"Rusiyanın bir çox bölgələrində yanğınlar tüğyan etdiyindən əhali təxliyə edilir..."
Yanvarın 14-də gecə və səhər saatlarında Rusiyanın bölgələri Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı hücumuna məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "lenta.ru" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, hücum zamanı Tatarıstan Respublikası, eləcə də Saratov, Tula, Tambov, Oryol, Voronej, Bryansk və digər vilayətlər hədəf alınıb. Kazan, Saratov, Kaluqa, Tambov, Ulyanovsk, Nijnekamsk və Penza hava limanlarında uçuş və enişlərdə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Tatarıstan, Bryansk və Saratov vilayətlərində hücumdan sonra sənaye obyektlərində yanğınlar başlayıb. Yerli mənbələrin məlumatına görə, Kazanda dronlar "Qazprom"a məxsus maye qaz bazasını hədəfə alıb.
Baza ərazisində üç çən yanıb. Tatarıstan hakimiyyəti bildirib ki, Kazan şəhəri ətrafında Ukrayna dronlarının hücumu nəticəsində qaz çəni yanıb və artıq söndürülüb.
Tatarıstan rəhbərinin mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yerli mənbələr Tatarıstan Neftayırma Kompleksinə ("Taneko") aid zavodlardan birində tüstülənmə görüntülərini paylaşıb. Məlumata görə, orada təxliyə işləri aparılır.
Tula vilayətində hava hücumundan müdafiə sistemi işə düşüb, Aleksin şəhəri üzərində 16 dron məhv edilib. Vilayət qubernatoru Dmitri Milyayev bildirib ki, PUA parçaları bir neçə avtomobilə, təsərrüfat tikililərinə ziyan vurub və yaşayış evinin pəncərələrini sındırıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Bryansk vilayəti də genişmiqyaslı hücuma məruz qalıb, sənaye müəssisəsi hədəfə alınıb. Vilayət qubernatoru Aleksandr Boqomaz bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri bütün raketləri vurub. Onun sözlərinə görə, "idarə binasında ciddi dağıntılar qeydə alınıb".
Saratov vilayətində Ukrayna dronlarının hücumu nəticəsində iki sənaye müəssisəsi zədələnib. Saratov və Engelsdə güclü yanğın baş verib. Bu barədə vilayət qubernatoru Roman Busarqin məlumat verib. O, hansı müəssisələrin zədələndiyini açıqlamayıb.
Yerli sakinlər "Ostorojno, novosti" nəşrinə bildirib ki, Engelsdə zərbədən sonra "Rusiya Ehtiyatlar Fondu"na məxsus neft bazası yanmağa başlayıb. Dronlar həmin bazaya yanvarın 8-də də hücum edib və yanğın yalnız beş gün sonra söndürülüb. Yanğını söndürərkən Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı həlak olub.
Saratovda hücuma məruz qalan ikinci obyektin neftayırma zavodu ola biləcəyi ehtimal edilir. Yerli sakinlər sənaye obyektində baş verən böyük yanğının videosunu paylaşıb. Kadrarxası səs bildirir ki, bu, "2025-ci il yanvarın 14-də dron hücumundan sonra Saratov neftayırma zavodudur". Ukrayna Silahlı Qüvvələrinin hücumu səbəbindən Saratov və Engelsdə məktəblər distant təhsilə keçib.
Həmçinin Oryol vilayətinə dronlarla hücum edilib. Vilayət rəhbəri Andrey Klıçkovun sözlərinə görə, bölgə üzərində 17 PUA vurulub. Zərər və dağıntılar qeydə alınmayıb. Rostov vilayətində 14 dron məhv edilib, nəticələr barədə məlumat verilməyib.
Jurnalistlərin qeyd etdiyinə görə, ötən gecə Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ildə Rusiya ərazisinə ən genişmiqyaslı hücumu baş verib.