Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib. Müsahibəsində Ermənistandakı faşizm meyillərinə toxunan dövlət başçısı, rəsmi İrəvana faktiki olaraq növbəti seçim şansı verib. Prezident bildirib ki, Ermənistandakı faşizmi ya İrəvan məhv etməlidir, ya da bu missiyanı Azərbaycan icra edəcək:
“...faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Sitatdan da göründüyü kimi, Prezident İlham Əliyev bu dəfə də Ermənistan hakimiyyətinə mövcud vəziyyəti, bu vəziyyətin regional təhlüəsizlik üçün nə dərəcədə böyük təhdid olduğunu aydın izah edib. Bu izah fonunda İrəvanı ölkə daxilindəki faşizm meyillərini ortadan qaldırmaq üçün əməli adımlar atmağa səsləyib. Müzəffər Ali Baş Komandan eyni zamanda bildirib ki, İrəvanın hərəkətsizliyi rəsmi Bakını bu istiqamətdə konkret addımlar atmağa vadar edəcək.
Prezident İlham Əliyevin erməni faşizmi ilə bağlı məsələni İrəvan qarşısında belə aydın və sərt şəkildə qoyması heç də təsadüfi deyil. Azərbaycan uzun illərdir ki, erməni faşizmindən əziyyət çəkib, ona qarşı mübarizədə böyük qrubanlar verib. 8 Noyabr zəfəri sayəsində erməni faşizminə ölümcül zərbə vurmağa nail olan dövlətimizin bu təhlükənin yenidən ciddiləşməsindən narahatlıq duyması təbiidir.
Yaxın tarixi keçmişin təcrübəsi isə Azərbaycanın öz xəbərdarlığında kifayət qədər ciddi olduğunu göstərir. Rəsmi İrəvanın Ermənistan daxilində çiçəklənən faşizmə göz yummaqda davam edəcəyi təqdirdə, faşizmin məhvi missiyasının Azərbaycan tərəfindən böyük qətiyyətlə həyata keçiriləcəyi birmənalıdır. 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri dövlətimizin bu kimi məsələlərdəki həssaslıq və prinsipiallığından xəbər verir. Bu isə o deməkdir ki, İrəvan yeni bir qulaqburması almaq istəmirsə, gec olmadan erməni faşizminə qarşı mübarizəyə başlamalı, yaxın keçmişdən dərs almaq bacarığı nümayiş etdirməlidir. Əks təqdirdə, Azərbaycan əsgərinin ayaq səslərinin İrəvan küçələrdində eşidilməsi qaçılmaz olacaq!
Seymur ƏLİYEV