"Biz prezident Baydenin təklif etdiyi planı yeni administrasiyaya təqdim etməyə hazırıq..."
Biz Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya çox yaxınlaşmışıq.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Fransaya rəsmi səfəri zamanı bəyan edib.
"Ümid edirəm ki, bunu qalan vaxt ərzində həyata keçirə biləcəyik. Əgər biz bunu çatdıra bilsək, prezident Co Baydenin atəşkəs və girovların azad edilməsi üzrə təklif etdiyi plan yeni administrasiyaya təqdim olunacaq", - o, deyib.
"Mən inanıram ki, bu razılaşmanı əldə edəcəyik və əldə etdiyimiz razılaşma prezident Baydenin dünyaya hələ may ayında təqdim etdiyi plana əsaslanacaq", - Blinken Parisdə fransız həmkarı Jan-Noel Barro ilə keçirdiyi mətbuat konfransında deyib.
Blinken əlavə edib ki, Bayden administrasiyası Qəzza zolağında müharibədən sonrakı həyatın tənzimlənməsi ilə bağlı təşəbbüsün irəliləməsinə çox vaxt ayırıb və bu, təhlükəsizlik, idarəetmə və bölgənin bərpası ilə bağlı tədbirləri əhatə edir.
"Biz həmçinin yeni administrasiyanın bunun üzərində işləməsi və imkan yarananda həyata keçirə bilməsi üçün təqdim etməyə hazırıq", - ABŞ dövlət katibi vurğulayıb.
Sonra o, Bayden administrasiyasının İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşmanın əldə olunması üçün göstərdiyi səyləri xatırladıb.
"Bütün bunlar Qəzzada atəşkəs və fələstinlilər üçün irəliləyiş yollarının aydınlaşması ilə həyata keçirmək üçün hazırdır", - Entoni Blinken izah edib. "Burada həqiqətən böyük imkanlar var".
Əvvəllər də bildirildiyi kimi, ABŞ-ın gələcək prezidenti Donald Tramp "Truth Social" və “X” sosial şəbəkələrində Amerika iqtisadçısı, tədqiqatçısı, fəlsəfə doktoru, Kolumbiya Universitetinin professoru Ceffri Saksın fikirlərinin tərtib olunduğu bir video yayımlayıb.
Saks Orta Şərqdəki vəziyyət, regionda baş verən son gərginliklər və eskalasiyalarda ABŞ və Rusiyanın rolu haqqında araşdırmasında Amerika hakimiyyətinin əsassız aqressiya göstərdiyini iddia edib.