“Rəsmi görüşdən çıxan İlham Əliyev Ağ Ev qarşısında gözləyən dünyanın müxtəlif tanınmış media qurumlarını təmsil edən jurnalistlərin önündə də onlardan birinin verdiyi eyni sualını yenə də eyni cür cavablandırmışdı...”
“Təəssüf ki, həmişə İranda kimlərsə tapılıb və müxtəlif şayiələr yaymaqla, təxribatlar törətməklə ölkəmizə, dövlətimizə qarşı qərəzli münasibət formalaşdırmağa və iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edib”.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı keçmiş səfiri Abbasəli Həsənov bu fikir Moderator.az-a açıqlamasında son günlər İran dövlətindəki müəyyən dairələrin Azərbaycana qarşı qeyri-adekvat münasibət formalaşdırmağa çalışmasından danışarkən ifadə edib.
“Ötən söhbətimizdə 2001-ci ildə İran Təhlükəsizlik Şurasının katibi qismində Azərbaycana səfər edən mərhum Həsən Ruhaninin guya İsrailin ölkəmizin ərazisində İrana nəzarət etmək üçün hansısa xüsusi qurğular qurması barədəki böhtanına Bakıda necə cavab verilməsi haqda danışmışdıq. Bu dəfə Azərbaycan dövlətinin İran dövlətinə qarşı səmimi, əsil qonşu kimi münasibət bəsləməsini sübut edən digər bir epizodu xatırlatmaq istəyirəm...
Yaxşı yadımdadır ki, 2006-cı ilin, səhv etmirəmsə, aprel ayında prezident İlham Əliyev ABŞ-də səfərdə olarkən Ağ Evdə ona təklif etmişdilər ki, Azərbaycan ərazisində İrana nəzarət üçün xüsusi qurğular qurulması üçün icazə verilsin. Prezident rəsmi görüşdə buna mənfi cavab vermişdi. O demişdi ki, İran bizim qonşu ölkədir, orada bizim on milyonlarla qardaş-bacımız yaşayır, bu dövlətlə tarixi münasibətlərimiz var və bu gün də münasibətlərimiz yaxşı inkişaf edir. Həmin səbəblərdən də biz Azərbaycan ərazisindən İrana qarşı o dövlətin təhlükəsizliyini təhdid edə biləcək hansısa işlər görülməsinə qətiyyən icazə verə bilmərik”, - həmsöbhətimiz belə deyib.
“Onu da vurğulamalıyam ki, o dövr üçün ABŞ kimi dövlətə belə bir cavab böyük cəsarət tələb edirdi... Məsələ bununla bitməyib. Rəsmi görüşdən çıxan İlham Əliyev Ağ Ev qarşısında gözləyən dünyanın müxtəlif tanınmış media qurumlarını təmsil edən jurnalistlərin önündə də onlardan birinin verdiyi eyni sualını yenə də eyni cür cavablandırmışdı”, -deyə davamında Abbasəli Həsənov diqqətə çatdırıb.
“Sözüm ondadır ki, Azərbaycan dövləti də, xalqı da daim İrana qarşı bu cür səmimi olub. Amma təəssüf ki, həmişə İranda kimlərsə tapılıb və müxtəlif şayiələr yaymaqla, təxribatlar törətməklə ölkəmizə, dövlətimizə qarşı qərəzli münasibət formalaşdırmağa və iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edib”, - deyə sabiq səfir vurğulayıb.
Sultan Laçın