Böyük Britaniyanın baş naziri Key Starmerin Kiyevə səfəri zamanı bu ölkə ilə imzalanmış yüzillik müqavilə qapalı, məxfi hissəyə malikdir.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı, yanvarın 16-da ənənəvi axşam müraciətində danışıb.
Onun sözlərinə görə, bu sazişin imzalanması “əsas etibarilə yeni münasibətlər formatına” çevrilib.
“Hazırda ən yaxın əlaqələr Ukrayna və Britaniya arasındadır və Britaniya ilə yüzillik müqaviləyə daxil etdiyimiz bəzi şeylər, şübhəsiz ki, tərəfdaşlığımızı inkişaf etdirərək digər ölkələrlə də edilə bilər. “Daha çox müdafiə əməkdaşlığı, daha çox təhlükəsizlik”, - deyə prezident vurğulayıb.
Vladimir Zelenski qeyd edib ki, Ukrayna 2025-ci il üçün Britaniyadan 6,6 milyard dollar hərbi yardım alacaq ki, bunun da 3 milyard dollardan çoxu illik məcburi məbləğdir.
Bundan əlavə, saziş iqtisadi, texnoloji və təhsil sahəsində əməkdaşlığı nəzərdə tutur - bizim məktəb və universitetlərimizin Britaniya məktəbləri ilə birgə inkişafını... Sövdələşmənin qapalı, məxfi hissəsi də var. Həqiqətən bizə sabitlik və inkişaf etmək imkanı verən hər şey", - deyə Ukrayna prezidenti qeyd edib.
Vladimir Zelenski həmçinin bildirib ki, o, Böyük Britaniyanın baş naziri ilə dünən Ukraynanın dron istehsalçılarına baş çəkib.
“Bu, hazırda Ukraynada istehsal olunan silah növüdür və onu burada istehsal etmək Avropanın hər yerindən daha sərfəlidir. Və biz daim pilotsuz təyyarələrimizi daha səmərəli edirik. Ukrayna pilotsuz təyyarələrinin istehsalına tərəfdaşlar tərəfindən daha çox sərmayə qoyulacaq. Bu il pilotsuz təyyarələrimizin həcminə görə rekord il olmalıdır”, - deyə Ukrayna lideri söz verib.
Xatırladılır ki, Böyük Britaniyanın baş naziri Key Starmer yanvarın 16-da elan olunmamış səfərlə Kiyevə gəlib. Bu, onun iyulda vəzifəyə başladıqdan sonra Britaniya hökumətinin başçısı kimi Ukraynaya ilk səfəridir.
S.Laçın