“Görünür, Rusiya Ermənistandakı müəyyən qüvvələrin əli ilə Laçında sabitliyi pozmağa çalışır, göstərmək istəyir ki, guya Azərbaycan öz gücü ilə orada sabitliyi, sülhü qoruyub saxlaya bilməyəcək...”
Görəsən, Azərbaycan-Ermənistan sərhədində neçə aylardır pozulmayan atəşkəsin 2025-ci il yanvarın 5-i və 56-da məhz Azərbaycan təyyarəsinin Rusiyadakı faciəsindən və xalqımızın, dövlətimizin buna kəskin reaksiyasından sonra pozulması haqda xəbərlərin yayılması təsadüfdürmu? Özü də Rusiya lideri Vladimir Putin tərəfindən MDB paytaxtı elan edilmiş Laçın istiqamətində... Burada hər iki ölkədəki “5-ci kalon” və agentura nümayəndələrinin rolu ola bilərmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:
“Əlbəttə, Laçın Azərbaycan üçün çox strateji əhəmiyyətə malik bir məntəqədir. Laçın uğrunda Ermənistan da 1990-cı illərdən bəri mübarizə apardı, digər ərazilərimizlə yanaşı həmin rayonu da bütövlükdə işğal etdi, 44 günlük müzəffər Vətən savaşımızdan, yəni Laçın rayonunun da azad edilməsindən sonra isə “sülhməramlı”larını ərazidə yerləşdirmiş Rusiya da 2020-2023-cü illər boyu Laçını əldən vermək istəmirdi. 2023-cü ilin aprel ayınadək Rusiya rəsmiləri və ilk növbədə xarici işlər naziri Sergey Lavrov bildirirdi ki, Laçın dəhlizi yalnız Rusiyanın nəzarətində olmalıdır, digər ikinci dövlət onu nəzarətə götürə bilməz. Azərbaycan yenə mövqeyini ortalığa qoydu, Moskvanı faktla razılaşmağa məcbur etdi və Ermənistanla sərhəddə Laçın nəzarət-buraxılış məntəqəsini qurdu. Ona görə bu gün də Rusiya Laçının öz nəzarətindən çıxmasıyla razılaşmır. Ermənistan isə həmişəki kimi piyadadır, onun müstəqil qərar vermək imkanı yoxdur və o, alətdir. Və görünür, Rusiya da Ermənistandakı müəyyən qüvvələrin əli ilə Laçında sabitliyi pozmağa çalışır, göstərmək istəyir ki, guya Azərbaycan öz gücü ilə orada sabitliyi, sülhü qoruyub saxlaya bilməyəcək...
Ancaq mən bu günlərdə sözügedən məsələ ilə bağlı maraqlı bir şərhlə də rastlaşdım ki, Laçın istiqamətində atəşkəsin pozulması Avropa Birliyinin təşəbbüsü də ola bilər. Çünki Avropa müşahidəçiləri regiondadır. Onlar Ermənistan sərhədinə gələndə bildirmişdilər ki, əgər onlar olmasalar, Azərbaycan hərəkətə keçəcək, guya Qərbi Zəngəzurda əraziləri ələ keçirəcək və nəticədə Ermənistan üçün ciddi təhlükə yaranacaqdır. Yəni avropalılar bu yollarla özlərinin regiona gəlişinə bəraət qazandırmağa çalışırlar. Ona görə də sabitlik onlara sərf etmir. Azərbaycan isə şərti dövlət sərhədində tam şəkildə mövqelərini qoruyub saxlayır... Və hansı tərəfdən təşkil edilməsinə baxmayaraq Laçın istiqamətində budəfəki təxribat da alınmadı. Azərbaycan ordusu erməni tərəfinə heç atəşlə də cavab vermədi və bununla o təxribatçılara yumşaq sillə vurdu ki, sizə atəş də aça bilərik, həmişəki kimi postlarınızı da dağıda bilərik, amma ağlınızı başınıza yığın...
Azərbaycan Prezidenti də dəfələrlə Ermənistan tərəfinə xəbərdarlıq edib ki, silahlandırmanı dayandırın. Bilirsiz ki, gələn ildən Azərbaycanın dövlət büdcəsindən müdafiə sahəsinə 8,4 milyard manat pul ayrılıb. İlk dəfədir ki, dövlətimiz silahlanmağa bu qədər vəsait ayırır. Bunu da Azərbaycan rəhbəri onunla izah etdi ki, Ermənistan son illər sürətlə silahlandığından biz də öz müdafiə qabiliyyətimizi gücləndirməliyik. Yəni bu şəkildə Azərbaycan qarşı tərəfə göstərir ki, siz nə etsəniz, biz on qat cavab verəcəyik...
Bununla belə, onu da qeyd etməliyik ki, söhbətimizin əvvəlində göstərdiyimiz kimi, həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın “5-ci kalon”u, proksiləri, təsir agentləri mövcuddur və fəaliyyət göstərir. Ona görə də bir daha təkrar edirəm ki, böyük ehtimalla Laçın istiqamətindəki son atəşkəs pozuntusu da Rusiyanın sifarişi ilə həyata keçirilib. O cümlədən Kremlin Ermənistanda təsir dairəsində olan agentlərinin iştirakıyla... Çünki Paşinyanın komandası siyasi mənada tam olaraq həmcins və həmfikir deyil, orada Qərbə də, Rusiyaya da sadiq müxtəlif qruplaşmalar var. Və belə olan halda Ermənistanda hər iki tərəfin sifarişinin yerinə yetirilməsi mümkündür..."
Sultan Laçın