Bizi sosial şəbəkələrdən izləyin:
“4 ildən çoxdur ki, Amerikanın Los Anceles şəhərində yaşayıram. Tələbəyəm. Burada erməni icması daha böyükdür, sırf onların olduğu, kompakt yaşadığı ərazilər var. Həmin ərazilər burada “Balaca Ermənistan” adlanır. Amma Amerikanın digər ərazilərində də ermənilər çoxdur. Məsələn, mən yaşadığım ərazidə də erməni var”
Bunu Moderator.az-a açıqlamasında Los Ancelesdə yaşayan azərbaycanlı bloger Mahir Məmmədli deyib. O daha sonra əlavə edib:
“Deyilənə görə Los Ancelesdəki ermənilər əvvəllər azərbaycanlılara yaxşı davranmırdılar, amma mən təxmini maydan bəri Los Ancelesdəyəm, burada onlarla qarşılaşanda heç bir problem yaşamamışam. Əslində düşünürdüm ki, sırf azərbaycanlı olduğumu deyəndə mənə bir az tərs davrana bilərlər, amma bankda, marketdə, xidmət sahəsində çox gözəl davranırlar. Hərhalda erməniləri üzlərindən tanımaq olur” deyə bloger bildirib.
Mahir Məmmədli deyir ki, Los Ancelesdə “Qarabağ” marketinin sahibkarları ermənilərdir. O hətta həmin marketdə çəkiliş də edib:
“Ermənilərin lobbisindən əlavə olaraq onların Los Ancelesdə məkanları da çoxdur. “Qarabağ” marketinin sahibi əvvəllər Qarabağın öz ərazisində yaşayan erməni olub. Ermənilər Artsax deyə adlandırır oranı. Ermənilərin özü belə bu marketə dəfələrlə hücum çəkib ki, bu marketin adını dəyişin. Onlar bu marketin adının “Qarabağ” yox, “Artsax” olmağını istəyirlər. Sahibi isə adı dəyişməyib. Marketə gedib çəkiliş etmək qərarına gəldim. Amma onlara azərbaycanlı olduğumu demədim. Çünki yeni gəlmişdim, onların necə reaksiya verəcəklərini bilmirdim. Çalışdığım qədər çəkilişləri gizlin, bildirmədən edirəm. Adı “Qarabağ” market olsa da içindəkilərin əksəriyyəti erməni məhsulları idi. Azərbaycana aid heç bir məhsul yox idi. İçindəki işçilər belə ermənilər idi. Mən qaldığım küçədə bundan başqa “İrəvan” market və digər erməni mağazaları da fəaliyyət göstərir. Hətta bizim paxlavamızı da götürüb “erməni paxlavası” adı ilə satırlar” deyə bloger bildirib.