Moderator.az xəbər verir ki, ABŞ-ın nəzarəti altında Tayvan Çinlə dəniz müharibəsinin məşqinə start verib. Dar boğazlarda Çin donanmasına hücum, müdafiə döyüşlərində gəmi əleyhinə raket sistemlərindən geniş istifadə, hücum qayıqlarının effektiv tətbiqi genişmiqyaslı təlimlərin əsasını təşkil edib.
Tayvanın anti-Çin təlimində diqqət çəkən ən mühüm məqamlardan biri isə sərgilənən əksər müdafiə və hücum sistemlərinin ABŞ texnologiyası əsasında hazırlanmasıdır. Pentaqon hesab edir ki, 2016-cı ildə Çinin Tayvanla dialoqdan birmənalı şəkildə imtina etməsi uzun illərdir ki, hamının gözlədiyi, amma heç vaxt reallaşmayan müharibənin – Çin-Tayvan qarşıdurmasının başlanması riskini kəskin şəkildə artırıb. ABŞ hərbi müstəxəssislərinin fikrincə, Tayvanın Çin istilasına hazır olması, lazımi məqamda nəhəng Çin ordusuna “layiqli müqavimət” göstərməsi onun öz müstəqilliyini qoruyub saxlaması baxımından vacibdir.
Onu da qeyd edək ki, ABŞ-ın Tayvanı aktiv şəkildə silahlandırması Çin tərəfindən ciddi narazılıqla qarşılanmaqdadır. Rəsmi Pekin hesab edir ki, məhz ABŞ-ın hərbi-siyasi yardılmları Tayvanın Çinə itaətsizliyinin əsas səbəbidir.
Seymur ƏLİYEV