"Şimali Koreya qüvvələrinin itki sürəti 2024-cü ilin dekabrından bu yana gündə təxminən 92 nəfər təşkil edib..."
Ukraynanın müdafiə qüvvələrinə qarşı Kursk vilayətində döyüşən, təxminən 12 min nəfərlik Şimali Koreya kontingenti üç ay ərzində tamamilə məhv edilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri yazıb.
Analitiklər xatırladır ki, 2025-ci ilin yanvar ayının əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski Kursk vilayətində 3800 Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını bəyan edib.
Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, yanvar ayının ortalarına qədər 300 Şimali Koreya əsgəri döyüşdə öldürülüb, 2700 nəfər isə yaralanıb. Beləliklə, Şimali Koreya qüvvələrinin itki sürəti 2024-cü ilin dekabr ayının əvvəllərindəki döyüşlərdən bu yana gündə təxminən 92 nəfər təşkil edib.
"Bildirilir ki, Şimali Koreya Kursk vilayətinə təxminən 12.000 hərbçi göndərib və bu kontingent, indiki itki sürəti davam edərsə, təxminən 12 həftə ərzində (2025-ci ilin aprel ayının ortalarına qədər) tamamilə məhv edilə və ya sıradan çıxarıla bilər", - hesabatda bildirilir.
ISW qeyd edir ki, KXDR qoşunlarında yaralıların ölənlərə nisbəti daha yüksək olaraq qalır ki, bu da silahlı münaqişələr üçün xarakterikdir. Bununla belə, yaralıların döyüşə qayıdıb-qayıtmayacağı və ya nə vaxt qayıdacağı hələlik məlum deyil.
KXDR əsgərləri Kursk vilayətində
"Forbes" yazır ki, KXDR-in Kursk vilayətinə göndərdiyi əsgərlərin üçdə biri artıq öldürülüb və ya yaralanıb. Bu qədər çox əsgərin məhv edilməsi pilotsuz uçuş aparatlarının fəaliyyətilə bağlıdır.
Hərbi ekspert Yevgeni Dikiy daha əvvəl KXDR ordusunun müharibədə iştirakı barədə danışıb. Onun sözlərinə görə, bu əsgərlər Rusiya üçün adi "top yeminə" çevrilib və Kursk vilayətində düşmənə ciddi bir müsbət nəticə qazandıra bilməyib.
Ukrayna prezidenti Vladimir Zelenski KXDR lideri Kim Çen Ina təklif edib ki, hərbi əsirlər Rusiya əsirliyində olan Ukrayna əsgərləri ilə dəyişdirilsin. "Qayıtmaq istəməyən Şimali Koreya əsgərləri üçün başqa yollar da ola bilər. Xüsusən, bu müharibə haqqında həqiqəti Koreya dilində yayaraq sülhə yaxınlaşmağa kömək etmək istəyənlər bu imkandan istifadə edə bilər", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, dünyanın heç bir yerində Rusiyanın Şimali Koreyadan aldığı hərbi yardımlardan asılı olduğu barədə şübhə qalmamalıdır. "Rusiya prezidenti Putin üç il öncə NATO-ya ultimatum verməklə və tarixi yenidən yazmağa cəhd edib, indi isə Pxenyandan gələn hərbi yardımsız keçinə bilmir", - Zelenski vurğulayıb.