Ekskluziv
442
17:11, Bu gün

"İsrail hökuməti HƏMAS-la atəşkəs razılaşmasını təsdiqləyib" - "Reuters"

 
"Netanyahunu HƏMAS-la razılaşmanı sürətləndirməyə kim məcbur edib?.."
 
İsrail Nazirlər Kabineti HƏMAS qruplaşması ilə atəşkəs və Qəzza bölgəsində girovların azad edilməsi haqqında razılaşmanı təsdiqləyib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
"Hökumət girovların geri qaytarılması çərçivəsini təsdiqləyib. Girovların azad edilməsi çərçivəsi bazar günü qüvvəyə minəcək", - məlumatda deyilir.
 
Razılaşma altı saatdan çox davam edən iclasdan sonra təsdiqlənib. 33 nəfərdən ibarət nazirlər qrupu, cümə günü təhlükəsizlik kabineti tərəfindən irəli sürülən tövsiyədən sonra razılaşmanı təsdiqləyib. Hökumətdə 24 nazir razılaşmanın lehinə, 8 nəfər isə əleyhinə səs verib.
 
İsrail və HƏMAS arasında razılaşmanın sürətlə əldə olunmasında Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff mühüm rol oynayıb. Bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, biznesmen Doha şəhərinə gələrək ərəb vasitəçilərinə bildirib ki, danışıqları uzatmağın vaxtı keçib və razılaşma imzalanmalıdır. Daha sonra Vitkoff Təl-Əvivə gələrək baş nazir Benyamin Netanyahuya eyni tələbi irəli sürüb: qərar qəbul edilməli və İsrail nümayəndələrinə sazişi bağlamaq üçün səlahiyyətlər verilməlidir, əks halda danışıqları aparan heyət işini dayandırıb geri dönə bilər.
 
Nyu-Yorkdan olan daşınmaz əmlak üzrə investorun, yenidən ABŞ prezidenti olmağa hazırlaşan digər bir biznesmenin təlimatı ilə seçdiyi qeyri-adi yanaşma həlledici olub: bütün tərəflər geri addım ataraq razılaşmanı bağlamağa tələsib. Bu, Bayden administrasiyasının bir il ərzində nail ola bilmədiyi bir nəticədir.
 
Bundan qısa müddət öncə Tramp xəbərdarlıq edib ki, girovlar azad edilməsə, Yaxın Şərqdə "cəhənnəm" yaradacaq. Bu xəbərdarlıq həm İsrailə, həm də HƏMAS-a aid olub.
 
"Prezident İsrailin böyük dostu olub. İndi buna dostluqla cavab verməyin vaxtıdır", - məlumatda deyilir. Baş nazir dərhal reaksiya verərək "Mossad" rəhbərini Dohaya göndərib və ona razılaşmanı bağlamaq üçün səlahiyyətlər verib. Bir həftə sonra danışıqlar uğurla başa çatıb.
 
Məqalədə qeyd olunur ki, bu yaxınlarda imzalanmış razılaşmanın şərtləri, əslində, keçən ilin yazında Bayden administrasiyası ilə aparılan danışıqlarda müzakirə edilənlərə çox bənzəyir. Lakin hazırkı vəziyyətdə dönüş yalnız Vaşinqtondakı siyasi vəziyyətin dəyişməsi ilə deyil, həm də Netanyahunun mövqeyinin güclənməsi ilə bağlıdır.
 
Son altı ayda İsrail regionda əhəmiyyətli nailiyyətlər əldə edib: "peycerlər əməliyyatı" və "Hizbullah" rəhbərliyinin məhv edilməsindən sonra bu təşkilatın gücü əhəmiyyətli dərəcədə azalıb, Suriyada Əsəd rejiminin çökməsi isə şiə ittifaqına ağır zərbə vurub. Qəzzada isə HƏMAS-ın lideri Yahya Sinvar məhv edilib.
Link kopyalandı!
Son xəbərlər