“İncəsənət milli-mənəvi dəyərlərin, vətənpərvərliyin təbliğində dövlət siyasətinə dəstək verməlidir. Çünki bu, xalqımızın, dövlətimizin gələcəyi, yüksəlişi baxımından həyati əhəmiyyətə malikdir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti qeyd edib ki, incəsənət bu kimi məsələlərdə dövləti tək buraxmamalıdır:
“44 günlük Vətən müharibəsi göstərdi ki, dövlətin, xalqın uğuru, mənəvi yüksəlişi üçün gənclərin milli-mənəvi dəyərlərə bağlılığı, yüksək vətənprəvərlik hissinə malik olması olduqca vacibdir. Məhz mənəvi dəyərlərə, vətənin taleyinə olan dərin bağlılıq xalqı ən ağır mübarizələrdən qalib çıxarır, onu yeni zəfərlərə aparır.
Bu baxımdan incəsənət dövlətimizin ölkə gəncliyi ilə bağlı siyasətini dəstəkləməli, onları qəhrəmanlığa səsləyən maraqlı, böyük əsərlər yaratmalıdır. Belə olarsa, o zaman biz gələcəkdə də vətənpərvər, mübariz gəncliyə şahid olacağıq”.
Seymur ƏLİYEV