Erməni müstəntiq Novruz bayramı günündə Bakıda ali məktəb müəlliminə ittiham elan etdi...
Ekskluziv
411
14:59, Bu gün

Erməni müstəntiq Novruz bayramı günündə Bakıda ali məktəb müəlliminə ittiham elan etdi...

 
“İnsanın gələcək həyatına ağır təsir göstərəcək qərarın həbs olunan adama belə laqeydcəsinə verilməsi, müstəntiqin cinayətkar hərəkətlərinə cavab verməyəcəyinə arxayınlıqla hərəkət etməsi, adamı dəhşətə gətirir...”
 
"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və  BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
 
(Əvvəli burada:
 
“Müəllim:Əlisöhbət Sumbatzadə
   
Repressiyanın ağır işgəncələrinə məruz qalanlardan biri də vaxtı ilə ADU-nun tələbəsi olmuş, 1950-ci illərdə isə orada tarix fakültəsində kafedra müdiri işləmiş Əlisöhbət Söhbət oğlu Sumbatzadə olmuşdur. 
 
1937-ci ilin noyabrında XDİK-nın DTİ Ə.Sumbatzadəyə qarşı Azərbaycan SSR cm-nin 64,70,73-cü maddələri ilə cinayət işi başlamışdır .
4 noyabr 1937-ci ildə Azərb. SSR XDİK DTİ III şöbəsinin kapitanı  Q.V.Xodjamirov yuxarı instansiyaya Əlisöhbət müəllimin həbs edilməsinin zəruriliyi barədə arayış göndərib. 
Arayışda bildirilir ki, “bizim tərəfimizdən həbs olunmuş İbrahim Biləndər oğlu Tağıyevin və digər əim(əks-inqilabçı Müsavat) təşkilatın Kirovabad şəhərindəki üzvlərinin ifadəsinə görə Sumbatzadə də bu əksinqilabçı təşkilatın üzvü olmuşdur və onun tərkibində praktik olaraq əks-inqilabi iş aparmışdır.
 
Yuxarıda deyilənləri nəzərə alaraq Sumbatzadə Suxfatın həbs olunaraq Azərbaycan SSR cinayət məcəlləsinin 64 və 73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini lazım bilirəm”.
 
Onu da bildirim ki, istintaq sənədlərində bu alimin soy adı bəzi yerlərdə Fətəliyev, adı isə Suxfat, Suxtat kimi verilmişdir.
 
Beləliklə, cəza prosesi başlayıb. Elə ertəsi gün, 5 noyabr 1937-ci ildə Bakı şəhərində Sumbatzadəyə ittihamın elan edilməsi və qəti imkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilib.
 
Hazırlanmış cinayət işinin ilkin materialları ilə tanış olan DTİ-nin III şöbəsinin leytenantı Q.V.Kovrijenko qərara gəlib ki, “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş müəllimi, şəhərin Maksim Qorki küç, 3-də yaşayan Fətəliyev Söhbət əim üsyançı təşkilatın üzvü kimi kifayət qədər ifşa edilmişdir. Məhz bunlar nəzərə alınaraq Əlisöhbət Sumbatzadə Azərb. SSR cm-nin 64, 73-cü maddələri ilə təqsirli bilinib həbs olunsun”.
Qərarı hazırlayan Az.SSR XDİK DTİ-nin III şöbəsinin əməliyyat müvəkkili, leytenant Q.V.Kovrijenko, təsdiq edən isə III şöbənin rəisi Xodjamirov olmuşdu. 
 
Lakin nəzərdə tutulan uzun müddətli həbs və cəza üçün bu dəlillərin kifayət etmədiyini istintaq orqanı yaxşı anlayırdı. Bu səbəbdən erməni millətindən olan müstəntiq, DTİ-nin III şöbəsinin əməliyyat müvəkkili, serjant Akopovun əli ilə Sumbatzadəyə qarşı heç bir əsaslı dəlil, fakt olmadan, qurama sözlərdən ibarət olan əlavə ittiham irəli sürülməsi haqqında qərar qəbul edilib. 
Akopovun qərarında yazılıb: 
 
“1937-ci ilin yayında Azərb. XDİK-i tərəfindən Kirovabad şəhərində ləğv olunmuş əim, qiyamçı təşkilatın istintaq materialları ilə tanışlıq göstərdi ki, Əlisöhbət Sumbatzadə də bu əks-inqilabi təşkilatın üzvü olmuşdur. Məhz buna əsasən Sumbatzadə həbs olunmuş və ona qarşı Azərb. SSR cm-nin 64,73-cü maddələri  ilə cinayət işi qaldırılmışdır. Bu işlə bağlı aparılan istintaqla müəyyən edilmişdir ki, müttəhim Ə. Sumbatzadə Azərb. əim qiyamçı, terrorçu, təxribatçı, ziyankar təşkilata cəlb edilmiş və onun üzvü olmuşdur. Təşkilatın Azərbaycanı SSRİ-dən ayırmaq və Azərbaycan SSR-də silahlı üsyan hazırlamaq barədə planlarından onun məlumatı olmuşdur.
Yuxarıda deyilənləri nəzərə alaraq qərara alıram:
Sumbatzadəyə əvvəllər elan edilmiş Azərb. SSR CM-nin 64,  73-cü maddələrinə Azərb. SSR cm. 21-70-ci maddəsi də əlavə olunsun”.  
Əlisöhbət müəllim ona verilən bu əlavə maddə ilə tanışlığını  imzası ilə təsdiq edib. 
 
Qərarı əvvəlcə DTİ III şöbəsinin VI bölməsinin əməliyyat müvəkkili Akopov, III şöbənin rəisi kapitan Panov imzalamış, onu isə 21 mart 1938-ci ildə Azərb.SSR XDİK müavini, Dövlət Təhlükəsizliyi mayoru Borşov təsdiq etmişdir.
 
Yalnız bundan sonra vərəqin sonunda Əlisöhbət müəllim öz xətti ilə yazmışdır: “Bu qərar mənə 21 mart 1938-ci ildə elan edildi”.
İnsanın gələcək həyatına ağır təsir göstərəcək qərarın həbs olunan adama belə laqeydcəsinə verilməsi, müstəntiqin cinayətkar hərəkətlərinə cavab verməyəcəyinə arxayınlıqla hərəkət etməsi, adamı dəhşətə gətirir...
 
Bütün bunlardan sonra, Azərb.SSR XDİK DTİ Ə.Sumbatzadənin həbs olunması haqqında 5 noyabr 1937-ci ildə etibarlıq müddəti üç gün olan 2470 saylı order vermişdir. Ancaq bu  üç gün onun üçün əzablı aylara, illərə çevrildi.
 
Elə səhərisi, 6 noyabr 1937-ci ildə Azərb. SSR XDİK DTİ-nin əməliyyat işçisi Serxov 2470 saylı order əsasında M.Qorki küç. ev 3-də yaşayan Ə.Sumbatzadənin evində vətəndaş İbrahimov Həmid İmran oğlunun iştirakı ilə axtarış aparmışdır. Müsadirə olunan sənədlər, qiymətli şeylər: Pasport № 177100;  Hərbi bilet №436; Şəkil-7 ədəd; Müxtəlif şəkillər, qəzetə bükülmüş köhnə əşyalar, lüğət olmuşdur. Beləliklə, bu elm adamının evindən tapılmış qiymətli əşyalar yalnız bundan ibarət olmuşdur.
 
Doğrudur, axtarışa rəhbərlik edən Akopov və başqaları aktda qeyd ediblər ki, “istintaq üçün əhəmiyyət daşımayan əşyalar, müxtəlif yazışmalar, məktublar 3,4,5 və 6-cı maddələrə əsasən yandırılaraq məhv edilmişdir”.
 
Görünür ki, bu maddələr axtarış aparılması haqqında DTİ-nin hazırladığı təlimatdır. 
Qeyd edim ki, axtarışlarımıza baxmayaraq bu təlimatı tapmaq mümkün olmadı. 
 
Digər çox mühüm məsələ istintaq altında olan şəxslərə qarşı istifadə olunan dəhşətli 3 №-li metod barədədir. Məlumdur ki, istintaq altında olan müttəhim istintaqa sərf edən cavab verməyəndə, istintaqla könüllü əməkdaşlıq etməyəndə ona qarşı 3№ li metod tətbiq olunmuşdu. Bu metodun tətbiqindən sonra müttəhim hətta ən yaxınlarının belə əleyhinə ifadələrə qol çəkmək məcburiyyətində qalmışdir. Təəssüf ki, uzun müddət axtarış aparmağımıza baxmayaraq bu metodun tətbiq edilməsinə icazə verilməsi barədə qərarı, onun konkret tətbiq formaları barədə yazılı  rəsmi əmri tapa bilmədik.
 
