Qərbin “sülh siyasəti” müharibədən daha çox öldürür...
Ekskluziv
473
16:31, Bu gün

Qərbin “sülh siyasəti” müharibədən daha çox öldürür...

Artıq bir neçə ildir ki, Avropa İttifaqının Sülh Fondu Ermənistanı silahlandırmaqda davam edir. Bu fakt Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi 7 yanvar 2025-ci il tarixli müsahibəsində də öz əksini tapıb. Dövlət başçısı Qərbin Sülh Fondu adı altında həyata keçirdiyi  militarizm siyasətini tənqid edərək deyib:

 

“Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil”.

 

Dövlət başçısının da sözlərindən məlum olduğu kimi, riyakarlığı dövlət siyasəti və beynəlxalq təsisatlar səviyyəsinə yüksəldən Qərb, hətta Sülh Fondundan belə hərbi məqsədlər üçün istifadə etməkdə, erməni faşizmini silahlandırmaqdadır. Burada təhlükə doğuran yeganə məqam Sülh Fondunun Ermənistan üçün silah təchizatçısına çevrilməsi deyil. Burada narahatlıq doğrudan digər bir məqam həm də ondan ibarətdir ki, müasir Qərb təcavüzkar və terrorçu dövlətləri nəcib ifadələr, humanist dəyərlər adı altında silahlandırmağı günlük həyat normasına çevirib. Dünyada sülhün təmin edilməsi üçün Sülh Fonduna daxil edilən vəsaitlər tamamilə əks məqsədlərə - müharibə və hərbi qarşıdurmalara sərf edilir.

 

Bu fakt bir daha sübut edir ki, Qərbin sülh siyasəti onun müharibə siyasəti qədər, bəlkə ondan daha çox təhlükəlidir. Çünki Qərbin sülhü müharibəsindən daha çox öldürür, daha ağır bəlalar gətirir. Ancaq Qərb, Avropa İttifaqı və onun Sülh Fondu bilməlidir ki, erməni faşizmini hansı adla silahlandırmasından asılı olmayaraq, Azərbaycan terror dövlətinin hərbi baxımdan yenidən dirçəlməsinə imkan verməyəcək. İstənilən halda itirən yenə də Ermənistan və onun hərbiləşdirilməsinə vəsait ayıran dövlətlərin büdcəsi olacaq.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər