“Azərbaycanın İrana dair xüsusi siyasi proqramı olmalıdır...”
Ekskluziv
799
13 Jan 2025 | 20:26

“Azərbaycanın İrana dair xüsusi siyasi proqramı olmalıdır...”

“Oradakı soydaşlarımıza qarşı hansısa repressiv hərəkətlər birbaşa Azərbaycanın  birbaşa dövlət mənafelərinə toxunur və bunu da hamı bilməlidir...”
 
“Əsəd rejimi kimi rejimlərin çox sürətlə, cəmi bir neçə həftə ərzində çökməsi daim göz qabağında olmalıdır. Buna görə də daxili siyasətdə gərginlikdən çox uzlaşmaya gedilməsi daha yaxşıdır. Və Azərbaycanda da daxili islahatlara, o cümlədən təkpartiyalı sistemin islahatlarına ehtiyac var. İqtisadi sahədə də islahatlar xüsusən zəruridir. Yəni ölkənin daxili iqtisadi durumu yalnız neftdən, enerji resurslarından asılı olmamalıdır. İqtisadi sahədə sərbəstlik, hökumətin bu sahədə güzəştli siyasət aparması da çox vacibdir ki, daxildə sabitlik yaransın və həmin sabitlik hesabına da siyasi sabitlik möhkəmlənsin”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Suriyada 53 illik Əsəd rejiminin gözlənilmədən qısa müddətdə devrilməsi, həmçinin bundan sonra  qonşu İranda  bu günlərədək yaşanan mürəkkəb iqtisadi-sosial və siyasi durum Azərbaycana hansı təsirləri göstərə bilər” sualını cavabıandırarkən Milli İstiqlal Partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib. 
 
“Əlbəttə, on milyonlarla soydaşımızın yaşadığı İrandakı həm siyasi, həm iqtisadi-sosial problemlər də Azərbaycana birbaşa təsir göstərir. Və sərhədləri bağlı saxlamaqla da onun qarşısını almaq mümkün deyil. Ona görə də Azərbaycanın İrana dair xüsusi siyasi proqramı olmalıdır. Hazırda hökumətimizin İranla bağlı mövqeyi qeyri-müəyyəndir. Həmin ölkədəki soydaşlarımız haqda təbliğat gah  aparılır, gah dayandırılır. Yəni bu istiqamətdə qəti mövqe olmalıdır. Fikrimcə, Azərbaycan dövləti konkret olaraq bildirməlidir ki, bu dövlət bütün dünyadakı, o cümlədən İrandakı azərbaycanlıların təhlükəsizliyinin təminatçısıdır. Bu mənada oradakı soydaşlarımıza qarşı hansısa repressiv hərəkətlər birbaşa Azərbaycanın  birbaşa dövlət mənafelərinə toxunur və bunu da hamı bilməlidir”, -deyə davamında istiqlalçı deputat vurğulayıb.
 
Sultan Laçın
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər