“Bu gün Ermənistana dəstək verən Qərb dövlətləri əldə etdikləri var-dövlətləri dəhşətli cinayətlər, işğallar hesabına əldə ediblər”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, keçmişində işğalçılıq siyasəti dayanan ölkələrin bu gün Ermənistan kimi təcavüzkar dövlətə yardım etməsi təsadüfi deyil:
“Ermənistana hərbi-siyasi və iqtisadi dəstək verən bu dövlətlər vaxtiylə dünyanın bir çox bölgələrində - xüsusilə də Asiya, Arika, Amerika qitələrində böyük işğallar, istilalar həyata keçirib, yüz minlərlə insanı qətlə yetiriblər. Onlar işğal etdikləri ərazilərdə yerli xalqlara məxsus sərvətləri zəbt edərək öz ölkələrinə daşıyıblar. Bu proses, on illərlə, əsrlərlə davam edib. İndi həmin ölkələr Ermənistana dəstək verməklə öz kimliklərini, hansı dəyərlərə sahib olduqlarını bir daha yada salırlar. Əli qana batan bu dövlətlər terrorçu Ermənistana dəstək verməklə bir daha göstərirlər ki, onların əsl məqsədi ədaləti yox, öz maraqlarını təmin etməkdir”.
Xatırladaq ki, Avropa dövlətləri içərisində Fransa Ermənistanın açıq şəkildə silahlandırılmasını həyata keçirir ki, bu fakt Azərbaycan ictimaiyyəti, eləcə də Prezident İlham Əliyev tərəfindən ciddi tənqid edilməkdədir.
Seymur ƏLİYEV