"Hər reyslə 20 milyon ABŞ dolları dəyərində nağd pulla dolu çantalar aparılıb, bu pullar iki ton ağırlığında olub..."
Beynəlxalq ərəbdilli "Asharq Al-Awsat" nəşri Suriya İnsan Haqları Müşahidə Mərkəzinə istinadən "Suriya Hava Yolları" vasitəsilə Moskvaya genişmiqyaslı pul qaçaqmalçılığı əməliyyatlarını ifşa edib.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.il" nəşri məlumart yayıb.
Məlumatda deyilir ki, Bəşər Əsədin Rusiyaya göndərdiyi pulların böyük hissəsi, əsasən, kaptagon istehsalı və ticarəti ilə əlaqəli investisiyalardan əldə edilib.
Müşahidə Mərkəzi məxfi sənədlərlə tanış olub və onun direktoru "Asharq Al-Awsat" nəşrinə bildirib ki, nağd pulla sonuncu qaçaqmal reysi Bəşər Əsədin qaçmasından cəmi 4 gün əvvəl Moskvaya yola düşüb.
Müşahidə Mərkəzinin "Suriya Hava Yolları" təhlükəsizlik xidmətinə və Dəməşq beynəlxalq hava limanına yaxın mənbələrdən əldə etdiyi məxfi sənədə əsasən, bu pullar tamamilə məxfi əməliyyatlar çərçivəsində Hərbi Hava Qüvvələrinin kəşfiyyatı tərəfindən birbaşa nəzarət altında daşınıb.
Sənədə görə, 2020-ci ilin sonundan 2024-cü ilin ortalarına qədər "Suriya Hava Yolları" həftəlik olaraq Moskvaya, əsasən, "Vnukovo" hava limanına uçuşlar həyata keçirib. Hər reyslə təxminən 20 milyon ABŞ dolları dəyərində nağd pulla dolu çantalar aparılıb. Bu çantalar Suriya Mərkəzi Bankından təhlükəsizlik xidmətinin yük maşını ilə birbaşa təyyarəyə çatdırılıb.
Çantalar sərnişin baqajından ayrı daşınıb və ciddi təhlükəsizlik prosedurlarına riayət olunub. Heç bir işçiyə çantaların məzmunu ilə bağlı sual verməyə icazə verilməyib.
Müşahidə Mərkəzinin direktoru Rami Əbdül Rəhman bildirib ki, məxfi sənəddə pulların köçürülməsi prosesinə dair dəqiq məlumatlar olub. Buraya Moskvada pulları qəbul edən bankın ünvanı, çantaların sayı, çəkisi, uçuş tarixi, köçürülmə məbləği və hər əməliyyatın təfərrüatları daxil olub. Mesaj adətən "Suriya Hava Yolları"nın baş direktoruna ünvanlanıb və maneələrin yaradılmaması xahişi ilə müşayiət olunub.
Əsəd rejiminin maliyyə əməliyyatlarını izləyən Rusiyadakı suriyalı mənbə "Asharq Al-Awsat" nəşrinə bildirib ki, pullar "Vnukovo" hava limanına, oradan isə Moskvadakı Suriya səfirliyinə çatdırılıb. Daha sonra bu pullar rejimlə əlaqəli iş adamlarına təhvil verilib və onlar bu pulları banklara, daşınmaz əmlaka və mağazalara sərmayə qoymaq üçün istifadə edib. Bu pullarla Rusiya və Belarusda şirkətlər yaradılıb.
Bütün bu əməliyyatlar Bəşər Əsədin əmisi Məhəmməd Məhlufun nəzarəti altında həyata keçirilib. Məhluf Moskvadakı "Radisson Royal" otelinin (keçmiş "Ukrayna" oteli) bütün bir mərtəbəsini icarəyə götürüb və ailəsi ilə birlikdə mühafizə altında orada yaşayıb. O, demək olar ki, daim Moskvada yaşayıb və rejimin maliyyə işlərini izləyib.
Keçən ay Britaniyanın "Financial Times" qəzeti Bəşər Əsədin göstərişi ilə Suriyadan Rusiyaya iri məbləğdə pul köçürmələrinin təfərrüatlarını açıqlayıb. Qəzetin əldə etdiyi məlumatlara görə, Suriya Mərkəzi Bankı 2018-2019-cu illər ərzində Rusiyaya təxminən 250 milyon dollar nağd pul köçürüb.
Bu pullar təxminən iki ton ağırlığında, 100 ABŞ dolları və 500 avroluq əskinaslardan ibarət olub. Onlar Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə Moskvadakı "Vnukovo" hava limanına daşınıb. Sənədlərə görə, həmin dövrdə Suriya təyyarələri Rusiyaya pul daşınması məqsədilə 21 uçuş həyata keçirib.
Bu köçürmələrin əsas məqsədi Qərb və ABŞ sanksiyalarının gücləndiyi şəraitdə Suriya rejiminin vəsaitlərini Suriyadan kənarda təhlükəsiz sığınacaqda təmin etmək olub. Bu vəsaitlər həmçinin rejimə göstərilən Rusiyanın hərbi dəstəyinin maliyyələşdirilməsi kimi digər məqsədlər üçün də istifadə olunub.