Ekskluziv
526
16:31, Bu gün

"Putinin Ukraynanı yaxın tərəfdaşlarımızdan qoparmaq ambisiyaları strateji iflasa uğrayıb" - Kir Starmer

 
"İki ölkə arasında bir çox sahəni əhatə edəcək 100 illik tərəfdaşlıq haqqında mühüm razılaşma imzalanacağı gözlənilir..."
 
Britaniya baş naziri Kir Starmer prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gəlib. Ölkələr müdafiə sahəsində əlaqələri dərinləşdirmək və iqtisadi münasibətləri gücləndirmək üçün razılaşma imzalamağı planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 
Qeyd olunur ki, iki ölkə müdafiə sahəsində mövcud əlaqələri dərinləşdirmək üçün tərəfdaşlıq razılaşması imzalamağı və ABŞ-ın dəstəyi azalda biləcəyi ilə bağlı narahatlıqlar fonunda Kiyevə əlavə hərbi yardım imkanlarını nəzərdən keçirməyi planlaşdırır.
 
Nəşr xatırladır ki, Zelenski Qərb müttəfiqlərini Ukraynaya uzunmüddətli hərbi dəstəyi davam etdirməyə çağırıb və bildirib ki, bu dəstəkdən imtina "yalnız daha çox təcavüz, xaos və müharibəyə səbəb olacaq".
 
Gözlənilir ki, Starmer və Zelenski Britaniyanın Kiyevə hansı təhlükəsizlik təminatları verə biləcəyini, o cümlədən Britaniya qoşunlarının müharibədən sonrakı sülhməramlı qüvvələrin tərkibinə daxil olma ehtimalını müzakirə edəcək.
 
"Putinin Ukraynanı bizim yaxın tərəfdaşlarımızdan qoparmaq ambisiyaları böyük strateji uğursuzluq olub. Biz isə indi hər zaman olduğundan daha yaxınıq və bu tərəfdaşlıq dostluğumuzu yeni səviyyəyə çıxaracaq", - deyə Starmer bildirib.
 
Nəşr qeyd edir ki, Starmerin səfəri keçən həftə "Chequers"də Fransa prezidenti Emmanuel Makronla Trampın Ağ Evə qayıtmasından sonra Ukraynadakı müharibə perspektivlərini müzakirə etdikdən sonra baş tutub. Xüsusilə, dövlət rəhbərləri Ukraynaya təhlükəsizlik təminatlarının verilməsinin vacibliyini müzakirə edib.
 
Ukrayna və Böyük Britaniyanın səyləri həmçinin elm və texnologiya kimi qeyri-hərbi sahələrdə iqtisadi əlaqələri gücləndirməyə yönəlib. Nəşrin məlumatına görə, Starmer Ukraynanın iqtisadi bərpası üçün 40 milyon funt sterlinq ayıracağını elan edəcək ki, bu da Britaniya şirkətləri üçün yeni imkanlar yaradacaq.
 
Bu maliyyə dəstəyi Böyük Britaniyanın Ukraynaya artıq təqdim etdiyi 12,8 milyard funt sterlin həcmində yardıma əsaslanır. Buna 7,8 milyard funt sterlinq hərbi yardım və enerji infrastrukturunun dəstəklənməsi daxildir.
 
"Bu tərəfdaşlıq sayəsində biz Britaniya xalqı üçün çalışan güclü iqtisadiyyat, daxildə və xaricdə maraqlarımızı qoruyan təhlükəsiz bir ölkə və çiçəklənən bir cəmiyyət qururuq", - deyə Starmer bildirib.
 
Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Kiyevdə baş nazir Starmeri salamlayıb. O vurğulayıb ki, "bu, Britaniya hökumətinə rəhbərlik etdiyi müddətdə Ukraynaya ilk səfəridir və şübhəsiz ki, hadisələrlə zəngin olacaq".
 
"Britaniya tərəfi bu çətin günlərdə bizə fəal şəkildə kömək edir. Buna görə də Kiyevdəki danışıqlarda Ukrayna və Böyük Britaniyanın ali rəhbərliyi ilk növbədə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığı müzakirə edəcək", - deyə Zalujnı bildirib.
 
Ən əsas gözlənti isə, səfirin sözlərinə görə, "ölkələrimiz arasında müdafiədən tutmuş elm və mədəniyyətə qədər bir çox sahəni əhatə edəcək 100 illik tərəfdaşlıq haqqında mühüm razılaşmanın imzalanmasıdır".
 
Bundan əlavə, Zalujnı qeyd edib ki, İki ölkə arasında Strateji Tərəfdaşlıq Dialoqunun işini bərpa etmək planlaşdırılır. Bu, ikitərəfli əməkdaşlıqla bağlı müxtəlif məsələlərin səmərəli şəkildə müzakirəsinə və həllinə imkan verəcək bir mexanizmdir.
Link kopyalandı!
Son xəbərlər