Ekskluziv
1177
14 Jan 2025 | 14:00

"Kiyevin mərkəzində peyda olan Putin yox, mən olmuşam" - Bayden

 
"Putin öz strateji hədəflərinin heç birinə nail ola bilməyib, indi ABŞ-ın bütün düşmənləri daha da zəifləyib..."
 
Bayden prezidentlik dövrünün xarici siyasət yekunlarını açıqlayıb
 
ABŞ prezidenti Co Bayden prezidentlik müddətini başa vurmağa hazırlaşdığı ərəfədə bəyan edib ki, onun Ağ Evdə fəaliyyətinin xarici siyasət sahəsində əsas nəticələrindən biri Ukraynanı Rusiya təcavüzünə qarşı uğurla dəstəkləmək olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com"' nəşri məlumat yayıb.
 
"Putin Ukraynaya müdaxiləyə başladığı zaman Kiyevi bir neçə gün ərzində ələ keçirəcəyini düşünüb. Amma müharibə başlayandan sonra Kiyevin mərkəzində peyda olan o deyil, məhz mən olmuşam. Putin bunu heç vaxt etməyib. Bu barədə düşünün!" -
Bayden ABŞ Dövlət Departamentindəki çıxışı zamanı bəyan edib.
 
"Mən amerikalı qüvvələrin nəzarətində olmayan münaqişə zonasına səfər edən yeganə Ali Baş Komandan oldum", - prezident əlavə edib.
 
"Biz Putini dayandırmaqda Ukraynaya kömək etdik. İndi, üç il keçdikdən sonra, Putin özünün strateji hədəflərinin heç birinə nail ola bilməyib. Hələ ki, Ukraynanı özünə tabe edə bilməyib. NATO-nun birliyini dağıda bilməyib. Böyük ərazi qazancı da əldə edə bilməyib", - Bayden deyib. "Lakin iş hələ başa çatmayıb, biz onu yarımçıq qoymamalıyıq", - prezident bəyan edib.
 
Bayden Kiyevə 2023-cü ilin fevralında, yəni genişmiqyaslı müharibənin başlanmasından bir il sonra səfər edib.
 
Yanvarın 20-də ABŞ-ın yeni prezidenti respublikaçı Donald Tramp olacaq. O, hazırkı administrasiyadan fərqli olaraq Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı digər mövqeləri ifadə edib. Xüsusən, Tramp müharibənin tez bir zamanda dayandırılmasını dəstəkləyir və Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirir.
 
Almaniyanın Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, genişmiqyaslı müdaxilənin başlanmasından 2024-cü ilin oktyabr ayının sonuna qədər ABŞ-ın Ukraynaya göstərdiyi yardımın həcmi 88 milyard dollardan çox olub (Avropadan isə Ukrayna təxminən 125 milyard avro yardım alıb və ya almalıdır).
 
Bir çox respublikaçılar Baydeni Ukraynaya böyük həcmdə Amerika yardımını göndərdiyinə görə tənqid edir və onu münaqişəni məsuliyyətsiz şəkildə gərginləşdirməkdə ittiham edir, bu isə, onların fikrincə, Üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər.
 
Bəzi ukraynalı və qərb ekspertləri isə, əksinə, hesab edir ki, Bayden həddən artıq ehtiyatlı davranıb və Rusiyayla birbaşa münaqişədən çəkinmək üçün vaxtında Kiyevə lazım olan bütün hərbi yardımı göndərməyib.
 
Yeni silah növlərinin, məsələn, HIMARS raket sistemləri, tanklar və ya F-16 qırıcılarının Ukrayna Silahlı Qüvvələrinə verilməsi ilə bağlı hər bir qərarı Ağ Ev uzun müddət ərzində qəbul edib, bu yanaşmanın tərəfdarları deyir.
 
Çin və Yaxın Şərq
 
Xarici siyasət fəaliyyətinin yekunlarını açıqlayan Bayden ABŞ-ın bütün düşmənlərinin indi onun hakimiyyətə gəlməsindən əvvəlkindən daha zəif vəziyyətdə olduğunu bəyan edib. "Biz bu məqsədlərə çatmaq üçün müharibələrə başlamamışıq", - ABŞ prezidenti bildirib.
 
O, əlavə edib ki, Amerika dünya arenasında əsas oyunçular arasında rəqabəti qazanır, onun iqtisadiyyatı dünyada ən güclü olaraq qalacaq və Çin onu ötüb keçə bilməyəcək.
 
"Hamınız xatırlayırsınız ki, ekspertlər Çin iqtisadiyyatının bizim iqtisadiyyatımızı qaçılmaz şəkildə ötəcəyini düşünürdü. Çoxsaylı proqnozlara görə, bu 2030-cu ilə və ya ondan az sonra baş verməli idi”, - Bayden bildirib.
 
"Amma biz, bu otaqda olanlar, "yox" dedik. Biz özümüzə sərmayə qoymaq, işçilərimizi və texnologiyalarımızı qorumaq qərarına gəldik. Bu baş verməyəcək. İndi, Çinin hazırkı kursu ilə bağlı son proqnozlara əsasən, onlar heç vaxt bizi ötüb keçə bilməyəcəklər. Vəssalam".
 
Bayden həmçinin bildirib ki, ABŞ İranı və bu ölkənin dəstəklədiyi HƏMAS və "Hizbullah" qruplaşmalarını zəiflətməyə kömək edib. O, Suriyada İranın digər regional müttəfiqi olan Bəşər Əsəd rejiminin süqutunu da xatırladıb.
 
"İranın mövqeləri son onilliklərdə indiyə qədərki ən zəif vəziyyətdədir, - Bayden deyib. - Şübhə yoxdur ki, bizim addımlarımız burada mühüm rol oynayıb".
 
ABŞ prezidenti İsrail hökuməti və Fələstinin HƏMAS qruplaşması arasında girovların qaytarılması və Qəzza bölgəsindğ atəşkəslə bağlı tezliklə müqavilə bağlanacağına ümid etdiyini ifadə edib.
 
İsrail və HƏMAS girovların azad edilməsi ilə bağlı razılaşmaya yaxındır. Bu, Trampın inaqurasiyasına qədər baş verəcəkmi?
 
"Razılaşma girovların azad edilməsinə, döyüşlərin dayandırılmasına, İsrailin təhlükəsizliyinə və müharibə nəticəsində dəhşətli əzablar yaşamış fələstinlilər üçün humanitar yardımın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq", - Bayden bildirib.
 
Fələstinlilərin hüquqları uğrunda mübarizə aparan fəallar Baydeni HƏMAS-ın İsrail ərazisinə hücumu və Qəzzada müharibənin başlamasından sonra İsrailə silah tədarükünü davam etdirdiyinə görə tənqid edir.
 
HƏMAS-ın hücumu nəticəsində 1200 israilli, əsasən mülki vətəndaşlar həlak olub, 250-dən çox insan isə girov götürülüb. İsrailin Qəzzadakı cavab əməliyyatı zamanı isə 46 mindən çox insan öldürülüb, bölgənin böyük hissəsi dağıdılıb və əhalinin əksəriyyəti öz evlərini tərk etməyə məcbur olub.
Link kopyalandı!
Son xəbərlər