Bundan sonra müttəhimin işində anket məlumatları verilmişdir.
 
Anket məlumatında soyad iki formada, Sumbatzadə - Fətəliyev, ad isə Əli-Söhbət kimi verilmişdir.
Orada göstərilir ki, təqsirləndirilənin anadan olduğu il 1907, doğulduğu yer Bakı şəhəri, Əmircan kəndi, yaşayış yeri M.Qorki küçəsi 3 olmuşdur.
 
Yeri gəlmişkən, istintaq materiallarının bəzi yerlərində bu ünvanın Kirovabad şəhərində olduğu qeyd edilmişdir.
 
Anket məlumatında yazılmışdır: ”Məşğuliyyəti və sənəti- pedaqoq.
 
İş yeri: 1936-cı ilin yanvarına qədər S.M. Kirov adına Kənd Təsərrüfatı İnstitutunda dekan, dialektik və tarixi materializm kafedrasında müəllim.
 
Sosial mənşəyi fəhlə, atası qazmaçı. Qeyd edir ki, atası da Azərb. SSR XDİK tərəfindən həbs olunub. Ancaq səbəbi ona məlum deyil.
 
Sosial vəziyyəti-qulluqçu; inqilaba qədər tələbə, inqilabdan sonra tələbə, işçi.
 
Təhsil –ali, 1929-cu ildə Bakı Dövlət Universitetini bitirib, Azərbaycan  Dövlət  Elmi Tədqiqat İnstitutunda fəlsəfə bölməsində aspiranturada oxuyub.
 
Partiyalılığı-bitərəf; 1920-1927-ci illərdə fasilələrlə komsomolun üzvü olub. 1927-ci ildən mexaniki olaraq xaric edilib.
Milliyyət -azərbaycanlı.
 
Hərbi vəzifəsi-sıravi, Kirovabad şəhər Hərbi Komissarlığı.”
Anketdə çox maraqlı suallardan biri o dövr üçün çox xarakterik olan ağqvardiyaçı və ya digər əksinqilabi ordularda, bandalarda, Sovet hakimiyyətinə qarşı üsyanlarda iştirak edib etməməsi, əgər edibsə, nə vaxt və hansı şəraitdə olub sualıdır. Müttəhim bu suala “iştirak etməmişəm”  deyə cavab yazıb.
 
14 maddədən ibarət olan anket məlumatı ailə tərkibi sorğusu ilə bitib. Əlisöhbət müəllim bu suala belə cavab yazıb: “Arvadı İbrahimbəyli Eva Zaidovna -24 yaş, tələbə,APİ-xarici dil ”. 
 
İşdə olan maraqlı sənədlərdən biri istintaqın müddətinin uzadılması və buna guya səbəb olan amillərlə bağlı serjant Akopovun qərarıdır. Bu serjant rütbəli erməni müstəntiq guya işi araşdırdıqdan sonra aşağıdakıları tapıb: “1937-ci ilin yayında Azərb. SSR XDİK tərəfindən Kirovabad şəhərində fəaliyyət göstərən əks-inqilabçı qiyamçı təşkilatın istintaq materialları göstərir ki, ittiham elan olunmuş müttəhim Sumbatzadə yuxarıda adı çəkilən əks-inqilabi təşkilata cəlb edilmiş və onun üzvü olmuşdur. Məhz buna görə o həbs edilib və cinayət məsuliyyətinə cəlb edilmişdir. İndi iş əlavə istintaq əməliyyat işləri aparmağı zəruri edir.
 
Müəyyən edilsin ki, müttəhim Sumbatzadənin əks-inqilabçı millətçi qiyamçı təşkilatla konkret təşkilati əlaqələri aydınlaşsın, ona verilən əks-inqilabi ziyankar fəaliyyət sübuta yetirilmiş olsun. Bu səbəbdən istintaq işinin vaxtının uzaldılması zəruridir. 
Qərara alıram: SSRİ MİK Rəyasət Heyəti qarşısında vəsadət qaldırılsın ki, bu istintaq işinin müddətini bir ay uzatsın”.
 
Qeyd edək ki, vaxtı bir ay uzadılmış istintaq işi bu müddət ərzində Sumbatzadənin günahını sübuta yetirə bilmədiyi üçün 26 yanvar 1938-ci ildə Akopovun təklifi və SSRİ MİK Rəyasət heyətinin qərarı ilə ikinci dəfə 6 mart 1938-ci ilə qədər uzadılmışdır .
Sonradan bu hal eyni qaydada üçüncü dəfə uzadılmışdır.
İstintaq materillarında yazıldığına görə, müstəntiq Əlisöhbət müəllimi ilk dəfə həbs olunduğu günün səhəri, yəni 6 noyabr 1937-ci ildə dindirmişdir. Müstəntiq Akopov elə ilk sualdan şantaja keçərək bildirib ki, guya “...istintaqa məlumdur ki, sən Azərbaycan əks-inqilabçı millətçi qiyamçı təşkilatın iştirakçısı və bu təşkilatın Kirovabad qrupuna daxilsən. Bunu təsdiq edirsənmi?”
 
 Lakin Əlisöhbət müəllim bunu inkar edərək belə bir təşkilatın mövcudluğundan xəbəri olmadığını bildirib.
Akopovun ikinci sualı daha hiyləgər olmuşdur. “İstintaqa dəqiq məlumdur ki, sən həqiqətən əks-inqilabi millətçi təşkilatda iştirak edirsən.Təklif olunur ki, həqiqəti söyləyəsən”.
Görünür, müstəntiq sualı bu təşkilata daxil olmusan deyil, iştirak edirsən kimi qoymaqla təqsirləndiriləndən məhz bu iştirakın formasının cavabını almaq istəmişdir.
 
Elm adamı olan Əlisöhbət müəllim rütbə və təfəkkürcə serjant olan müstəntiqin bu hiyləsini düzgün anlamışdı. Bütün çətinliklərə baxmayaraq o, cavabında “Təkrar edirəm, heç zaman, heç bir əks-inqilabi təşkilatın üzvü olmamışam” -deyə bildirib.
 
Əlisöhbət müəllimin növbəti dindirilməsi 1937-ci il dekabrın 22, 23-də olub. Ənənəvi suallardan sonra müstəntiq ondan soruşub: “ Əzim Dadaşovu tanıyırsanmı? Cavab: Bəli. Onu 1921-ci ildən Torpaq Komitəsində olandan tanıyıram. Biz bir-birimizlə yaxın olmuşuq. Müstəntiq: Hüseyn Biləndərli, Əzim Dadaşovla birlikdə sizdə olubmu? Cavab: Bəli, bir dəfə olub”.
İstintaqda Əlisöhbət müəllim Ə.Dadaşovun xarakteri, onunla münasibətləri və s. haqqında daha geniş, ətraflı məlumat verib. 
 
“...Ona  münasibətim həmişə yaxşı olub. Moskvaya oxumağa gedəndə və gəldikdən sonra həmişə böyük kimi ehtiram bəsləmişəm. O, əvvəl fəhlə fakültəsində, sonra isə Moskvada Plexanov adına Xalq təsərrüfatı institutunda, mən də əvvəl Müəllimlər seminarıyasında, sonra da ADU-da oxudum. Oranı vaxtından əvvəl, 1930-cu ildə bitirib ADET- nun  nəzdində fəlsəfə ixtisası üzrə aspiranturaya daxil oldum. Ə.Dadaşov da həmin vaxt oraya iqtisadiyyat üzrə aspiranturaya girdi. Orada oxuduğumuz dövrdə bir-birimizə kömək etmiş, yaxın dost olmuşuq. Az hallarda olsa da bir- birimizin evinə gedib-gəlmişik. Mən onlarda iki-üç dəfə olmuşam.
 
1931-ci ilin mayında aspiranturanı bitirdim. Hər ikimiz aspirantura illərində müxtəlif ali məktəblərdə dərs deyirdik. Mən 1930-cu ilin yanvar-sentyabr aylarında Fəhlə Universitetində  dialektik və tarixi materializmdən, Ə.Dadaşov isə Diş həkimləri institutunda siyasi iqtisaddan dərs dedik.
 
1930-cu ilin sentyabrında APİ-yə işə göndərildim və 1931-ci ilin sentyabrına qədər orada işlədim. Bu dövrdə Ə.Dadaşov Azərbaycan Kənd Təsərrüfatı institutunda (Bundan sonra KTİ-B.Əziz) işlədi. Balıqçılıq institutunda direktor oldu. Beləliklə, biz müxtəlif yerlərdə çalışdıq.
 
