İsveç hərbçiləri ilk dəfə Rusiya sərhədi yaxınlığında NATO əməliyyatında iştirak edib
Ekskluziv
280
19:43, Bu gün

İsveç hərbçiləri ilk dəfə Rusiya sərhədi yaxınlığında NATO əməliyyatında iştirak edib

"İsveç taboru müharibənin qarşısını almaq üçün Latviyaya, dinc bir ölkəyə gəlib..."
 
İsveç Silahlı Qüvvələri NATO-nun himayəsi altında Rusiya sərhədləri yaxınlığında ilk əməliyyatda iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu barədə yerli SVT telekanalı məlumat verib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
 
Bildirilir ki, İsveç Rusiyanın Latviya ilə sərhədinə 600 nəfərlik bir tabor göndərib. Hərbiçilər dəniz yolu ilə daşınıb. İsveç kontingentinin göndərilməsi məxfi saxlanılıb, əsgərlərlə dolu gəmiləri həm krallığın Hərbi-Hava Qüvvələri, həm də Hərbi- Dəniz Qüvvələri qoruyub.
 
Bu, İsveç hərbçilərinin NATO-nun müntəzəm birləşmələrinin komandanlığı altına ilk dəfə keçməsidir. Xatırladaq ki, İsveç 2024-cü ildə Şimal Atlantik Alyansına üzv olub.
 
Jurnalistlər P7 Cənubi Skon Alayının rabitə rəisi, polkovnik Markus Nilssonla söhbət edib. O, bildirib ki, İsveç taboru "Latviyaya, müharibənin qarşısını almaq üçün dinc bir ölkəyə gəlib". "Biz çəkindirmək üçün buradayıq", - Nilsson vurğulayıb.
 
O, əlavə edib ki, İsveç bölməsi "əllərini qoyub oturmaq niyyətində deyil". Əsgərlərin tabor səviyyəsində təlimləri planlaşdırılıb, təlimlərdən kənar vaxtda isə onlar öz bölmələrində fiziki hazırlıqla məşğul ola bilər. Lazım gələrsə, İsveç hökuməti Latviyaya əlavə 200 hərbçi göndərəcək.
 
Bu cür logistik əməliyyat İsveç Silahlı Qüvvələrinin tarixində ilk dəfə həyata keçirilir. Sonuncu dəfə krallığın hərbi bölmələri Kosovodakı missiya çərçivəsində Avropa torpağında fəaliyyət göstərib. Daha sonra onlar Mali və Əfqanıstandakı münaqişə zonalarına göndərilib.
 
İsveç və Finlandiya Ukraynadakı müharibə fonunda NATO-ya üzv olub. Finlandiya 2023-cü ildə, İsveç isə 2024-cü ilin yazında Şimal Atlantik Alyansının üzvü olub.
 
Ukraynaya genişmiqyaslı hücumun səbəblərini izah edən Vladimir Putin müharibənin məqsədlərindən birinin NATO-nun genişlənməsinin və onun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını almaq olduğunu bildirib.
 
Lakin İsveç və Finlandiya alyansa üzv olmaq üçün müraciət etdikdən sonra Putin ritorikasını dəyişib. O, Moskvanın Skandinaviya dövlətlərinin NATO-ya üzvlüyünü əhəmiyyətli bir təhdid hesab etmədiyini bəyan edib.
Link kopyalandı!
Son xəbərlər