Ekskluziv
893
14 Jan 2025 | 18:27

"Yalta-2: Putinlə Trampın görüşündə əsas mövzu Ukrayna olmayacaq" - "iDNES" nəşri

 
"Hazırda Kremlin sahibi Stalin deyil, onun Ukraynada əldə etdiyi uğurlar isə Qırmızı Ordunun Berlinin fəthi ilə müqayisə oluna bilməz..."
 
Səksən il əvvəl Yaltada İkinci Dünya müharibəsində qalib gələnlər Avropanı nüfuz dairələrinə böldülər. Donald Trampın Ağ Evə qayıtması və onun Putinlə mümkün görüşü yaxınlaşdıqca, Qərb analitikləri Kremlə bu sazişi yeniləmək istəkləri barədə tez-tez spekulyasiya edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri yazıb.
 
Nəşr yazır ki, Donald Trampın komandası sülh planlarını təkmilləşdirdiyi bir vaxtda, gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts Mar-a-Laqodan Kremlə yaxın zamanda telefon danışığı olacağını vəd edir. Dünya mediasında isə bu danışıqların məzmunu ətrafında qızğın müzakirələr gedir.
 
Rusiya müşahidəçilərinin əksəriyyəti düşünür ki, müzakirələr yalnız cəbhədəki atəşkəsin dayandırılmasından deyil, həm də işğal olunmuş ərazilər üzərində Rusiyanın nəzarətinin faktiki olaraq tanınmasından bəhs edəcək. Bundan əlavə, Rusiyaya Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qoşulmayacağı vəd ediləcəyi gözlənilir. Vladimir Putin isə birgə sammitdən Şərqi Avropada nüfuz dairələrinin yenidən bölgüsünü gözləyir.
 
"Rusiya bu silahlı münaqişənin başa çatmasını və məqsədlərini geniş mənada görür. O, yalnız yeni ərazilər əldə etmək deyil, həm də nüfuz dairələrinin bölündüyü və yeni təhlükəsizlik sisteminin yaradıldığı bir növ yeni Yalta konfransı keçirmək istəyir. Bu sistemdə bir tərəfdə Rusiya, digər tərəfdə isə NATO dayanır", - Rusiya politoloqu Georgi Bovt bildirib.
 
Gürcüstan, Moldova, Ermənistan
 
1945-ci ilin fevralın 4-də Yaltada Stalin, Ruzvelt və Çörçilin görüşü başlayıb. Qalib dövlətlərin nümayəndələri bir həftə davam edən danışıqlarda Almaniyanın işğal zonalarına bölünməsi, Polşanın sərhədləri və Birləşmiş Millətlər Təşkilatının yaradılması barədə razılığa gəldib.
 
Lakin Livadiya Sarayındakı sammitin nəticələri daha geniş təsirə malik olub, çünki burada qeyri-rəsmi olaraq müharibədən sonrakı dünyanın iki bloka bölünməsi təsdiq edilib. Stalin azad edilmiş xalqların demokratik seçkilərinin nəticələrini nəzərə alacağını vəd etsə də, ingilislər və amerikalılar bu məsələdə illüziyalar qurmadılar.
 
"Yanılmayın. Balkanların hamısı, Yunanıstan istisna olmaqla, bolşevikləşəcək. Mən bunu dayandırmaq üçün heç nə edə bilmərəm. Polşa üçün də heç nə edə bilmərəm", - Çörçill Yaltadakı görüşdən əvvəl Stalinlə Mərkəzi və Şərqi Avropa ölkələrində təsir dairələrinin faizlə bölüşdürülməsi barədə söhbətdə belə qeyd edib.
 
Hazırkı Kremlin sahibi Stalin deyil, onun Ukraynada əldə etdiyi uğurlar isə Qızıl Ordunun Berlini fəthi ilə müqayisə oluna bilməz. Lakin Putinin Sovet İttifaqının itirilmiş gücünə nostaljisini və Rusiyanı yenidən əsas güclər arasında yerləşdirmək istəyini unutmaq olmaz. 2021-ci ilin dekabrında o, NATO-dan keçmiş şərq bloku ölkələrindən çıxmağı tələb edərək bunu təsdiqləmiş olub.
 
Tramp isə Avropanın təhlükəsizliyini təmin etməkdən imtina edəcəyini nümayiş etdirir. NATO-nun şərqə genişlənməsi ilə bağlı o, hakimiyyətə gəlməzdən əvvəl Rusiyanın narahatlıqlarını başa düşdüyünü ifadə edib.
 
Trampla görüşdə Putinin Ukraynanın NATO-ya heç vaxt qoşulmayacağına və Qərbdən effektiv təhlükəsizlik zəmanəti almayacağına dair qəti təminatlar tələb edəcəyi gözlənilir.
 
Yeni nüfuz bölgüsündən sonra Rusiya digər "ipə-sapa yatmayan" postsovet respublikalarını da sakitləşdirmək istəyəcək. Buraya Avropa İttifaqı ilə inteqrasiyaya üstünlük verən Moldova, Qərblə əlaqələrini dərinləşdirmək istəyən Gürcüstan və Ermənistan daxildir.
 
Beləliklə, Trampın qayıdışından sonra Putin yalnız Ukrayna kampaniyasını başa çatdırmaq deyil, həm də postsovet məkanında daha geniş təsir dairəsi əldə etmək üçün əlverişli imkan görür.
Link kopyalandı!
Son xəbərlər