Bizi sosial şəbəkələrdən izləyin:
“Nə bu yaşıma kimi, nə də əminəm ki, bu yaşımdan sonra 20 yanvar tarixində ad günümü qeyd etməyəcəm. Şəhidlərimizin xatirəsi mənim üçün əzizdir. Onların ruhlarını narahat etməmək üçün bu günü xoş gün kimi qeyd etmirəm. Ya ad günümü 19-u, ya da 21-i qeyd etmişəm. Anamın bizə aşıladığı bir söz var idi ki, “həmin gecə neçə-neçə insan dünyadan köçdü, şəhid oldu. Millətimizin gözü ağlayanda mənim gözüm gülə bilməz” deyirdi anam. Bir də deyirdi ki, həmin gecə doğulan uşaqlar həmin gecə dünyadan köçən insanların yarım qalmış arzularını tamamlamaq missiyasını öz çiyinlərinə götürüblər. Bunu o qədər inanaraq, dərindən hiss edərək deyirdi ki, mən günü bu gün də inanıram ki, biz o insanların yarım qalan arzularını tamamlamaq, davam etdirmək üçün yaşayırıq. Bu vətənə layiq olmaq üçün cəhd etməliyik. Həyatda atdığımız bütün addımları ona hesablamalıyıq”
Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı, 1990-cı il yanvar ayının 20-də doğulan Jalə Həsənli deyib. O daha sonra əlavə edib:
“Qaranlıq bir gecədə, şam işığında, güllə səsi altında dünyaya göz açmışam. Bu gün isə vətənimizin işıqlı, parlaq günlərinə şahidlik edirəm. İllərdir ətrafıma da şərəfli və əzmkar insanları toplamağa çalışıram. Bu yaşıma qədər yaxşı dostlar qazanmışam, gözəl xatirələr toplamışam və nəticəsindən dərs çıxaracağım hadisələr yaşamışam. Ətrafımızda bu qədər çirkinliyin yaşandığı bir vaxtda özümə ancaq bir şeyi arzu edirəm: Allah ürəyimdən mərhəməti, başımdan ağlımı, yanımdan güvəndiyim, sevdiyim insanları əskik etməsin!". Qürurluyam. Fəxr edirəm ki, 20 yanvar günü dünyaya göz açmışam. Çətindir, amma dediyim kimi çox qürurlu gündür. Həmin gecənin verdiyi mübarizliyi, qorxmazlığı ruhumda hiss edirəm. İnşallah həmin gecə dünyadan köçən şəhidlərin adına layiq bir vətəndaş olmağı bacarmışam” deyə aparıcı bildirib.