“Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın daxili siyasətində çox güclü alətləri var...”
Ekskluziv
1188
09 Jan 2025 | 14:24

“Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın daxili siyasətində çox güclü alətləri var...”

“Allah həmin təyyarəmizdə şəhid olanlarımıza, ölənlərimizə rəhmət eləsin. Amma bu o qədər də ciddi məsələ deyil ki, iki dövlət arasındakı münasibətləri neytrallaşdırıb sıfra bərabər eləsin...  Bu, bir reallıqdır...”
 
Dekabrın 25-də Moskvadakı imperialist, şovinist xislətli hakimiyyətin ucbatından Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəmiz Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduqdan, ona həmin dövlətin ərazisində eniş imkanı verilmədikdən və nəticədə  uçağımızın qəzaya uğramasından, onlarla insanımızın həlak olmasından sonra bir sıra siyasətçi, şərhçi və jurnalistər şimal qonşumuzla siyasi münasibətlərə, xüsusən də onunla strateji müttəfiqliyə yenidən baxılmasına çağırışlar edirlər. Bəs reallıq nədən ibarətdir?..
 
Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri, siyasi analitik Zərdüşt Əlizadə mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Biz Rusiya dövləti ilə bir təyyarə faciəsinə görə münasibətləri poza bilmərik. Allah həmin təyyarəmizdə şəhid olanlarımıza, ölənlərimizə rəhmət eləsin. Amma bu o qədər də ciddi məsələ deyil ki, iki dövlət arasındakı münasibətləri neytrallaşdırıb sıfra bərabər eləsin...  Bu, bir reallıqdır. Və onu təxminən aşağıdakı amillərlə əsaslandırmaq olar: 
 
Birincisi, Azərbaycandan şimalda nüvə raketləri ilə silahlanmış bir nəhəng dövlət hansıdır? Rusiyadır. Elədirmi? Bu saat Rusiya 30-40 milyonluq Ukraynanı ağlar qoyur, darmadağın edir – bir söz deyən var ona? Xeyr. Sabah təsəvvür edin ki, Putin Azərbaycana hücum əmri verdi. Əvvəla, Azərbaycanda Ukraynadakı kimi strateji dərinlik və o sayda əhali yoxdur. Ukrayna və Rusiyada keçmiş sovet ordusu iki hissəyə bölünüb və onlar bir-biri ilə vuruşurlar. Azərbaycanda sovet ordusu olsa da, azərbaycanlılar SSRİ miqyasında döyüşən ordu hissələrində çox az sayda xidmət ediblər, əsasən tikinti ilə bağlı hissələrdə, eləcə də çörək doğrayan, yağ doğrayan, paltar paylayan kimi qulluq ediblər. Yəni bizdə ümumilikdə xalq olaraq hərbə, orduya o cür bağlılıq yoxdur....
 
İkincisi, Rusiya ərazisində rəsmən 1 milyondan yuxarı vərəndaşımız işləyib çörək qazanır və ailələrinə pul göndərirlər. Ümumilikdə bəzi məlumatlara görə, şimal qonşumuzda işləyən soydaşlarımız vasitəsilə hər ay Azərbaycana bir neçə milyard manat məbləğində pul gəlir. Yəni bu, ölkədə sosial gərginliyi azaltmaq üçün bir amildir. Azərbaycanda faktiki olaraq bir neçə milyon vətəndaş Rusiyanın hesabına dolanır...
 
Üçüncüsü, Azərbaycanın taxılı Rusiyadan gəlir. Başqa ölkədən taxıl gətirə bilərik, amma yol, məsafə baxımından o bizə baha başa gələcək...
 
Dördüncüsü, bizdən şimalda - Rusiya ərazisinə daxil olan Dağıstanda 100 mindən çox Rusiya vətəndaşı olan azərbaycanlı, 170 min Rusiya vətəndaşı olan ləzgi yaşayır. Təxminən 170 min də ləzgi Azərbaycanda yaşayır.  Quru sərhədlərimiz açıq olacağı(onların hansı səbəblərdən bağlı qaldığı məlumdur) təqdirdə ləzgilər sərbəst şəkildə Dağıstandan buraya və əksinə, gedib-gəlib öz qohum-əqrabalarıyla görüşə bilirlər. Yəni bu halda onlar faktiki bölünmüş xalq olduqlarını unudurlar... 
 
Beşincisi, Azərbaycan öz ordusu üçün silah və texnikanın mühüm hissəsini Rusiyadan alır. Və xarici siyasətdə belə bir yazılmamış qanun var: sənin ordun hansı dövlətlərdən daha çox silah alırsa, sən həmin dövlətlərlə xoş münasibətləri qorumağa məhkumsan. Çünki  həmin silah və texnikaların təmiri, yenilənməsi və s. proseslərlə məhz o dövlətlərlə bağlıdır...
 
Altıncısı, Rusiya ilə aramızda Xəzər dənizi var və orada Rusiyanın bizimkindən qat-qat güclü və müasir hərbi dəniz donanması var. Bu da bir təhlükədir...
 
Yeddincisi  isə, bizim həm keçmiş, həm də ən yeni tariximiz sübut edib ki, Rusiya dövlətinin xüsusi xidmət orqanlarının Azərbaycanın daxili siyasətində çox güclü alətləri var.  Və Kreml istədiyi məqamda həmin alətləri fəallaşdıraraq ölkəmizin daxili siyasətinə təsir edə bilər. Buna bir sıra misallar çəkmək olar... Yalnız 2013-cü ildəki “Milyarderlər klubu”nu yada salmaq kifayətdir. Onların hansı məqsədlərə xidmət etdikləri hamının yadındadır...
 
Odur ki,  bu və digər amilləri nəzərə alaraq tam əminliklə deyə bilərik ki, Azərbaycan-Rusiya münasibətləri çox ciddi qarşılıqlı maraqlara söykənir və ağlı olan dövlət rəhbəri öz dövləti və öz hakimiyyəti naminə bu münasibətlərə çox ciddi qiymət verməlidir...”
 
Söhbətləşdi:
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər