"Biz ümid edirik ki, Tramp komandası ilə dialoq bərabərlik və qarşılıqlı hörmət prinsipləri üzərində qurulacaq..."
Putin Trampı vəzifəyə başlaması münasibətilə təbrik edib, "xüsusi hərbi əməliyyat"ın məqsədlərini xatırladıb
Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi iclas zamanı Donald Trampı ABŞ prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
Kreml rəhbəri Moskvanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıq olduğunu vurğulayıb.
"Biz ABŞ-ın yeni seçilmiş prezidenti və onun komandası tərəfindən Rusiya ilə birbaşa əlaqələri bərpa etmək istəyini eşidirik. Bu əlaqələr bizim günahımızdan deyil, əvvəlki administrasiya tərəfindən kəsilib. Onun üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək zərurəti barədə açıqlamalarını da eşidirik. Şübhəsiz, bu yanaşmanı alqışlayırıq və ABŞ-ın yeni seçilmiş prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik", - Putin bildirib.
O, qeyd edib ki, Moskva "heç vaxt dialoqdan imtina etməyib və istənilən ABŞ administrasiyası ilə əməkdaşlıq etməyə həmişə hazır olub". Putin ümid etdiyini bildirib ki, Trampın komandası ilə dialoq "bərabərlik və qarşılıqlı hörmət prinsipləri" üzərində qurulacaq. Rusiya-Ukrayna müharibəsi ilə bağlı Putin vurğulayıb ki, "böhranı yaradan əsas səbəblər aradan qaldırılmalıdır".
"Vəziyyətin nizamlanması ilə bağlı isə bir daha qeyd etmək istəyirəm: onun məqsədi qısamüddətli atəşkəs və ya qüvvələrin yenidən qruplaşması və silahlanma üçün fasilə deyil, bu münaqişənin davam etdirilməsi üçün deyil, bu bölgədə yaşayan bütün xalqların qanuni maraqlarına hörmət əsasında uzunmüddətli sülh olmalıdır", - Putin qeyd edib.
O, Kremlin "Rusiya və rus xalqının maraqlarını müdafiə edəcəyini" vurğulayıb. "Əslində, xüsusi hərbi əməliyyatın məqsəd və mənası da məhz budur", - o, əlavə edib.
Bundan bir gün öncə Donald Tramp inauqurasiyadan əvvəlki son mitinqində Ukraynadakı müharibəni bitirəcəyini və üçüncü dünya müharibəsinin qarşısını alacağını bir daha vəd edib. CNN məlumat verib ki, Tramp öz köməkçilərinə vəzifəyə başladıqdan bir neçə gün sonra Putinlə telefon danışığı təşkil etməyi tapşırıb.
Amerikalı jurnalistlər qeyd edir ki, ABŞ və Rusiya liderləri arasında hər hansı danışıqlar prezident Co Baydenin yanaşmasından kəskin şəkildə fərqlənəcək. Bayden Putinlə təxminən üç ildir ki, danışmayıb.
"Tramp məsələlərə fərqli baxır. Onun düşüncəsinə bələd olan birinin dediyinə görə, Trampın mövqeyi belədir: Putinlə birbaşa ünsiyyət məhz müharibəyə son qoyacaq bir həll yolu tapmaq üçün lazımdır", - CNN yazır.
Hələlik Trampın Bayden administrasiyasının Kiyevə silah və kəşfiyyat məlumatlarının ötürülməsi strategiyasını davam etdirib-etdirməyəcəyi məlum deyil. Tramp həmçinin Ukraynanın bərpasını kimin maliyyələşdirəcəyini dəqiqləşdirməyib. Ancaq onun əvvəlki şərhlərinə əsasən ehtimal olunur ki, bu, ABŞ olmayacaq, CNN qeyd edib.