1931-ci ilin sentyabrında Ali məktəblərin yenidən qurulması ilə bağlı Kirovabada işləməyə səfərbər edilərək göndərildim. O da, orada işləyirdi. Burada daha da dostlaşdıq.
 
1933-1934-cü ildə əvəzçiliklə Tiflisdə Zaqafqaziya Yol Mühəndisləri institutunda işlədim. Orada dialektik və tarixi materializmdən dərs dedim.
 
1935-ci ildən əvvəlcə aramızda soyuqluq yarandı, sonra isə pozuldu. Bu dövrdə Əzim Dadaşov KTİ-nun direktoru idi. Məndə orada müəllim olmaqla bərabər, eyni zamanda qiyabi nəşriyyat bölməsində çalışırdım.Münasibətlərimizin soyuqluğunun səbəbi belə oldu... Sonra mənim nəşriyyat işlərindəki qazancımla bağlı anlaşılmazlıq yarandı. O, həm mənə, həm də instituta məxsus olan pulu yazaraq özünə götürüb maşınını təmir etdirdi. Xeyli pul idi. Bu barədə Moskvaya, SSRİ Torpaq Komissarlığına və başqa lazimi yerlərə şikayət etdik. Azərbaycan SSR Torpaq Komissarı Vəzirov bunları yoxlatdı. 
 
Bu zaman Ə.Dadaşov məni yanına çağırıb dedi: Sən mənim yanımda şöbə müdirisən bunları boynuna götür. Mən səni müdafiə edərəm. Bunu rədd edib bildirdim ki, mən sənə görə XDİK-na gedib cavab verə bilmərəm. O, təkid etsə də, mən razılaşmayıb minnətdarlıq edib getdim. 
 
Nəhayət, aramısdakı narazılığın üç əsas səbəbi vardı. Mən aqronom, aqrotexnika və digər kənd təsərrüfatı ixtisası üzrə ixtisasartırma kurslarının mühasib kursuna Abramov familiyalı bir şəxsi təyin etmişdim. O, mənim bu hərəkətimi özbaşınalıq kimi qiymətləndirdi və əmri ləğv edib onu işdən çıxardı. Mən də bu əmri yerinə yetirmədim. Onu başqa ştatla işdə saxladım. Mən mühasibatlıqda onun müəyyən özbaşınalıqlarına yol verə bilməməsi üçün belə etdim....
 
Bundan başqa, o, özünə hər ay guya mühazirə oxumaq adı ilə 1050 rubl qanunsuz əlavə pul yazırdı. Bu zaman o, Azərbaycan Torpaq Komissarı Vəzirovun himayəsindən istifadə edirdi...
 
1935-ci ilin may ayında Az.K(b)P-dan Kirovabada komissiya gəldi. Bütün bu maliyyə pozuntuları və yeyintiləri haqqında komissiyaya məlumat verdik... 
 
Bundan sonra o, işdən azad olundu... Bu əhvalatın ardınca Ə.Dadaşov və tərəfdarları məndən yuxarılara böhtan dolu məktublar yazmağa  başladılar. Onlar daha çox vurğulayırdılar ki, guya mən trotskiçiyəm. Bunun isə heç bir əsası yox idi. Beləliklə, 1935-ci ilin mayından sonra biz heç bir vaxt görüşmədik.
 
Bir neçə kəlmə də onun fizionomiyası haqqında. Birincisi, o, hər şeydə, ümumi məsələlərdə də, dar düşüncəli, yalnız öz xeyrini güdən bir adam idi....
 
İkincisi, o, savad baxımından bacarıqlı tələbədən aşağı səviyyəli bir adam idi. Heç bir zaman bütöv elmi sistem mənimsəməyə çalışmayıb. Aspiranturada oxuduğu illərdə bir dənə də olsun məqalə yazmayıb. Professor titulunu isə indi həbs olunan H.Rəhmanovun himayəsi ilə əldə edib.
 
Üçüncüsü, o, kommunist olmasına baxmayaraq heç vaxt ideya baxımından layiqli, yüksək mənəviyyatlı kommunist olmayıb. Azərbaycanda 1920-ci il Aprel inqilabına qədər Ə.Dadaşov müsavatçıların əhatəsində olub. İnqilabdan sonra isə həmişə böyüklərin, Xanbudaqov, D.Bünyadzadə, H.Vəzirov və başqa burjua millətçilərinin quyruğu olub.
 
Sual: İfadənizdən belə çıxır ki, Ə.Dadaşovun uzun illər əim olduğunu bilərək onunla yaxın əlaqə saxlamısan. Onun əim baxışlarını bölüşürdünmü? Cavab:  Xeyir, heç bir vaxt. Sual: Doğru demirsən. İstintaqa məlumdur ki, nəinki onun əim görüşlərini bölüşmüşmüsən, hətta onun yeritdiyi əim təbliğatı müdafiə etmisən. Cavab: Mənə Ə.Dadaşovun yeritdiyi bir dənə də olsun əim iş məlum deyil. Ona görə mənə məlum olmayan bir işi də müdafiə edə bilmərəm”. 
Bundan sonra müstəntiq Əlisöhbət müəllimin yenə düz danışmadığını söyləyib onun Biləndərli və digərləri ilə birlikdə  əksinqilabçı qiyamçı millətçi təşkilatda fəaliyyət göstərdiyini bildirib. Sübut üçün H.Biləndərlidən işgəncə yolu ilə 20-23 may 1937-ci ildə alınmış ifadəsini oxuyur. 
(…)
Əlisöhbət müəllim bu ifadəni də qəbul etməyib onun doğru olmadığını bildirdikdən sonra müstəntiq ondan soruşur: “Ə.Dadaşov və H.Biləndərli sizdə olarkən əim görüşlər barədə söhbət aparıbmı? Cavab: Xeyr. Onlar bizim evdə olanda ADETİ-kı qrupların mübarizəsindən söhbət aparırdılar. Çünki, Ə.Dadaşov partiya təşkilatının, H.Biləndərli isə komsomol təşkilatının katibi idi. Mən isə heç bir ictimai işdə fəaliyyət göstərmirdim. Bitərəf idim. Partiya üzvü deyildim. Həm də bu mübarizənin xarakterini, səbəbini bilmirdim. Ona görə belə mübahisələrdə iştirak etmirdim. Onların əim söhbətlər aparmasını eşitməmişəm. 
Sual: Yenə düz danışmırsan. Evinizdə olarkən Ə.Dadaşov və H.Biləndərlinin söhbətlərində əim məsələlərdən danışmısınız. Bunlar H.Biləndərlinin 20-23 may 1937-ci ildə istintaqa ifadəsində öz əksini tapıb. O deyir: “Söhbət Fətəliyevin evində olarkən biz aramızda əim mövzuda söhbətlər danışırdıq. Yeri gəlmışkən, bu əim danışıqlarda rəhbər rol hər dəfə Ə.Dadaşova məxsus idi.” Bu barədə nə deyə bilərsən?”
 
Əlisöhbət müəllim onların evində belə söhbətlərin heç bir vaxt aparılmadığını, bunun böhtan olduğunu bildirib.
 
Belə cavabdan sonra müstəntiq ondan H.Biləndərli ilə münasıbətinin necə olmasını soruşmaqla istintaqı başqa istiqamətə yönəldib. 
 
“Cavab: H.Biləndərli ilə münasibətlərim yaxşı olub. Biz bir-birimizi müdafiə etmişik, köməklik göstərmişik. Yoldaşlığımız, dostluğumuz olub. Sual: Demək Biləndərlinin Sənə böhtan atmasını deməyə əsasınız yoxdur. Sənin Ə.Dadaşovla əim əlaqə saxlamağın qiyamçı təşkilatın üzvü Heydər Vəzirovun ifadəsində də təsdiqini tapmışdır. “Ə.Dadşov mənə söylədi ki, o, Az.KTİ-nun keçmiş müəllimi Ə.Sumbatzadə ilə əlaqə saxlayır.” Bu barədə nə deyə bilərsiniz?.  Cavab: Xeyir, bu doğru deyil... Sual: İstintaqa nəinki əim əlaqələrin, hətta əim qiyamçı təşkilatın üzvü olmanız məlumdur. Bunu etraf edirsinizmi?” 
Müstəntiq yenə  xeyr cavabı alıb. Akopov bundan sonra ona guya Azərbaycandakı əim təşkilatın mərkəzinin üzvü və bu təşkilatın Gəncə üzrə rəhbəri olan İbrahim Tağıyevin 17 avqust 1937-ci il tarixdə istintaqa ifadəsini oxuyub. 
 
