“Bizə deyin görək, siz hansı kəşfiyyata işləyirsiz- Amerika, ya Türk?..” 
Ekskluziv
870
09 Jan 2025 | 21:09

“Bizə deyin görək, siz hansı kəşfiyyata işləyirsiz- Amerika, ya Türk?..” 

“Bağırov barədə öz evimdə olan söhbət onun mənə və ailəmə amansız divan tutması üçün girəvə oldu...” 
 
“Mənim məsələmə büroda baxılması onunla nəticələndi ki, Bağırov mənə dedi: “Partiya sizə arvadınızı boşamağı təklif edir”. Mən arvadımı boşamaq haqqında ərizə verməyə məcbur oldum, bir neçə gündən sonra boşanma haqqında qəzetlərdə elan çıxdı. Bu da mənə bir zərbə oldu...”
 
“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
 
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...
 
(Əvvəli burada: )
 
Şahid Əli Əşrəf Əlizadə - Geologiya–minerologiya elmləri doktoru, professor, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycan KP MK-nın keşmiş 2-ci katibi, hazırda Türkmənistan dövlət universitetinin geologiya kafedrasının müdiri: 
 
“Mir Cəfər Bağırov öz işi və fəaliyyəti barədə kiçik bir tənqidə də dözmürdü, onun haqqında öz şəxsi fikrini bildirməyə cəsarət edənləri hər cür təqib edirdi. Onu tənqid edənlərə qarşı kinli və amansız olan Bağırov “günah işlədənləri” “yerində oturtmağa” çalışırdı... 
 
Bağırov qurbanlarından biri də mən oldum. Buna səbəb o oldu ki, Azərbaycan KP MK-nın ikinci katibi olduğum o zaman öz mühakimələrimdə bir qədər müstəqillik göstərib, Bağırovun nöqteyi-nəzərilə ziddiyyət təşkil etsə belə, öz fikrimi bildirməyə cəsarət etmişdim. Bu, təbii ki, Bağırova xoş gəlmədi və onun təşəbbüsü ilə (Azərneftin rəhbərliyini möhkəmlətməyin zəruriliyi bəhanəsi ilə) mən Azərneftin rəisi vəzifəsinə keçirildim. Bağırov barədə öz evimdə olan söhbət onun mənə və ailəmə amansız divan tutması üçün girəvə oldu... 
 
Bu hadisə 1947-ci ildə baş verdi. Arvadım Qəmər, onun ögey qardaşı Mustafayev (o vaxtlar dövlət təhlükəsizlik nazirinin müavini işləyirdi) və Mustafayevin arvadı Zina mənim mənzilimdə oturub söhbət edirdik. Otaqda kənar adam yox idi. Hətta qulluqçu da evdə deyildi. Söhbət Bağırovun Zuğulbadakı bağından düşdü. Mən dedim ki, Bağırov sadə yaşamaq barədə özgələrinə ağıl öyrədir, özü isə ölkənin müharibədən çıxdığı indiki şəraitdə nəhəng, çoxlu vəsait tələb edən hovuzlar tikdirir. Neft sənayesi işçilərinin isə istirahət evi yoxdur. Bu hovuzların tikintisinə neft sənayesinin materialları sərf olunur. Həmin tikintidə yüzlərlə əsgər tər tökür. Yaxşı olardı ki, onlar Bağırovun bağında hovuz əvəzinə neftçi fəhlələr üçün istirahət evi tikəydilər. Mustafayev də mənimlə razı olduğunu bildirdi... 
 
Ertəsi gün Mustafayev dövlət təhlükəsizlik naziri Yemelyanovun yanına çağırıldı. Yemelyanov ona bildirib ki, mənimlə olan söhbət ona məlumdur. Mustafayevin dediyinə görə o hətta sözbəsöz həmin söhbəti təkrar edib. Biz başa düşdük ki, söhbətimizə hansı vasitəyləsə gizlincə qulaq asıblar... 
 
Yemelyanov söhbətimizin tam mətni yazılmış sənədi Mustafayevə təqdim edir. Mustafayevsə, bunun ciddi represiyalarla nəticələnəcəyini duyaraq, Bağırov barədə söhbəti qətiyyətlə boynundan atır. Yemelyanovla söhbətdən dərhal sonra Mustafayev dövlət təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olunur, sonra isə partiyadan xaric edilir... 
 
Bundan sonra Bağırov mənə Moskvadan zəng vurub “vicdanı ləkəli olan” Mustafayevlə hər cür əlaqəni kəsməyi və onu evimə buraxmamağı tapşırdı. Elə həmin 1947-ci ildə həkim Cavadov Moskvaya imzasız məktub yazaraq, Bağırov və Teymur Quliyev barədə bəzi məlumatlar verirdi. Əsasən onu göstərirdi ki, onlar dəbdəbəli həyat sürür, bağ meyvələrinin alveri ilə məşğul olur və s. 
 
Cavadovun imzasız məktubları Moskvadan Bakıya Bağırovun üstünə göndərildi. Bağırov da həmin məktub müəlliflərini müəyyənləşdirməyi Yemelyanova tapşırdı. Müəyyən olundu ki, həmin imzasız məktubları arvadı Firuzənin (Firuzə mənim arvadım Qəmərin ögey bacısıdır) və qaynanası Xavər Rəşidzadənin iştirakı ilə həkim Cavadov yazıb. Bağırovun göstərişi ilə hər üçü – Cavadov, arvadı və qaynanası Xavər həbs edildi. Həm də Xavər qabaqcadan düzülüb-qoşulmuş plan əsasında mənim mənzilimdə, qızı Qəməri yoluxmağa gələrkən həbs edildi... 
 
Qaynanam Xavərin bu şəkildə həbs edilməsi bir daha göstərdi ki, onun mənzilimdə həbs olunması ilə mənə ləkə atmaq istəyirmişlər. Bundan sonra mən Azərbaycan KP MK-nın büro yığıncağına çağrıldım. Burada məlumat verən Atakişiyev mənə böhtan ataraq bildirdi ki, bütün imzasız məktublar mənim rəhbərliyim altında yazılırmış və mən buna görə cəzalanmalıyam. Mən imzasız məktublardan xəbərsiz olduğumu qətiyyətlə bildirdim... 
 
Mən izahat verən vaxt Sumbatov mənim üçün çox təhqirli, məsələyə dəxli olmayan, necə deyərlər göydəndüşmə bir sual verdi: “Bizə deyin görək, siz hansı kəşfiyyata işləyirsiniz- Amerika, ya Türk kəşfiyyatına?” 
Mənim məsələmə büroda baxılması onunla nəticələndi ki, Bağırov mənə dedi: “Partiya sizə arvadınızı boşamağı təklif edir”. Mən arvadımı boşamaq haqqında ərizə verməyə məcbur oldum, bir neçə gündən sonra boşanma haqqında qəzetlərdə elan çıxdı. Bu da mənə bir zərbə oldu. Bağırovun təşəbbüsü ilə Azərbaycan KP MK-nın bürosu “Partiya qarşısında qeyri-səmimiliyə görə” mənə töhmət elan etdi. Bağırovun sərəncamı ilə mən bir sıra digər cəzalara da layiq görüldüm. 1947-ci ilin sonunda vəzifəmi kiçildərək “Azərneftkəşfiyyatı” birliyinə rəis qoydular. Sonra 1948- ci ilin iyulunda yatalaq xəstəliyinə tutulduğum günlərdə “rəhbərliyi təmin etmədiyimə görə” həmin vəzifədən də xaric edildim... 
 
Tezliklə Bakı qəzetlərindən “rəhbər partiya orqanlarının etimadını doğrultmadığına görə” mənim Bakı şəhər partiya komitəsi bürosunun tərkibindən çıxarılmağım barədə məlumat dərc edildi. Sonra xəstə vəziyyətdə Ali Sovetə gəlib deputat mandatını və deputat nişanını verməyi tələb etdilər. Bunun üçün Ali sovetin işçiləri evimə gəlib, məni yataqdan qaldırdılar, qoluma girib üçüncü mərtəbədən düşürtdülər, maşına mindirib apardılar...
 
Ali Sovetdə məni Rəyasət heyətinin sədri Mirbəşir Qasımov və katib Səftər Cəfərov qarşıladılar və bildirdilər ki, “siyasi cəhətdən etimad doğurmayan” bir adam kimi Ali Sovet deputatlarının tərkibindən geri çağırılıram. Beləliklə də mandatımı və nişanımı da əlimdən aldılar. Məni Azərbaycan Elmlər Akademiyasının həqiqi akademikləri sırasından da çıxartdılar. Elmlər Akademiyasının prezidenti Məmməd Əliyev mənə anlatdı ki, bütün bunları Bağırovun göstərişi ilə edirlər. Bağırov onu yanına çağırıb, məni akademiklər sırasından çıxarmağı, lakin bunun üçün MK-nın, daha doğrusu, Bağırovun göstərişini yox, hər hansı bir başqa şeyi səbəb göstərməyini əmr edib... 
 
Məni Azərbaycandan qovdular. Neft sənayesi naziri Baybakov Dağıstana, ya da Türkmənistana getməyə razılıq verməyi məsləhət gördü. Mən razılıq verməyə məcbur oldum, çünki Baybakovun “məsləhətində” də Bağırovun əli olduğunu bilirdim. O vaxtdan mən Türkmənistanda yaşayıram... 
 
Hərbi uçotdan çıxarkən hərbi komissarlıqda mənim ehtiyat zabiti olduğumu təsdiq edən hərbi biletimi alıb, ertəsi gün mənə siravi əsgər bileti verdilər. Başqa sözlə, qanunsuz olaraq məni zabit rütbəsindən əsgər səviyyəsinə endirmişdilər. Hərbi komissarlığın işçiləri mənim etirazlarıma cavab olaraq Bağırovun “çaldığı havaya oynayan” respublika hərbi komissarı Xavər Vəliyevin sərəncamını əsas göstərdilər. Mənə əsgər bileti verən III hissənin rəisi Şişkin bildirdi ki, Türkmənistanda mən dərhal ehtiyat zabiti bileti alacağam, çünki mənə əsgər bileti verməklə onlar qanunu pozublar, ancaq yuxarıların əmrindən çıxa bilməyiblər. Həqiqətən də Türkmənistanda mən ehtiyat zabiti bileti aldım... 
 
(Davamı var)
 
Təqdim etdi:
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər