20 Yanvardan sonra Tramp da Buş kimi Putinə deməyəcək ki, “Ukraynadakı işğal, qətliam sənin daxili işindir”?.. 
Ekskluziv
372
12:34, Bu gün

20 Yanvardan sonra Tramp da Buş kimi Putinə deməyəcək ki, “Ukraynadakı işğal, qətliam sənin daxili işindir”?.. 

“Putin və Tramp yenə də torpaq bölüşdürəcəklər, dünyanı bölüşdürəcəklər. Tramp Putinə Ukraynanı verəcək, özü isə Kanada və Qrenlandiyanı götürəcək...”
 
Qarşıdan 20 Yanvar qətliamının 35-ci ildönümü gəlir. ABŞ-də isə həmin gün hər 4 ildən bir olduğu kimi, bu dəfə də bir növ təntənə günüdür – yeni seçilmiş prezident Trampın andiçmə mərasimi keçiriləcək. Yaxşı yadınızda olar, o vaxt bir il öncə ABŞ prezidenti seçilmiş ata Corc Buş Bakıda sovet-rus ordusunun Azərbaycan xalqının başına gətirdiyi faciə haqda demişdi ki, bu, SSRİ-nin daxili işidir.  Görəsən, bu dəfə də yeni seçilmiş prezident Donald Tramp 20 yanvarda and içib fəaliyyətə başladıqdan sonra Rusiyadakı həmkarı Vladimir Putinə deyəcək ki, keçmiş sovet məkanında, xüsusən də Ukraynada törətdiyin faciələr, işğal, qətliam sənin daxili işindir və Ukraynadakı müharibənin durdurulması üçün heç nə etməyəcək?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib:
 
“Əfsuslar olsun ki, bu günədək ABŞ-nin və onun prezidentlərinin mahiyyətini Azərbaycan mediası  açmır, ümumiyyətlə, imperialist siyasətinin və xalqların maddi sərvətlərinin istismarı haqda heç nə yazmırlar... Və dərinə getsək, görərik ki, 20 yanvarı törədənlərin başında Mixail Qorbaçov dururdusa da, əslində o, Qərbin agenti çıxdı. Deməli, onun Azərbaycan xalqına qarşı qırğın törətməsinə Corc Buş  dəstək oldu. Başqa sözlə, ABŞ lideri SSRİ-ni dağıtmaq üçün Qorbaçova dayaq durdu...
 
Ukrayna müharibəsi, əvvəllər də dediyim kimi, ilk növbədə ABŞ-nin Rusiya ilə birgə Avropa İttifaqını dağıtmaq və yaxud Amerikanın satellitinə çevirməsi üçün ortaya atılmış bir oyundur. Bu mənada Ukrayna geo-siyasi və hərbi poliqonunda Rusiyanın deyil, Avropanın taleyi həll olunmaqdadır. ABŞ sanksiyaları Avropanı Rusiyanın xammalından uzaqlaşdırdı. Aydındır ki, SSRİ dağılandan sonra Avropa üçün ABŞ öz əhəmiyyətini itirdi və Rusiya xammalı Avropa iqtisadiyyatının lokomotivinə çevrildi. Belə getsəydi, Avropa Birləşmiş Ştatları “yeyəcəkdi”... Ukraynada başladılan müharibə isə Amerikanın Hərbi Sənaye kompleksini bərpa etdi və Avropanı ABŞ silahından asılı vəziyyətə saldı. Bu saat Avropanın ən aparıcı iqtisadi ölkələri Fransa və Almaniyanın vəziyyəti acınacaqlıdır. Aİ dağılmaqdadır. ABŞ xarici siyasətinin indiki mahiyyəti  də eyni imperialist siyasətinin davamıdır...  Putin və Tramp yenə də torpaq bölüşdürəcəklər, dünyanı bölüşdürəcəklər. Tramp Putinə Ukraynanı verəcək, özü isə Kanada və Qrenlandiyanı götürəcək...
 
Bununla belə,  Rusiyanın müharibəni dayandıracağı ehtimalı yoxdur, çünki Rusiya Ukraynada müharibə etməklə UDM-ni artırmaqdadır, yəni varlanmaqdadır. Rusiyanın hərbi sənaye kompleksi bu günə qədər hələ 60-70  faiz  bərpa olunub. Bu səbəbdən də Putin çalışır ki, Ukraynada müharibəni uzatsın və nəticədə ÜDM-i daha da artırsın... ABŞ statistikası və BVF göstəricilərinə arxalansaq, Ukrayna ilə müharibəyə başlayan Rusiyanın 2,2. trilyon dollarlıq ÜDM-i vardı  bir ildən sonra 6,4 trilyon oldu. Bəzi fərdlər Rusiyanın dağılacağından dəm vururlar. Təkcə bir ilin göstəricisinə baxsaq, görərik ki, Rusiya necə güclənir. ABŞ kimi müharibə etməklə... Deməli, Trampın müharibəni dayandırmaq tələbinə Putin məhəl qoymayacaq...”
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər