Bizi sosial şəbəkələrdən izləyin:
“Mən Ağdamın Hacıməmmədli kəndində anadan olmuşam. 13 ildir ki, Ağdam rayonu Gülablı kənd uşaq musiqi məktəbində müəllim olaraq çalışıram. Mən özüm də uşaq olanda Murad müəllimin rəhbərlik etdiyi “Qarabağ bülbülləri” ansamblının üzvü olmuşam. Sinifdə yaxşı, istedadlı uşaqlar görəndə hər zaman sevinirdim. İstəyirdim ki, onlardan ibarət bir qrup yaradım. İlk dəfə bir şagirdimlə “Bu ayrılıq nədən oldu?” adlı dueti oxuyub paylaşdım. Əslində şagirdim oxuyurdu, mən isə ona kömək üçün ifa edirdim. Bunu çəkib sosial şəbəkədə paylaşdıq. Böyük marağa səbəb oldu. Hətta sosial şəbəkə istifadəçiləri məni də sinif uşağı kimi bilmişdilər. Daha sonra qrupun üzvləri 3 oğlan oldu. Sonra Fatimə bizə qoşuldu. Beləliklə də qrupumuz yarandı”
Bunu Moderator.az-a açıqlamasında son günlər şagirdləri ilə oxuduğu mahnıları paylaşmaqla sosial şəbəkələrdə böyük izləyici kütləsi qazanan xanəndə, pedaqoq Habil Məmmədov deyib. O daha sonra əlavə edib.
“Uşaqlardan ibarət qruplar həmişə olub. Mən də istəyirdim ki, keçdiyim dərs hədər getməsin, bunu tamaşaçılar da görsün. Mahnılar ifa etdikcə məşhurlaşdıq. Bir də gördük ki, konsertlərə, efirlərə dəvət olunuruq. Hətta Türkiyədə və bir neçə bölgəsində də böyük konsertlərdə, festivallarda çıxış etmişik. Ölkəmizi layiqincə təmsil edirik. Qrupun repertuarlarını da özüm seçirəm. Kimsə nəsə təklif etsə də son qərarı özüm verirəm. Çünki dəfələrlə məsləhətlərə qulaq asmışıq, uğursuz alınıb” deyə Habil Məmmədov bildirib.
Habil Məmmədov deyib ki, milli musiqimizə bu gün maraq çox azdır:
“Elə bir dövrdə yaşayırıq ki, muğamlarımıza toylarda, tədbirlərdə diqqət çox azdır. Gözəl ifaçılarımız çoxdur, amma muğama üstünlük verilmir. Bu 5-10 il öncə də belə də belə idi, indi də belədir. Biz elə özümüz də toyları seçib gedirik. Bəzən dəvətlər olur, o toylara gedirik ki, bizə orada qulaq asacaqlar. Belə bir dövrdə biz qrup şəkilində Azərbaycan musiqisini təbliğ edirik. Xalq mahnılarını, muğamlarımızı bizim qrup qədər ifa edib hardasa gündəmə gətirən ikinci ifaçı yoxdur. Xanəndə var ki, artıq gündəmlə ayaqlaşıb bayağı mahnılar ifa edir, janrını dəyişir. Bizim qrupda janr dəyişikliyi yoxdur. Sadəcə mahnılara müəyyən dəyişiklər edirik. Əlbəttə ki, kökünə toxunmuruq. Buna misal olaraq “Əziz dostum”, “İndi məndən küs görüm” və s. mahnıların adını çəkə bilərik. Böyük sənətkarların illər öncə ifa etdiyi mahnıları bizim repertuarda bəyənib sevirlər” deyə Habil Məmmədov bildirib.