"Rusiyanı danışıqlar masasına əyləşməyə məcbur etməyin yeganə yolu onun üçün çətin vəziyyət yaratmaqdır..."
Tramp Ukraynanı Rusiya ilə danışıqlara tələsməyə məcbur etməyəcək, ABŞ-ın yeni seçilmiş prezidenti gözlənildiyindən daha "çevik" mövqe sərgiləyib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Avropanın Ukrayna üzrə müttəfiqləri ehtiyatlı nikbinliklə Donald Trampın Kiyevi vaxtından əvvəl Rusiya ilə danışıqlara məcbur etməyəcəyinə inanır.
Nəşr yazır ki, bu nəticə Trampın komandası ilə keçirilən bir sıra xüsusi görüşlərdən sonra ortaya çıxıb. Görüşlərdə transatlantik tərəfdaşlar Ukraynaya əlavə dəstəyin zəruriliyini əsaslandırmağa çalışıb. Bu məsələ ilə tanış olan Avropa rəsmiləri məlumat verib.
Onların sözlərinə görə, bu fikir mübadiləsi gələcək administrasiyanın danışıqlar başlamazdan əvvəl Ukraynanın güc mövqeyinə qaytarılmasına kömək edəcəyinə dair ümid yaradır.
Eyni zamanda, onlar xəbərdarlıq edir ki, son anda qərarları dəyişən və ya məsləhətləri rədd edən bir şəxs kimi tanınan gələcək prezidentin nə edəcəyini dəqiq bilmək mümkün deyil.
Avropalı rəsmilərin fikrincə, Trampın nümayəndələri iki əsas arqumentə həssas yanaşıb. Birincisi, ABŞ-ın yeni lideri Kiyevdən üz döndərərsə, prezident Co Baydenin Əfqanıstandan xaotik çıxışına bənzər şəkildə alçaldıcı vəziyyətlə üzləşə bilər. İkincisi, Rusiya bu münaqişədə qələbə qazansa, bu, Çini daha aqressiv addımlara təhrik edə bilər.
Avropa və Ukrayna rəsmilərinin sözlərinə görə, Trampın komandasında münaqişənin həlli ilə bağlı bir neçə ideya irəli sürülsə də, yanvarın 20-də andiçmədən sonra Ukrayna ilə bağlı həyata keçirilə biləcək konkret bir fəaliyyət planı yoxdur.
"Lakin bu söhbətlər Avropa paytaxtlarında ehtiyatlı bir rahatlıq hissi yaradıb. Avropa İttifaqı rəsmiləri Trampın müharibəni tez bir zamanda bitirmək və bəlkə də Kiyevi kənara atan, Vladimir Putini isə gücləndirən bir müqavilə bağlamaq vədini yerinə yetirəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı ən pis ssenarini düşünüb", - məqalədə qeyd olunur.
İtaliya baş naziri Corcia Meloni Ukrayna ilə əlaqələrin qırılacağını gözləmədiyini bildirib və Kiyevin mövqelərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, deyib: "Rusiyanı danışıqlar masasına əylışməyə məcbur etməyin yeganə yolu onun üçün çətin vəziyyət yaratmaqdır. Tramp həm diplomatiya, həm də güc vasitələrindən istifadə edə bilər və mən gözləyirəm ki, bu dəfə də belə olacaq".
Danışıqlarla tanış olan insanların sözlərinə görə, Tramp Ukrayna ilə bağlı "əsrin müqaviləsi" adlandırılan razılaşmanın həyata keçirilməsinə maraq göstərib. Onların dediyinə görə, o, Putinin davranışını tənqid etsə də, Rusiya lideri ilə əlaqə kanalı açmağa can atır.
Bununla belə, Tramp seçilmiş prezident kimi Ukraynanın taleyinə çox maraqlı görünməyib və ya münaqişənin ABŞ-ın strateji maraqları üçün əhəmiyyətini tam dərk etməyib, deyə mənbələr bildirir.
Qeyd olunur ki, Avropa paytaxtlarının liderləri döyüşlərin dayandırılması ilə bağlı razılaşmanın yaxın gələcəkdə əldə olunacağına getdikcə daha çox inanır. Onlar ümid edir ki, Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi və Kiyevə hərbi dəstək Rusiyaya iqtisadi və hərbi zərər vuracaq və Ukrayna ilə bağlı danışıqlar üçün şərait yaradacaq.
Seçkiqabağı kampaniyada Ukraynaya qarşı ritorikaya baxmayaraq, Trampın komandası, xüsusilə Əfqanıstandan çıxışı nəzərə alaraq, bu münaqişədə uğursuzluğun nə demək olduğunu anlayır, bəzi rəsmilər bildirib. Onların sözlərinə görə, həll yolu tapmaq üçün hər hansı müqavilə Kiyevə təhlükəsizlik zəmanətlərini bir formada daxil etməlidir.
Müzakirələrin gedişatı ilə tanış olan şəxslərin fikrincə, bu, münaqişədən sonra Ukraynaya hücum ediləcəyi təqdirdə Amerika qoşunlarının iştirakı ilə bağlı gərgin müzakirələrə səbəb ola bilər. Bu, Avropanın dəstəyini təmin etmək üçün vacib bir elementdir.
Avropa rəsmilərinin fikrincə, Trampın dövründə Rusiyanın əsas tələblərindən biri olan Ukraynanın NATO üzvlüyü çox az ehtimal edilir. Ancaq avropalılar bu məsələnin danışıqlar masasında qalmasını istəyir.