlərin başında çatlayacaq. Ermənistanın belə yiyə durmaq istəmədiyi bu canilərin Azərbaycan həbsxanalarında etdiklərinin cəzasını çəkməsi bütün Azərbaycan düşmənlərinə dərs olacaq.
Azərbaycan hər cür təxribata hazır olub, indi də hazırdır. Amma təxribatı etmək istəyənlər iki dəfə fikirləşsin. Separatçılarla Ermənistanın təhlükəsizliyi arasında seçim etsinlər, sonra qərar versinlər”.
Seymur ƏLİYEV