Əsir düş ki, azadlığa qovuşasan - ŞƏRH
Ekskluziv
809
17 Jan 2025 | 15:20

Əsir düş ki, azadlığa qovuşasan - ŞƏRH

Ukrayna cəbhəsindən aldığımız məlumatlar içərisində fərqli xəbər yəqin ki, Şimali Koreya əsgərlərinin ilk əsir düşməsi ilə bağlı oldu. Rusiya keçən il dekabrın əvvəllərində Kursk istiqamətində Şimali Koreya əsgərlərini hücum əməliyyatlarında istifadə etməyə başladı və elə ilk günlərdə 300 koreyalı əsgər öldürüldü, 2700 əsgər isə yaralandı. Bu barədə Cənubi Koreyanın “Yonxal” informasiya agentliyi 13 yanvar 2025-ci ildə xəbər yaydı. Cənubi Koreyanın kəşfiyyat xidməti (NİS) Şimali Koreya əsgərlərinin kütləvi itkilərini “müharibə aparmağın müasir metodlarını anlamaması” ilə əlaqələndirib. 
 
Rusiya prezidenti Vladimir Putin hələ müharibə başlamazdan əvvəl NATO-nu hədələyib, tarixi yenidən yazacağını fəxrlə deyirdi. Amma, üç ildir davam edən Ukrayna müharibəsi isə bütün dünyaya sübut etdi ki, Rusiya ordusu təsəvvür olunandan çox zəifdir və Şimali Koreyanın hərbi yardımından asılıdır. Ukrayna prezidenti Zelenski koreyalı əsirləri ukraynalı əsirlərlə dəyişmək təklifi ilə çıxış etsə də, Cənubi Koreya dövləti həmin əsirlərin onlara təhvil verilməsini məqsədəuyğun hesab etdiyini bildirib. Ukrayna Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi isə bildirib ki, koreyalıların əsir düşməsinin özü ciddi və lazım olan bir faktdır, üstəlik bu əsirlərdən əldə ediləcək informasiyaların hərbi və siyasi əhəmiyyəti də çox böyükdür. Ukrayna XİN rəhbəri Andrey Siqiba isə koreyalı əsirlərə görə dünya liderlərinin onları təbrik etdiklərini  bildirib.
 
 
Maraqlı faktlardan biri odur ki, əsir düşən bəzi şimali koreyalı hərbiçilər bir daha Şimali Koreyaya qayıtmaq istəmədiklərini bildiriblər. Totalitar rejimdən canlarını qurtarmaq istəyən koreyalı üçün əsir düşmə bir fürsət kimi dəyərləndirilir. Cənubi Koreya isə bu məsələ ilə əlaqədar bildirib ki, Şimali Koreya əsgərləri Konstitusiyaya görə onların vətəndaşları sayılır, çünki bütün Koreya yarımadası Cənubi Koreya dövlətinin ərazisi hesab edilir.  Kreml isə koreyalı əsirlərlə bağlı susqunluğunu davam etdirir. Şimali Koreya lideri Kim Çın In Moskvanı əsirləri geri almağa məcbur edir, çünki bilir ki, əsir düşənlərin əksəriyyəti könüllü olaraq əsasən Cənubi Koreyaya getməyi seçəcək. 
 
Şimali Koreya hərbiçiləri yaxşı bilirlər ki, əsirlikdən sonra vətənə dönsələr, onsuz da onları ölüm gözləyir. Vaxtilə İkinci Dünya müharibəsində SSRİ də, almanlara əsir düşənləri xain və casus hesab edib, yenidən həbs düşərgələrinə göndərdiyi kimi, Şimali Koreya rejiminin də əsir düşənlərlə eyni rəftar edəcəyi daha çox koreyalıların özünə məlumdur. Şimali Koreya hərbiçiləri üçün doğrudan da fürsət yaranıb. Bu fürsətin adı belədir:” Əsir düş ki, azad olasan”.
 
 Moderator.az
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər