Bu davranışlar tərbiyədə şüurlu yanaşmanın, hörmətin, dəstəyin və qayğının vacibliyini vurğulayır...
Uşaqların tərbiyəsi mürəkkəb və məsuliyyətli bir işdir. Lakin bir çox valideyn bu prosesin bütün incəliklərini dərk etmir ki, bu da səhvlərə və psixoloji travmalara səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Yourtango" nəşri yazıb.
Məqalədə yazıçı və psixoloq Marielisa Reyyes uşaqların böyüyərkən nifrət etdiyi 10 valideyn davranışını sadalayıb.
Şəxsi sərhədlərin pozulması
Bir çox valideyn uşaqların şəxsi məkanına hörmət etmir. Psixoterapevt Şon Qroverin fikrincə, bu cür uşaqlar böyüdükdə şəxsi sərhədlər yaratmağa çalışır, lakin çətinlik çəkir, çünki onlara uşaqlıqdan müstəqilliyə can atmağın təkəbbürlük olduğu öyrədilib.
Günah hissinin yüklənməsi
Uşaqlara öz səhvlərinin məsuliyyətini yükləyən valideynlər onlarda inciklik və qəzəb yaradır. Klinik psixoloq Daniel Lobelin fikrincə, belə uşaqlar böyüyəndə inam və yaxınlıq qurmaqda çətinlik çəkir.
Üzr istəməmək
Səhvlərini etiraf etməyən valideynlər uşağın özünəinamını zəiflədir. Bu, uşaqda dəyərsizlik və ədalətsizlik hissi yaradır.
Cəza olaraq alçaltma
Psixoloq Marlena Romero vurğulayır ki, alçaldıcı ifadələr, xüsusilə də ictimaiyyət qarşısında baş verdikdə, uşaqda komplekslərin formalaşmasına səbəb olur.
Həddindən artıq himayə
Araşdırmalar göstərir ki, həddindən artıq qayğı uşağın özünəinamını azaldır, onun müstəqil qərarlar qəbul etməsinə mane olur.
Agressiv davranış
Zorakı rəftar uşağın təhlükəsizlik hissini məhv edir və emosional gərginlik yaradır. Bu, valideynlərlə əlaqələrin pozulmasına səbəb ola bilər.
Gerçək olmayan gözləntilər
Uşaqdan həddindən artıq çox şey gözləmək, adətən, valideynlərin öz uğursuzluqlarını kompensasiya etmək istəyindən irəli gəlir. Bu, uşaqlarda depressiya və narahatlıq problemlərinə yol açır.
Maliyyə nəzarəti
Uşağın maliyyə azadlığını həddən artıq məhdudlaşdırmaq onun psixoloji müstəqilliyinə mənfi təsir edir. Bunu müxtəlif araşdırmalar təsdiqləyir.
Uğurların kiçildilməsi
Psixoterapevt Enni Rayt qeyd edir ki, bəzi valideynlər uşaqlarının nailiyyətlərinə qısqanclıqla yanaşır və onların əhəmiyyətini azaltmağa çalışır. Bu, uşağın özünə hörmətini sarsıdır.
Dəstək olmamaq
Valideynlər uşağın uğurlarını tanımaqdan imtina etdikdə, bu, onda lazımsızlıq və təklik hissi yaradır.
Bu davranışlar tərbiyədə şüurlu yanaşmanın, hörmətin, dəstəyin və qayğının vacibliyini vurğulayır.