“Nadir hallarda məhkəmələr müəyyən məqsədlərlə, yuxarıların tapşırığı ilə “obyektivlik” nümayiş etdirmişlər…”
İstintaqda Sumbatzadənin əleyhinə ifadə verən İmam Mustafayev məhkəmədə onu “institutda müəllim kimi hamı savadlı, həm Azərbaycan, həm də rus dilində yüksək səviyyəli dərs aparan şəxs kimi” tərifləyib…
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
“Müəllim:Əlisöhbət Sumbatzadə
Azərb.SSR CM-nin 21,64,70 və 73-cü maddələri ilə günahlandırılan “ Əlisöhbət Sumbatoviç Sumbatzadənin 6256 saylı cinayət işinin ittiham akti ” nda yazılmışdır: “1936-cı ildə Az.SSR XDİK Az.SSR-də Azərbaycanı SSRİ-dən silahlı yolla ayırmağı, partiya və dövlət rəhbərlərinə qarşı terror törətməyi, ziyankarlıq işi aparmağı qarşısına məqsəd qoyan əim qiyamçı terrorçu ziyankar təxribatçı təşkilat üzə çıxarıb ləğv etmişdir.
Azərbaycandakı əim qiyamçı təxribatçı təşkilat trotskiçi-zinovyevçi terrorçu mərkəz və əksinqlabçı sağ mərkəzçi təşkilatla əlaqəli olmuşdur.
Azərbaycandakı əim qiyamçı təşkilat Sovet hakimiyyətinə qarşı mübarizədə terror, ziyankarlıq və digər metoddan istifadə etdiyini bu mərkəzin üzvü İbrahim Tağıyev və mərkəzin Kirovabaddakı filialının rəhbərliyinin üzvləri Cəfər Quliyev və Tahir Yusifov təsdiq edirlər.
“Əim təşkilatın birinci dərəcəli vəzifəsinə daxildir:
a) Əim təşkilata kadrlar cəlb etmək;
b) SSRİ-nin gücünü zəiflətmək məqsədi ilə kənd təsərrüfatında və sənayedə ziyankarlıq;
v) Millətçi ideyaların təbliği;
q) Silahlı üsyana hazırlıq;
ğ) Orduda əim iş aparmaq (İ.Tağıyevin17 avqust 1937-ci il ifadəsi,səh.23).”
Bundan sonra ittiham aktında təşkilatın vəzifələri sadalanıb:
“1. Sovet hakimiyyətini devirmək üçün silahlı üsyana hazırlaşmaq;
2. Sənayedə ziyankarlıq;
3. Kənd təsərrüfatında, kolxozlarda ziyankarlıq;
4. Partiya rəhbərliyi və Sovet hakimiyyətinə qarşı mübarizə metodu kimi terrordan istifadə etmək.(Cəfər Quliyev 7 noyabr 1937-ci il ifadəsi, səh.25).”
Təşkilatın və onun üzvlərinin vəzifələrini həyata keçirmək üçün istifadə etməyi düşündüyü taktika da müstəntiqin yadından çıxmamışdır.
“Azərbaycanı SSRİ-dən ayırmaq fikrini silahlı üsyan vasitəsi ilə həyata keçirmək, silahlı üsyan və sovet hakimiyyətini devirməyi aşağıdakı yolla həyata keçirmək:
1. SSRİ-nin gücünü zəiflətmək üçün ziyankarlıq hərəkətləri etmək və əhali içərisində Sovet hakimiyyətinə qarşı narazılıq yaratmaq.
2. Kənd və şəhərlərdə qiyamçı qruplar yaratmaq.
3. Əks-inqilabçı təşkilatın tərəfində olacaq hərbi hissələr cəlb etmək üçün Qızıl Orduda əks-inqilabi iş aparmaq.
4. Silahlı üsyana hazırlaşmaq və hakimiyyəti zəbt etmək.
5. Trotskiçi, daşnaksutyun və gürcü menşevik təşkilatları ilə blok yaratmaq. (Təqsirləndirilən Yusif Tahirovun 2 noyabr 1937-ci il ifadəsindən).”
İttiham aktında daha sonra terrorla bağlı məsələlərə toxunulub.
“Mən əks-inqilabçı təşkilatın terrorçu fəaliyyəti ilə bağlı məlumatlı idim. Əim təşkilatın vəzifələrindən biri ÜİK(b)P-nın və Sovet hökumətinin rəhbərlərinə qarşı fərdi terror tətbiq etmək. Bizim əksinqilabi təşkilat Az.K(b)P MK-nin katibi Bağırova qarşı terror aktı hazrlayırdı. (Tahirov Yusifin istintaqa ifadəsindən. 1dekabr 1937-ci il,səh.27)”.
Bu iş üzrə istintaq müəyyən etmişdir ki, təqsirləndirilən Əlisöhbət Sumbatzadə Azərbaycandakı əim qiyamçı təşkilata daxil olmuşdur. Onu təşkilata 1935-1936-cı ilin qışında Kirovabaddakı Kənd Təsərrüfatı İnstitutunda müəllim işləyən Pepinov Məmməd Əmən oğlu cəlb etmişdir. (M.Pepinovun istintaqa ifadəsindən. 9 dekabr 1937-ci il. səh. 37; İ. Tağıyevin istintaqa ifadəsindən. 17 avqust 1937-ci il, səh. 28).
Sumbatzadənin əim qiyamçı təşkilatın üzvü olduğunu həmçinin, bu əim təşkilatın digər üzvləri və Azərbaycan əim təşkilatın mərkəzinin üzvü Heydər Vəzirovun istintaqa ifadələri də təsdiq edir. (H.Vəzirovun istintaqa ifadəsi. 20 noyabr 1937-ci il, səh. 34; H.Biləndərlinin istintaqa ifadəsi. 20-23 may 1937-ci il, səh. 29-30; B. N. Tixomirovun istintaqa ifadəsi. 11 noyabr 1937-ci il, səh. 33).
Sumbatzadə təşkilata daxil olarkən Məmməd Pepinov tərəfindən məlumatlandırılıb ki, təşkilatın məqsədi Azərbaycanı SSRİ-dən silahlı üsyan yolu ilə ayırmaq və Sovet hakimiyyətini devirməkdən ibarətdir (M.Pepinovun istintaqa ifadəsi. 9 dekabr 1937-ci il, səh. 38).
Yuxarıda deyilənləri nəzərə alaraq Sumbatzadə Əlisöhbət Sumbatoviç ittiham olunur:
1. Azərbaycan əim qiyamçı, terrorçu, ziyankar təşkilatın üzvü olmaqda
2. Əks-inqilabçı təşkilatın Azərbaycanı silahlı üsyan yolu ilə Sovet İttifaqından ayırmaq və sovet hakimiyyətini devirmək yolu seçməsindən xəbərdar olmaqda ”.
İttiham aktını tərtib edənlər Az.SSR XDİK DTİ-nin III şöbəsinin VI bölməsinin əməliyyat müvəkkili, Təhlükəsizlik serjantı Akopov, kapitan Panov olmuşdur.
Maraqlıdır ki, ittiham aktının sonunda təqsirləndirilənin özünü günahkar hesab etmədiyi, ittihamı sübut edən əşyanın olmadığı da qeyd edilmişdir.
10 aprel 1937-ci ildə Tiflis şəhərində Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalının(ZHD HT) Briqada hərbi hüquqşünası Stelmaxoviçin sədrliyi ilə iclası olmuşdur. Məhkəmənin üzvləri Briqada hərbi hüquqşünası Şirinyan, I dərəcəli briqada hərbi hüquqşünası Belyayev, katib, hərbi hüquqşünas Dipartkliani olmuşdur. Məhkəmə üzvlərinə iş barədə ZHD HT-nin müavini, I dərəcəli hərbi hüquqşünas Aleksandrov məlumat vermişdir. Məhkəmə müstəntiq Akopovun qərarını təsdiq etməklə yanaşı, qərara alıb ki, iş qapalı, vəkilsiz, prokurorsuz keçirilsin.
1938-ci ilin 18 apreldə ZHD HT-nın səyyar müşavirəsinin Bakı şəhərində iclası keçirilib. İclasın tərkibi aşağıdakı kimi olmuşdur: Sədr: Maxoviç: Üzvlər: II dərəcəli hərbi hüquqşünas Mamaev; I dərəcəli texniki indentant Dyamadze.”
Səyyar iclas öz işinə 11.30 da başlamış və 12.55 də sona çatmışdı.
Maraqlıdır ki, ittihamın əvvəlində Ə.Sumbatzadənin iş yeri Kənd Təsərrüfatı institutu göstərildiyi halda, ancaq işin sonunda verilən hökmdə onun iş yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu qeyd edilmişdir…
Sumbatzadəyə qarşı o dövrkü cinayət məcəlləsinin 21,64, 70 və 73-cü maddələri ilə iş qaldırılmışdır. Ənənəvi olaraq heç bir obyektiv istintaq hərəkətləri, üzləşmələri aparmayan məhkəmə belə qənaətə gəlmişdir: “İlkin istintaqda müəyyən edilmişdir ki, 1935-ci ildə Kirovabadda millətçi, qatı terrorçu təşkilat fəaliyyət göstərmişdir”.
İstintaqın iddiasına görə guya Sumbatzadə Azərbaycan SSR-ni SSRİ-dən ayırmağı qarşısına məqsəd qoymuşdur. Müstəntiqin quramasına görə Kənd Təssərrüfatı institutunun müəllimi işləyən Sumbatzadəni təşkilata 1935-ci ilin axırlarında bu əks-inqilabi təşkilatın “fəal üzvülərindən” biri Məmməd Pepinov cəlb etmişdir. İstintaq materiallarında qeyd edilmişdir ki, guya cəlbetmə zamanı Pepinov Ə. Sumbatzadəni əks-inqilabi təşkilatın məqsədləri, fəaliyyəti, ilə ətraflı tanış etmişdir. Belə ətraflı tanışlıqdan sonra Sumbatzadə bu təşkilatda işləməyə razılıq vermişdir.
Beləliklə, o dövrün sənədlərində qeyd edildiyi kimi, “dünyada ən humanist, obyektiv sovet məhkəməsi” cəmi 15 dəqiqəyə heç bir araşdırma aparmadan, ilkin istintaqın yazılarının mühüm hissələrini müttəhimə oxumaqla işini bitirib insan taleyini laqeydcəsinə, insafsızcasına həll etmiş oldu.
Doğrudur, Əlisöhbət müəllimin bəxti bir az da gətirmiş olur. Çünki o, hər halda güllələnməyə məhkum edilməmişdi…
Məhkəmə Azərb. SSR cm-nin 21,64, 70 və 73-cü maddələri ilə ittiham olunan Ə.Sumbatzadənin “bütün günahlarının tam sübuta yetirildiyini” əsas götürərək onu təqsirkar hesab etdiyini qeyd etmiş və qərara almışdır: “Ə.Sumbatzadə azadlıqdan məhrum edilməklə, cəzasını islah əmək düşərgəsində çəkməklə, 5 il siyasi hüququlardan məhrum olunmaqla 10 il müddətinə həbs edilsin”.
Qərarda həbsin başlanma müddəti 5 noyabr 1937-ci il götürülmüşdür. Eyni zamanda müttəhimə hökmdən 5 gün müddətində SSRİ Ali Sovetinin Ali Məhkəməsinin Hərbi Kollegiyasına şikayət etmək hüququ verilmişdi.
Əlisöhbət müəllim bu hüququndan dərhal istifadə edib yuxarı dövlət orqanlarına günahsız olduğunu bildirən əsaslandırılmış, geniş şikayət məktubu yazıb.
Bu məktubdan sonra 25 iyun 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasında işə yenidən baxılıb. Hərbi kollegiyanın sədri, Diviziya hərbi hüquqşünası Kameron, üzvləri briqada hərbi hüquqşünası Preorayentsev və briqada hərbi hüquqşünası Şenkeviç olmuşdur.
İş barədə məlumatı Şenkeviç vermişdir. Formal da olsa işə nəzarəti prokurorluq həyata keçirmişdi. Bu vəzifəni Baş Hərbi Prokurorun kömkçisi Kaçanov yerinə yetirmişdir. Şenkeviç Zaqavqaziya Hərbi Tribunalının qərarını başdan ayağa oxuyaraq təklif edib ki, qərar əvvəlki kimi qüvvədə saxlanılsın. Sumbatzadə çıxışında bu ittihamların ona şəxsi münasibətə görə verildiyini göstərib. Bununla yanaşı o, həm ilkin, həm də məhkəmə istintaqında “ona yüklənən” günahları inkar etmişdir.
O, bildirmişdir ki, ilkin istintaq zamanı onun əleyhinə verilən ifadələrin doğru olmadığı barədə dəfələrlə xahiş etməsinə baxmayaraq yoxlanılmayıb, əleyhinə ifadə verilən şəxslərlə üzləşdirmə aparılmayıb. Bununla da əslində müttəhimin qanunla qorunmalı olan hüququ pozulub. O, bildirir ki, belə bir şəraitdə Ali Tribunal qərarı qüvvədə saxlaya bilməz. Bunu əsas götürərək o, xahiş edib ki, iş ZHD HT-na təkrar istintaqa göndərilsin. Onu əleyhinə ifadə verənlərlə obyektiv şəkildə üzləşdirsinlər, ona verilən 21,64,70 və 73-cü maddələr onun üzərindən götürülərək bəraət verilsin”
Akopov Kənd Təsərrüfatı institutunun bir neçə müəllimindən Ə.Sumbatzadənin əleyhinə ifadə almağa nail olmuşdur. Onlardan biri 1897-ci il təvəllüdlü, Goy-Göl rayon sakini, Kənd Təsərrüfatı institutunun müəllimi Arutyunyan Arzumanoviç Qazaryan olmuşdur. Qazaryan Əlisöhbət müəllimi 1933-cü ildən tanıdığını, tez-tez görüşdüklərini bildirib deyir ki, o institutun direktoru Ə.Dadaşovun və Musayevin ən yaxın çevrəsində olan, onun inanılmış adamlarından olmuşdur.
“...Xalq düşməninin himayəsindən istifadə edib maddi vəziyyətini yaxşılaşdırıb. Həmin şəxslərin köməyi sayəsində konspekt tərtib edib onu kiçik broşüra kimi çap edib. Orada dialektik və tarixi materializm haqqında marksizm-leninizm nəzəriyyəsi açıq-aydın təhrif edilib. O, əim görüşlü şəxs olub...”.
İfadəsi alınan şəxslərdən biri də Tiflis şəhərində anadan olmuş, Kənd Təsərrüfatı institutunun müəllimi, dosent Musabəyov Yusif Süleyman oğlu olmuşdu. O, ifadəsində bildirib: “...Rəhbərliyə yaxın adamlardan olmuşdur...Sumbatzadə və Pepinovun bir-birilərinə qarşı düşmənçiliklərinin şahidi olmamışam... Dialektik və tarixi materializmin tədrisində kobud səhvlərə yol verib. Marksizm-leninizm nəzəriyyəsini təhrif edib. Bəzi məsələlərdə trotskiçi-zinovyevçi konsepsiyanı əldə əsas tutub. Bu konsepsiyanı tərifləyən broşürasını müvafiq orqanların xəbəri və icazəsi olmadan, səhvlərlə dolu olaraq tələbələrə paylayıb”.
1912-ci il doğumlu, Kənd Təsərrüfatı institutunun müəllimi, meyvəçilik fakültəsinin dekanı İsmayılov Məmməd Ələkbər oğlunun ifadəsi də eyni məzmunda olmuşdur…
(…)
Maraqlı ifadələrdən biri o dövrdə Kənd Təsərrüfatı İnstitutunun tədris hissə müdiri olmuş Mustafayev İmam Daşdəmiroviçə(sənədlərdə belə yazılıb) məxsus olub.
Müstəntiqin “Sumbatzadəni tanıyırsınızmı” sualına o, təsdiqləyici cavab verib.
“ ...İnstitutun keçmiş müəllimi olub.
Sual:
-Nə vaxtsa Sumbatzadənin Pepinovu tənqid etməsini və ya mübahisə etməsini görmüsünüzmü?
Cavab:
-Mən institutda 1931-ci ildən işləyirəm. Bu müddətdə belə halın şahidi olmamışam....İnstitutun rəhbəri ilə çox yaxın olub...Ancaq o, əks-inqilabi fikirlərlə dolu olan broşüranı çap edib yaydıqdan sonra narazılıq artdı. Ə.Dadaşov ictimaiyyətin təzyiqi nəticəsində məcbur olub onu işdən çıxardı. O da, Ə.Dadaşovun əleyhinə material yazmağa başladı. Bundan sonra onların münasibəti kəskin şəkildə dəyişdi....Sumbatzadənin işdən çıxarılmasından az sonra Əzim Dadaşov da vəzifəsindən azad edildi.”
İstintaq materialları içərisində Kənd Təsərrüfatı institutunun Dialektik və tarixi materializm kafedrasının 19 iyun 1935-ci ildə keçirilmiş iclasının protokolu da var.
“ Gündəlik...6. Sumbatzadənin tədris materialları haqqında. Kafedranın üzvü Əli Yazıçı: Sumbatzadə tərəfindən hazırlanan mühazirə kafedranın rəyi alınmadan çap edilərək onu yeganə dərslik adı ilə tələbələr arasında yayıb. Bu məsələ haqqında rəhbərliyə bir neçə dəfə məlumat verilsə də, xeyli səhvləri olan bu broşüra yığışdırılmayıb. Tələbələrin əllərində hələ də qalıb. Lazımi ölçü götürmürlər. Bir neçə dəfə kafedra iclasında müzakirə edilməyə cəhd göstərilsə də, lakin institut rəhbərliyi lazımi qətiyyət göstərməyib...”.
Bu məsələ 14 yanvar 1936-cı ildə institutun partiya təşkilatında da müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.
“...Ziyanlı, xeyli səhvləri olan dərslik kimi dəyərsizdir, tənqidə yer verilmir, fəlsəfənin partiyalılığı prinsipi pozulub, marksizmin düşmənlərinə qarşı Leninin apardığı amansız mübarizə lazımi səviyyədə əks olunmayıb.
Antimarkisist cərəyanların Marks-Engels-Stalin tərəfindən tənqidinə lazımi diqqət yetirilməyib. Qeyri dəqiq formulirovkalara yol verib. Ayrı-ayrı problemin qavranması və izahında səhvlərə yol verib. Məsələn, dualizm, Kant və s.-yə münasibət buna misal ola bilər.
Fəlsəfənin sinfi mahiyyəti tam, aydın şərh edilməyib.
Yuxarıda deyilənləri nəzərə alaraq partiya təşkilatı qərara alır:
1. Tədris hissəsinə təklif edilsin ki, zərərli dərslik kimi bir rüb ərzində tələbələr arasında yayılmış nüsxələr geri qaytarılaraq yığışdırılsın.
2. Tahirova təklif edilsin ki, Sumbatzadənin dərs dediyi qruplarda dialektik və tarixi materializmin yenidən keçilməsi üçün tədris planında dəyişiklik etsin.
3. Antimarksist mövqeli bu vəsait barədə şəhər partiya komitəsinə məlumat verilsin. Sumbatzadənin mövqeyi bütün tələbələrin ümumi yığıncaqlarında pislənilsin. Kənd Təsərrüfatı İnstitutunun kafedralarında, institutun nəşriyyat hissəsində çap edilən bütün nəşrlərin ideya-siyasi səviyyəsi yoxlanılsın.
4. Direktorluğa təklif edilsin ki, təcili surətdə Az.K(b)P MK-nın məktəb və elm şöbəsi ilə razılaşdıraraq Sumbatzadəni işdən azad etsin.
Partiya təşkilatı müzakirə olunan məsələnin direktorluq, tədris hissəsi və kafedra tərəfindən müzakirəsinin uzadılmasını qeyd edir.
Qərar institutun qəzetində çap edilsin”.
Göründüyü kimi, söz yığınından ibarət olan bu qərarda konkret olaraq nəzəriyyənin hansı müddəalarının pozulması, digər nəzəriyyənin hansı ziyanlı tərəfinin təriflənməsi haqqında bir cümlə də deyilmir. Bunun doğru olmadığını ”qazdan ayıq” olan Akopov yaxşı bildiyindən bu barədə şahiddən heç nə soruşmayıb…
İstintaq materialında olan bir sənədə görə Əlisöhbət müəllimin atası 1872-ci ildə Əmircanda doğulmuş, partiya üzvü, təqaüdçü Fətəlizadə Sumbat Fətəli oğlu Az.SSR Üçlüyünün 31 noyabr 1937-ci il qərarı ilə CM-nin 72,73-cü maddələri ilə əks-inqilabi fəaliyyətinə görə səkkiz il azadlıqdan məhrum edilib.
Hərbi kollegiyanın 002399 saylı qərarı ilə Əlisöhbət müəllimin işi yenidən təkrar istintaqa qaytarılıb. Qərarda şahidlərdən obyektiv ifadə alınmasının zəruriliyi ayrıca qeyd edilmiş və göstərilmişdir ki, “işə baxılarkən mütləq məhkəmə iclasında Pepinov və Sumbatzadənin əksinqilabı təşkilata mənsubluğunu bildirən digər şahidlər dindirilsin. Bundan başqa Sumbazadə bir də yoxlanılsın”.
Əslində bu qərar o dövr üçün yenilik hesab edilə bilər. İşdə prokurorlar haqqındakı qərar da gözlənilməzdir. Qərarda prokurorluq orqanları qarşısında məsələ qaldırılıb ki, “belə işləri süni surətdə birləşdirməyə imkan verilməsin”.
SSRİ hüquq- mühafizə orqanlarının rəhbərliyi yuxarıların icazəsi ilə aparılmış istintaq-məhkəmə işlərinin mahiyyətini, belə işlərin qurama olduğunu, cinayət işlərinin süni şəkildə tərtib edildiyini çox yaxşı bilmiş, ancaq sistemin qulu olduqları üçün kənara çıxa bilməmişdilər. Lakin nadir hallarda məhkəmələr müəyyən məqsədlərlə, yuxarıların tapşırığı ilə “obyektivlik” nümayiş etdirmişlər…
Beləliklə, 15 iyun 1938-ci ildə Sovet Sosialist respublikaları İttifaqı adından Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı işə Gəncə şəhərində qapalı iclasda baxıb.
28 iyun 1938-ci il tarixdə davam edən iclasda əvvəlki hökm sadalanır, müttəhimin nə üstündə, nə vaxt həbs edildiyi göstərilir. Bildirilir ki, “...Pepinovun ifadələri təsdiqini tapmayıb. O, qiyamçı olmayıb, onlarla hərəkət etməyib, praktik fəaliyyəti yoxdur. Bunu nəzərə alaraq Azərbaycan SSR cm-nin 316, 317-ci maddələrini rəhbər tutaraq ona verilən 21,70 və 73-cü maddələr onun üzərindən götürülsün. Özünə bəraət verilsin”.
Lakin iş bununla yekunlaşmır, hökmün icrası nədənsə ləngiyir. Bu səbəbdən Əlisöhbət müəllim yuxarı instansiyaya şikayət edib.
14 noyabr 1938-ci ildə XDİK DTİ-i işə yenidən baxmış, əvvəlki qərarı qüvvədə saxlamışdır. III şöbənin III bölməsinin rəisi İsxakovun imzası, III şöbənin rəisi, DT-yi kapitanı Meşeryakovun “razıyam” dərkənarı ilə hazırlanan ittiham aktını XDİ Komissarı əvəzi, DT-i baş leytenantı Markaryan təsdiq etmişdir. İş baxılması üçün ZHD HP-u vasitəsi ilə Hərbi Tribunala göndərilib.
10 mart 1939-cu ildə ZHD HT-nın Səyyar Sessyası işə baxaraq məhkəmənin qapalı, vəkilsiz, prokurorsuz, ancaq şahidlər: Qazaryan, Musabəyov, İsmayılov və Mustafayevin çağrılması ilə keçirilməsi haqqında qərar qəbul edib. Qərarda həbs qəti imkan təbirinin saxlanılması da qeyd edilmişdir.
28 iyun 1939-cu ildə Gəncə şəhərində ZHD HT-nın Səyyar Sessiyasının iclası keçirilmişdir. Məhkəmənin sədri Briqada hərbi hüquqşünası Şirinyan, üzvlər: siyasi rəhbər Vetux və Musaev, katib III dərəcəli hərbi hüquqşünas Useynov olmuşdur.
Maraqlıdır ki, 10 mart 1939-cu ildə məhkəmənin qapalı keçirilməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq, indi saat 13-20-də işə başlayan məhkəmə iclası açıq elan edilmişdir. Sədr tərəfindən məhkəmənin tərkibi elan edilmiş, onun tərkibinə etirazın və əlavə vəsatətin olub olmadığı soruşulmuşdu. Müttəhim əlavə şahid çağrilması haqqında vəsatət versə də məhkəmə bunu qəbul etməyib.
“...Kifayət qədər şahid var. Əlavə istintaq hərtərəfli aparılıb. Ehtiyac yoxdur”.
Məhkəmə iclasında əvvəlcə müttəhimin tərcümeyi-halı barədə məlumat verilmiş, sonra isə ittiham aktı oxunmuşdur. Məhkəmədə şahidlərdən yalnız İ.D.Mustafayev iştirak etmişdir. Orada yazılanlara görə digərləri həmin vaxt respublikadan kənarda olmuşdur. Diqqətçəkəndir ki, dörd şahiddən üçünün iştirak etməməsini məhkəmə üzrlü saymışdır.
Şahid İ.Mustafayev əvvəllər verdiyi ifadəsini təsdiq edib.
Sonra söz Ə.Sumbatzadəyə verilmişdir. O, elan edilmiş ittihamlara bir-bir aydınlıq gətirmişdir. Əleyhinə verilmiş ifadələrin doğru olmadığını bildirmiş, bu ifadələrin müstəntiq Akopov tərəfindən saxtalaşdrıldığını faktlar və məntiqlə sübut etmişdir.
Əlisöhbət müəllim Pepinovun ondan sonra həbs olunmasına baxmayaraq müstəntiqin onun həbsindən əvvəki günə protokol tərtib etdiyini və bu protokolda onun guya əim təşkilata üzv olması barədə qeydlər olduğunu yazmışdır. Halbuki, bu fakt ifadənin saxta olduğunu sübut edir.
O, kafedra iclası haqqındakı protokoldakı ittihamlara da aydınlıq gətirib. Əlisöhbət müəllim bu protokolu saxta adlandırıb bildirir ki, iclasda cəmi üç nəfər olub.
“...Mən, Əli Yazıçı, Kazımov. O ikisi ilə münasibətlərimin pis olması, onları savadsız adlandırmamdan irəli gələn şəxsi-qərəzlikdən irəli gəlmişdi. Ona görə onlar mənim konspektimdə trotskiçi səhvlər olduğunu deyir. Buna qədər mən konspektlərimi MK-ya Kazımovun yaxın dostu, indi xalq düşməni kimi həbs cəzası alan Mikayıl Hüseynova və İsmayılova oxumağa vermişdim. İsmayılov da Əli Yazıçının yaxın dostu olub. Onlar məhz yuxarıda dediyim xalq düşmənləri vasitəsi ilə məni işdən çıxara bildilər. Sonra mən MK-nın katibi Bağırov yoldaşa şikayət etdim. Bu şikayətdən sonra məni yenidən əvvəlki işimə bərpa etdilər. İşimə bərpa olunana qədər mən 14 ay işsiz qaldım. Mən sübut etdim ki, konspektimdə trotskiçi deyil, fəlsəfi səhvlər var.
Mənə böhtan atanlar: Əli Yazıçı, kafedra müdiri; Qocayev-partiya təşkilatının katibi; Yusif Tahirov, Kənd Təsərrüfatı institutunun direktoru; Kosayev İmran,Tədris hissə müdiri; Əlizadə Əli və Kazımov. İndi onların hamısı xalq düşmənidirlər və həbs olunublar”.
Bundan sonra İ.Mustafayev söz alıb bildirir ki, “...Sumbatzadə işdən azad edildikdən sonra Bakı şəhərində yeni işə bərpa edildi. O, yeni işində də dialektik və tarixi materializmdən dərs deyib.
Sumbatzadənin Əzim Dadaşovla münasibətləri 1935-ci ildən, Musayevlə isə 1934-cü ilin iyun, yaxud iyul ayından korlanıb.
Sumbatzadəni institutda müəllim kimi hamı savadlı, həm Azərbaycan, həm də rus dilində yüksək səviyyəli dərs aparan şəxs kimi tanıyırdılar. Həbs olunan Əli Yazıçı, Tahirov, Kosayev, Əlizadə və Kazımov institutda Sumbatzadə kimi savadlı müəllim olmasını istəmirdilər”.
Bu çıxış adamda təəccüb doğurmaqla yanaşı, həm də düşündürücüdür. Şahidin məhkəmə prosesinin əvvəlindəki mövqeyi ilə indiki danışığı arasındakı fərqi görməmək mümkünsüzdür. Bax, əsl “havaşünas”lıq budur…
Bundan sonra Sumbatzadə işə bərpa olunması və ona qarşı bəzi şəxslərin haqsızlığa yol verməsi haqqında danışıb.
“...Mən işsiz olduğum vaxt işdən qanunsuz çıxarılmağım barədə MK-nın katibi Bağırova şikayət məktubu yazdım. O, mənim məktubumun üzərinə dərkənar qoyub Heydər Vəzirova göndərdi ki, təcili məni işimə bərpa etsin. Bağırov yoldaşın dərkənarına baxmayaraq o, məni işə göndərmədi. Mən ikinci dəfə Bağırov yoldaşa məktub yazdım. Bağırov yoldaş özü məni Ali məktəbə müəllim göndərdi. Bir müddət sonra MK-dan Mahmudov məni Ali məktəbdən çağırdı və bildirdi ki, mən Ali məktəbdə işləyə bilmərəm. Mən yenidən Bağırov yoldaşa müraciət etdim. O, yenidən məni işə bərpa etdi.
Mən 5 noyabr 1937-ci ildə, ancaq Məmməd Pepinov 17 noyabr 1937-ci ildə həbs olunub. Mən məhkəməyə gözləmə otağına gətiriləndə orada 17 nəfər var idi. Onlardan biri də M.Pepinov idi. O, mənə böhtan atmağa məcbur edildiyini söylədi...
Dadaşov Əzimlə şəxsi incikliyim olub və o bu səbəbdən mənə böhtan atır. Bir dəfə Dadaşov Əzim məndən kafedrada tələbələrə paylamaq adı ilə 7 min rubl aldı. Ancaq tələbələrə paylamaq əvəzinə öz maşınını təmir etdirdi. Buna görə ondan şikayət yazdım. Mərkəzdən tapşırıq oldu ki, 7 min rubl kafedraya qaytarılsın. Ona görə Ə.Dadaşov mənə böhtan atır.
B.Tixomirov heç vaxt Kirovabadda işləməyib. Bakıda fəaliyyət göstərib.
Məmməd Pepinovun özü Müsavat dövründə nazir işləyənin qardaşıdır. O, xalq düşməni kimi ifşa olunub, güllələnmə verilib. Deyəsən, sonra bu hökm 15 illə əvəz olunub.
Mənim işdən çıxarılmağımda rol oynayan Mikayıl Hüseynov, İsmayılov və Maqsudov sonradan vəzifədən azad olunmuş, xalq düşməni kimi ifşa edilərək həbs edilmişdir.
Qazaryan mənim əleyhimə ona görə ifadə verib ki ,onu mən işdən çıxarmışam.
Şahid İ.D.Mustafayev mənim işim üzrə əsas şahiddir. O, Kənd Təsərrüfatı institutunda direktor müavini, mən isə müəllim olmuşam. O da təsdiq etdi ki, mənim Dadaşov və Musayevlə münasibətlərim qeyri-normal olub. Ona görə mən belə şəxslərlə əks-inqilabi təşkilatda bir yerdə ola bilməzdim”.
Məhkəmə sədri təqsirləndirilənə məhkəmə istintaqına əlavəsi olub-olmadığını soruşub. Əlisöhbət müəllim heç bir əlavəsinin olmadığını bildirir.
Bununla da məhkəmə istintaqı yekunlaşıb. Sədr təqsirləndirilənə son söz verir.
“Mən günahkar deyiləm. Heç bir əks-inqilabi təşkilatın üzvü olmamışam, heç kim tərəfindən əks-inqilabi təşkilata cəlb edilməmişəm. Əksinə, mən xalq düşmənləri tərəfindən işdən çıxarılmışam. 14 ay işsiz olmuşam. Onlar tərəfindən böhtana məruz qalmışam. Məhkəmədən xahiş edirəm bunları nəzərə alıb mənə bəraət versin.”
16-30-da məhkəmə müşavirəyə gedir.17-30-da müşavirədən qayıdan Sədr məhkəmənin qərarını elan edir: “Ə.Sumbatzadəyə bəraət verilsin. Dərhal həbsdən azad edilsin.
00236 saylı Hökm
“SSRİ adından ZHD HT-nın Kirovabad şəhərində qapalı məhkəmə iclasının 28 iyun 1939-cu ildə keçirilən iclasında Əlisöhbət Fətəli oğlu Sumbatzadə haqqında verdiyi Bəraət qərarı”.
(Son)
Təqdim etdi:
Sultan Laçın