“1935-ci ildə mən Az.KTİ-nun müəllimi Məmməd Pepinovu cəlb etdim. Onunla müntəzəm görüşürdüm. O, mənə hesabat verdi ki, əim təşkilata KTİ-nun müəllimi Əlisöhbət Sumbatzadəni cəlb edib. Bunu etiraf edirsinizmi? Cavab: Xeyr,rədd edirəm. Sual: Sən istintaqa müqavimət yolunu tutmusan. Açıq, təkzibedilməz faktları inkar edirsən. 
 
Əim qiyamçı təşkilatın üzvü olmağınız  Məmməd Pepinovun 9 dekabr 1937-ci il ifadəsində  də öz təsdiqini tapıb.”1935-1936-cı ilin qışında mən Pepinov Məmməd Əmən oğlu əim qiyamçı təşkilata kənd təsərrüfatı institutunun baş müəllimi, dialektik materializmdən dərs deyən Əlisöhbət Sumbatzadəni cəlb etdim“. İndi  etiraf edəcəksənmi ki, əim qiyamçı təşkilatın üzvü olmusan? Cavab: Xeyr, qətiyyətlə rədd edirəm. Məni heç kim, heç bir vaxt belə bir təşkilata cəlb etməyib. Pepinovun ifadəsindəki fikirləri tamamilə rədd edirəm.” 
 
Belə cavab müstəntiq Akopovu qane etmədiyi üçün təzyiqi davam etdirərək onu Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı, prof. B.N.Tixomirovun 29-30 iyun 1937-ci ildə istintaqa verdiyi ifadəsi ilə tanış edib. 
 
 “... Bundan başqa mənə məlumdur ki, trotskiçilər bir sıra ali məktəblərdə, o cümlədən Kirovabad kənd təsərrüfatı institutunda da əks-inqilabçı millətçi təşkilata üzv cəlb etmişlər. Onlar aşağıdakılardır: ...10.Sumbatzadə, diamat müəllimi. 11. İsmayılov Mikayıl, tarix və diamat müəllimi. Son dövrlərdə Dövlət Muzeyində işləyir. 12. Əzim Dadaşov. Siyasi-iqtisad müəllimi. Kirovabad kənd təsərrüfatı  institutunun keçmiş direktoru. 13. Siyasi iqtisad üzrə prof. Milliyətcə ya erməni, ya da yəhudi. Böyük qara işləri aparır, familiyasını unutmuşam ”.
 
Ə.Sumbatzadə bu ifadədə də özünə aid olan hissəni qətiyyətlə təkzib edib heç bir əks-inqilabi təşkilatda fəaliyyət göstərmədiyini bir daha bildirir.
 
Müstəntiq Ə.Sumbatzadəni Bakı Dövlət Universitetinin başqa bir müəllimi, eyni vaxtda APİ-də tarix kafedrasının müdiri vəzifəsinə çalışan prof. A.S.Bukşpanın istintaqa verdiyi eyni məzmunlu ifadəsi ilə tanış edib. Ancaq Əlisöhbət müəllim bu ittihamı da təkzib edib.
 
Müstəntiq Akopov bundan sonra Əlisöhbət müəllimə təqsirləndirilən Vəzirov Heydər Sadiq oğlundan 20 dekabr 1937-ci ildə istintaq zamanı alınmış ifadəsini oxuyub.
(…)
 
Əlisöhbət müəllim yenə də Ə.Dadaşov və qeyriləri ilə hər hansı əks-inqilabi fəaliyyətdə olmadığını, belə bir təşkilatın mövcud olmasından xəbərsiz olduğunu  bildirib.
Burada bir cəhət diqqəti cəlb edir. Bu da adları əim dünyagörüşlü “unudulmuş” tələbələrin qeyd edilməsidir. Görünür ki, müstəntiq gələcəkdə bu təhsil ocağının tələbələrinin də repressiyası üçün zəmin hazırlamağı düşünüb.
 
Bununla da istintaq işi yekunlaşıb. Bu barədə 21 mart 1938-ci ildə müstəntiq Akopov tərəfindən protokol tərtib olunub. Müttəhim onunla tanış olaraq  əlavəsinin olmadığını bildirib.
 
İttiham aktını XDİK vəzifəsini müvəqqəti icra edən DT-nin baş leytenantı Markaryan təsdiq etmişdir.
 
Göründüyü kimi Akopov xalqımız üçün əziz olan bir gündə, Novruz bayramında Əlisöhbət müəllimə “Bayram sovqatı” bəxş edib.
 
(Davamı var)
 
Təqdim etdi: 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər