Pul yoxdursa, müharibə də yoxdur - 12 martda Rusiya Ukrayna üçün güzəştlərə razı olacaq?
Ekskluziv
735
19 Jan 2025 | 21:53

Pul yoxdursa, müharibə də yoxdur - 12 martda Rusiya Ukrayna üçün güzəştlərə razı olacaq?

“Müharibə aparmaq üçün mənə üç şey lazımdır: birincisi pul, ikincisi pul və üçüncüsü pul." Böyük müharibələr aparan Napoleonun iki əsr əvvəl dediyi bu kəlamlar bu gün də müharibə edən dövlətlər üçün ən birinci zərurət olaraq qalır. Fərqi yoxdur, istəyir hücum edən tərəf ol, istəyirsə də hücuma məruz qalan. Rusiya-Ukrayna müharibəsi başlayan ilk gündən Ukraynanın Qərbdən öncə istədiyi maliyyə oldu, çünki Lazım olan silahlar da maliyyə ilə alınır, döyüşənə də pul verilir. Ukraynanın bu üç ildə durumu məlum:pul lazımdır. Bəs, Rusiya? Bəlkə də, müharibə başlayanda tezliklə bitirəcəyinə ümid edən Putin heç fikirləşməzdi ki, böyük resurslara malik Rusiya üçün maliyyə vəsaiti kritik həddə çata bilər. Üç ildir davam edən müharibə, iqtisadi sanksiyalar Rusiyanı o həddə çatdırıb ki, hazırda ona pul, pul və yenə də pul Ukraynadan da artıq lazımdır. Bu vəziyyəti diqqətlə izləyən ABŞ və qlobal Qərb Rusiya iqtisadiyyatını daha da çökdürmək üçün indiyədək tətbiq etdiyi sanksiya paketlərinin ən güclüsünü qəbul etdi.
 
Bu ilin yanvarın 10-da ABŞ administrasiyası Rusiya iqtisadiyatına, xüsusilə əsas gəlir mənbəyi olan neft sektoruna ciddi təsir edəcək növbəti sanksiya paketi qəbul etdi. Rusiyanın sanksiyalardan yayına bildiyi “ kölgə donanması” mərkəzi hədəflərdən biri oldu. 180 neft daşıyan tanker sanksiyaya məruz qalıb. Eyni zamanda onlara sığorta təminatı verən “İnqosstrax” və “ Alfastraxovanie” kompaniyaları da sanksiya hədəfləri olub.
 
 ABŞ-nin maliyyə naziri Cannet Ellen bildirib ki, “bu, Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirən gəlirinin azalmasına yönəlmiş ölçülərdir”. Bu proses, Rusiya qazının Avropaya verilməsini yeni ilin ilk günündən dayandıran Ukrayna ilə Qərbin koordinasiyalı siyasətinin davamıdır. Nə qazdan pul gəlsin, nə neftdən. Tanker donanmasının itirilməsi əhəmiyyətli dərəcədə enerji resurslarının daşınmasını məhdudlaşdıracaq.
 
ABŞ-nin yeni sanksiyası Avropa Şurasının 16 dekabr 2024-də qəbul etdiyi 15 paket sanksiyanı tamamlamış oldu. Avropa Şurası da Rusiyanın “kölgə donanmasına” yeni məhdudiyyətlər tətbiq edib. Təsadüfi deyildir ki, Ukrayna kəşfiyyatı 2024-cü il dekabrın sonunda Rusiya “kölgə donanmasına” məxsus 238 gəminin siyahısını dərc etmişdi. Eyni zamanda kəşfiyyatın məlumatına görə Rusiya 2023-cü ildə neft ixracından 188 milyard dollar qazanıb. Bu məqsədlə Rusiya Federasiyası “kölgə donanması”nın yaradılmasına 10 milyard dollar xərcləyib.
 
Sanksiyaların keçid dövrü bu ilin martın 12-dək olsa da, artıq hərəkətə keçib. Belə ki, “Bloomberg”in yazdığına görə 13 yanvar 2025-dən 2 milyon barreldən çox Rusiya nefti daşıyan üç gəmi ABŞ sanksiyasından sonra Çin sularında ilişib qalıb. Nəşrin yazdığına görə Rusiya neft tankerlərini Hindistan belə qəbul etməkdən imtina edib. Ümumiyyətlə isə, Reuters-in yazdığına görə yanvarın 13-dən Rusiyanın 65 neft tankeri müxtəlif yerlərdə, o cümlədən Rusiya və Çin sahillərində lövbər salıblar.  The Moscow Times 14 yanvar 2025 il sayında yazır ki, Rusiya neft şirkətləri yeni sanksiyalardan sonra 3,5 milyard dollar ucuzlaşıb.
 
Hindistan 27 fevraladək Rusiya nefti ilə tezliklə hesablaşmağa çalışır. Təsəvvür edin ki, Rusiya nefti Hindistanın tələbatının üçdə biri deməkdir. Sanksiyalara görə Çin və Hindistanın neft emalı zavodları artıq bütün dünyada neft tədarükü mənbələri axtarırlar. Hindistan və Çin çox güman ki, məhdudiyyətlərə məruz qalmayan nefti Yaxın Şərq, Afrika və Braziliyadan almağa çalışacaq. Yeni sanksiyalar tam gücü ilə 12 martdan başlayacaq və Rusiya bunun tam olaraq iyunun sonunda daha çox hiss edəcək.
 
Neft gəlirlərinin əhəmiyyətli bir hissəsinin itirilməsi, açar mexanizmlərin məhv edilməsi, neft mübadiləsi və iqtisadi vəziyyətin pisləşməsi - bütün bunlar ciddi iqtisadi problemlərə gətirib çıxaracaq ki, bu da son nəticədə zəifləyəcək Rusiyanın beynəlxalq aləmdəki mövqeyi və Ukraynada təcavüzkar müharibəni davam etdirmək qabiliyyətini zəiflədəcək.
 
Bu vəziyyəti səlahiyyətlərinin icrasına başlayan Donald Tramp daha yaxşı bilir, yaranmış və perspektiv situasiyaya uyğun tələblərlə Rusiya qarşısında güzəştlər paketi qoya bilər. Bu ilin mayın sonu Rusiya iqtisadiyyatının ən kritik dövrü başalayır.
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər