"Temperaturun hətta kiçik dəyişikliyi daha tez-tez və ekstremal hava hadisələrinə səbəb ola bilər..."
Yer üzündə istilik artır. 2024-cü ildə qlobal istiləşmə 1,5°C-lik kritik həddi keçib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat verib.
"Berkeley Earth"-dən iqlimşünas Zik Hausfater izah edir ki, dərəcənin hər onda bir hissəsinin əhəmiyyəti var: temperarurun artması ilə nəticələr daha dağıdıcı olur.
2015-ci ildə 195 ölkə tərəfindən imzalanan Paris Sazişi iqlim dəyişikliyinin ən təhlükəli təsirlərindən qaçmaq üçün istiləşməni 1,5°C səviyyəsində saxlamağı nəzərdə tutub.
Nəşr "Copernicus" iqlim xidmətinin dərc etdiyi yeni məlumatlara istinadən bildirir ki, 2024-cü il müşahidə tarixində ən isti il olub və planetin orta temperaturu sənaye inqilabından əvvəlki səviyyə ilə müqayisədə ilk dəfə 1,5°C-i keçib. Buna baxmayaraq, uzunmüddətli göstəricilər hələ də bu həddən aşağıdır, lakin temperatur artımı meyli aydın şəkildə görünür.
Təəccüblü deyil ki, son onillik tarixdə ən isti dövr olub. Qlobal istiləşmənin əsas səbəbi isə hələ də atmosferdə toplanmağa davam edən karbon qazı kimi insan mənşəli istixana qazı emissiyalarıdır.
Bundan əlavə, təbii iqlim fenomeni olan El-Ninyo da istiləşməyə öz təsirini göstərib, lakin əsas amil
insan fəaliyyətidir. "Copernicus"-un direktor müavini Samanta Berdcesin sözlərinə görə, istixana qazlarının yüksək konsentrasiyası iqlim dəyişikliklərinin əsas səbəbidir.
Alimlər xəbərdarlıq edir ki, hətta temperaturun kiçik dəyişiklikləri daha tez-tez və intensiv ekstremal hava hadisələrinə səbəb ola bilər.
2024-cü ildə dünya Qərbi Afrikada ekstremal istilik, Cənubi Amerikada uzunmüddətli quraqlıq, Mərkəzi Avropada güclü yağışlar və Şimali Amerika ilə Cənubi Asiyada dağıdıcı tropik qasırğalarla üzləşib.
Bəzi alimlər bu prosesin istiləşmə sürətini artıracağından narahatdır. Tədqiqatçılardan biri qeyd edib: "2023 və 2024-cü illərdə temperatur bizi təəccübləndirib. 1,5°C həddini bu qədər tez keçəcəyimizi gözləmirdik."
Tədqiqatlar göstərir ki, Los-Anceles uzunmüddətli quraqlıq səbəbindən böyük meşə yanğınlarından əziyyət çəkib.
Planet 1,5°C həddinə sürətlə yaxınlaşmaqda davam etsə də, alimlər vurğulayır ki, istixana qazı emissiyalarının azaldılması istiləşmə sürətini azalda bilər.