Ekskluziv
607
17 Jan 2025 | 17:37

"2024-cü ildə Ukraynada müharibə nəticəsində mülki itkilərin sayı 30 faiz artıb" - BMT

 
"Rusiya üç ilə yaxındır ki, Ukraynanın mülki şəhər və qəsəbələrinə raket zərbələri endirir və hava hücumları həyata keçirir..."
 
2024-cü ildə BMT Ukraynada mülki əhali arasında itkilərin artmasının şahidi olub.
 
Moderator.az xəbər verir ki, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo məlumat verib. Məlumatı "unn.ua" nəşri yayıb.
 
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatına görə, ötən il öldürülən və yaralanan mülki şəxslərin ümumi sayı əvvəlki illə müqayisədə 30 faiz artıb", - deyə o, təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
 
Hesabatında Dikarlo qeyd edib ki, "2024-cü ilin ilk üç rübündə münaqişə nəticəsində ölən və ya yaralanan uşaqların sayı 2023-cü ilin tamamında qeydə alınan rəqəmlərdən çox olub".
 
Ali Komissarlığının məlumatlarına istinad edən Dikarlo, dekabrın 31-nə olan məlumata görə, müharibə başladığı gündən bəri Ukraynada azı 12 456 mülki şəxsin, o cümlədən 669 uşağın həlak olduğunu bildirib. Daha 28 382 mülki şəxs, o cümlədən 1833 uşaq yaralanıb. "Əsl rəqəmlər, çox güman ki, daha yüksəkdir",  - deyə BMT rəsmisi əlavə edib.
 
Bundan başqa, Dikarlo 2024-cü ildə məktəblərə və xəstəxanalara hücumların artdığını bildirib. Doqquz ay ərzində 580-dən çox təhsil və tibb müəssisəsi zədələnib və ya tamamilə məhv edilib.
 
Son iki həftədəki hərbi əməliyyatlar isə yeni köçkün dalğasına səbəb olub. Əsasən Donetsk və Xarkov vilayətlərində olmaqla, 1600-dən çox insan, o cümlədən uşaqlar cəbhəyanı əraziləri tərk edib.
 
Hesabatını yekunlaşdırarkən Dikarlo beynəlxalq ictimaiyyəti "Ukrayna üçün 2025-ci il Humanitar planına hərtərəfli dəstək göstərməyə və getdikcə çətinləşən və təhlükəli şəraitdə əməliyyatların həyata keçirilməsinə kömək etməyə" çağırıb.
 
Rusiya Federasiyası artıq üç ilə yaxındır davam edən müharibə boyunca Ukraynanın mülki şəhər və qəsəbələrinə mütəmadi olaraq raket zərbələri endirir və hava hücumları həyata keçirir.
 
Elə bu gün də Krivoy Roq hücuma məruz qalıb. Hücum nəticəsində dörd nəfər həlak olub. Beş nəfər yaralanıb, onlardan üçü ağır vəziyyətdədir.
 
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiyanın hücumu nəticəsində bir təhsil müəssisəsi və iki beşmərtəbəli yaşayış binası zədələnib. Monitorinq qruplarının məlumatına əsasən, şəhərə iki "İsgəndər-M" ballistik raketi atılıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər