Ekskluziv
248
20:35, Bu gün

"Kreml indiyədək öz strateji hədəflərinin heç birinə nail ola bilməyib..."

NATO ölkələri dünya üzrə artan qeyri-sabitliyə qarşı durmaq üçün müdafiələrini gücləndirməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte yanvarın 15-də Brüsseldə, NATO-nun mənzil-qərargahında müdafiə qərargahı rəislərinin görüşündə bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Təcavüzkar Rusiya Ukraynaya qarşı müharibəni davam etdirir. Rusiyanın bizim öz ölkələrimizə qarşı kiberhücumlar, sui-qəsdlər, sabotaj aktları və başqa yollarla düşmənçilik hərəkətləri sürətlənir. Biz bunu hibrid müharibə adlandırmağa öyrəşmişik. Amma bunlar sabitliyin pozulması aktları və kampaniyalarıdır. Rusiya demokratiyalarımızı zəiflətmək və azadlığımıza müdaxilə etmək üçün çox çalışır və  o, tək deyil. Yanında Çin, Şimali Koreya və İran var", - deyə Rütte qeyd edib.
 
Onun sözlərinə görə, terrorçuluq, nüvə silahının yayılması, dezinformasiya və iqlim dəyişikliyi kimi bir çox digər təhlükələr qalmaqdadır. Rütte vurğulayıb ki, NATO təhlükəsizliyi təmin etməyi bilir və bunun üçün çox işlər görür. Məsələn, müttəfiqlər müdafiəyə investisiyalarını artırır, hərbi planlar tərtib edir və daha genişmiqyaslı hərbi təlimlər keçirir.
 
"Və bütün bunlar vacibdir, lakin qarşıdakı dörd-beş ildə qarşımıza çıxacaq təhlükələrlə mübarizə aparmaq üçün kifayət deyil. Müharibənin qarşısını almaq üçün biz ona hazırlaşmalıyıq. Hərbi düşüncə tərzinə keçməyin vaxtı gəlib çatıb. Bu da o deməkdir ki, müdafiəmizi daha da gücləndirmək, müdafiə sahəsinə daha çox vəsait xərcləmək və daha müasir müdafiə imkanları yaratmaq lazımdır", - deyə NATO baş katibi vurğulayıb. O, həmçinin "müharibınin gedişini dəyişdirmək üçün" Ukraynaya daha çox dəstək verməyə çağırıb.
 
NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer isə bildirib ki, Alyansın vəzifəsi həm çəkindirmə və müdafiəni gücləndirmək, həm də Ukraynanı Rusiyaya qarşı müqavimətində dəstəkləməkdir.
 
"Gerçəklik budur ki, Kreml indiyədək öz strateji hədəflərindən heç birinə nail ola bilməyib. 700 min rusiyalı öldürülüb və yaralanıb. Və Rusiyanın bütün əhalisi müharibədən əziyyət çəkir. Bu vaxt ukraynalılar işgəncələrə, təcavüzlərə, uşaqların və böyüklərin oğurlanmasına, kimliklərinin tam inkar edilməsinə, filtrasiya düşərgələrinə və kütləvi məzarlıqlara məruz qalırlar. Burada azadlıq uğrunda mübarizə pafoslu bir şüar deyil. Bu, onların hər gün etdikləridir. "Suverenlik" mücərrəd termin deyil. Bu, öz taleyini özünün təyin etməsi ilə onun Moskvadan təyin edilməsi arasındakı fərqdir", - deyə o bildirib.
 
Bauer vurğulayıb ki, Ukrayna NATO-nun tam dəstəyinə ehtiyac duyur və buna layiqdir. Onun sözlərinə görə, bu dəstək "xeyriyyəçilik" deyil, Alyansın siyasi və hərbi maraqlarına tamamilə uyğundur. "Dünyaya göstərməliyik ki, demokratiya qalib gələ bilər və qalib gələcək. Və bu demokratiya uğrunda mübarizə aparmağa dəyər", - deyə admiral əlavə edib.
 
15-16 yanvar tarixlərində keçirilən görüş Alyansın müdafiə və çəkindirmənin gücləndirilməsi, NATO-nun dünya üzrə tərəfdaş münasibətlərinin möhkəmləndirilməsi, eləcə də Rusiyanın təxribatçı təcavüzünə qarşı Ukraynanın dəstəklənməsinə həsr olunub. 
 
NATO-nun saytında bildirilir ki, iki gün ərzində NATO-ya üzv ölkələrin müdafiə qərargah rəisləri NATO-nun tərəfdaş ölkələrinin hərbi orqanları ilə bir araya gələrək dünyadakı qeyri-sabitliklə birlikdə necə mübarizə aparmağın ən yaxşı yollarını müzakirə edəcək. Gündəliyə 2030-cu ilə qədər çoxşaxəli Alyansın formalaşdırılması məsələsi daxildir.
Link kopyalandı!
Son xəbərlər