"Həbsdə olanların evlərinə dönməsindən daha üstün yəhudi dəyəri yoxdur..."
İsrail prezidenti İshak Hersoq hökuməti Qəzzada atəşkəs və girovların azad olunması ilə bağlı razılaşmanı təsdiqləməyə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat yayıb.
Prezident Qüdsdəki iqamətgahında vətəndaşlara ünvanladığı videomüraciətində "Baş nazir və danışıqlar qrupunun razılaşmaya nail olmaq üçün göstərdiyi səyləri dəstəklədiyini" bildirib.
Hersoqun fikrincə, təhlükəsizlik məsələləri kabineti və ardınca bütün hökumət çərçivə sənədinə səs verməli və razılaşmanı təsdiqləməlidir ki, "bizim oğullarımız və qızlarımız evə qayıtsın". "Həbsdə olanların evə qaytarılmasından daha üstün yəhudi dəyəri yoxdur," - deyə İshak Hersoq vurğulayıb.
Prezident qeyd edib ki, girovların azad edilməsi və atəşkəslə bağlı razılaşmanın bir çox elementləri, o cümlədən İsrail həbsxanalarından məhkum olunmuş ərəblərin azad edilməsi ölkə üçün çətin olsa da, zəruridir.
"Bu razılaşma təsdiqlənib həyata keçirildikdə çox ağrılı, mürəkkəb və ağır anlar gətirəcək," - deyə Hersoq xəbərdarlıq edib. "Mən bu müqavilənin yaratdığı qorxu və ağrılara hörmətlə yanaşır və hisslərinizi bölüşürəm".
Prezident bildirib ki, Qəzzada bir ildən çox davam edən hərbi əməliyyatlar nəticəsində "böyük qurbanlar və təhlükəsizlik, diplomatiya və cəmiyyət sahələrində göstərilən böyük səylər hesabına fürsət anı yaradılıb və bu fürsətdən istifadə etmək lazımdır".
Hersoq girov ailələri üçün "bu saatlar və günlərin əsl bir əzab olduğunu" vurğulayıb. "Mən hamımızı girov ailələrinə, o cümlədən bu müqavilədən kədərlənənlərə
böyük həssaslıq göstərməyə çağırıram," - deyə prezident əlavə edib. "Xüsusilə narahat və kədərli olan ailələrə dəstək göstərməyi xahiş edirəm. Onlar yaxınlarının müqavilənin ilk mərhələsində geri qaytarılmayacağından narahatdır".
Prezident baş nazir Benyamin Netanyahu, İsrailin danışıqlar qrupu, Qətər, Misir, habelə ABŞ-ın hazırkı prezidenti Co Bayden və yeni seçilmiş prezident Donald Trampı razılaşmaya nail olmaq səylərinə görə təşəkkür edib. O, "bütün mərhələlər həyata keçirilib sonuncu girov geri qaytarılana qədər bütün gücü ilə hərəkət etməyə davam edəcəyinə" söz verib.
Xəbər verildiyi kimi, İsrailin danışıqlar qrupunun vətənə qayıtmasından sonra təhlükəsizlik məsələləri kabinetinin iclası keçiriləcək və daha sonra hökumət razılaşmanın təsdiqi barədə yekun qərar verəcək. Təhlükəsizlik məsələləri kabinetinin iclası yanvarın 16-na təyin olunub. Razılaşmanın layihəsi həmin vaxta qədər imzalanarsa, hökumət onu təsdiq edəcək.
Xatırladaq ki, bundan öncə Tramp bəyan edib ki, əgər girovlar onun inauqurasiyasına qədər azad edilməsə, HƏMAS-a qarşı "tam cəhənnəm" yaradacaq.
Bu arada HƏMAS Qəzza bölgəsi sakinlərini atəşkəs elan olunana qədər heç bir addım atmamağa çağırıb. Bununla belə, Xan-Yunis şəhərində küçələrə çıxan izdihamlı insanların sevincini qeyd etmək müşahidə olunub. Avtomobillərin siqnalları eşidilir, - "Associated Press" xəbər agentliyi yazıb.