“İntihar büdcəsi”
Ekskluziv
1293
14 Jan 2025 | 13:47

“İntihar büdcəsi”

Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdəki müzakirələr zamanı 2025-ci il üçün hərbi büdcənin 1,7 milyard dollar təşkil edəcəyini bildirib.

 

Ermənistanın müdafiə xərclərinə bunca vəsait  ayırması, onun hərbi büdcəsini ildən-ilə artırdığını göstərir. Lakin Ermənistan üçün rekord sayılacaq bu rəqəm belə Azərbaycanın hərbi büdcəsi ilə müqayisədə olduqca aşağıdır. Prezident İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziyalara müsahibəsində Azərbaycanın hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait, yəni 5 milyard dollar xərclədiyini bildirib ki, bu da kifayət qədər böyük rəqəmdir.

 

Məlum statistikadan da göründüyü kimi, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən bir neçə dəfə çoxdur. Bu fakt bir daha göstərir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi baxımdan da Ermənistan qarşısında müqayisəedilməz üstünlüyə malikdir. Belə olan halda İrəvanın sürətlə silahlanmaq və bununla da Azərbaycanla hərbi balansı təmin etmək xülyasının heç vaxt reallığa çevrilməyəcəyi göz önündədir. Ancaq buna baxmayaraq Ermənistan məlum həqiqətlə barışmaq niyyətində deyil. Belə olmasaydı, İrəvan ağır sosial-iqtisadi vəziyyətinə rəğmən, hərbi büdcəsini hər ötən il daha da artırmazdı. Görünən odur ki,  İrəvan nəyin bahasına olursa-olsun, revanşis niyyətini gerçəkəşdirmək, yeni qarşıdurma yaratmaqla işğalçılıq siyasətini davam etdirməyə çalışır.  

 

İndiki situasiyada Ermənistan iki əsrlik xülyasını 1,7 milyard dollarlıq hərbi büdcə ilə reallaşdırmağa cəhd edir ki, bu büdcəni “intihar büdcəsi” adlandırmaq daha doğrudur. Çünki İrəvanın bu büdcə ilə başladacağı istənilən müharibənin onun üçün daha ağır məğlubiyyətlə nəticələnəcəyi şəksizdir. Bu isə Ermənistan üçün sözün bütün mənalarında son deməkdir.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər