"Mən hər şeyi Tanrının və Kilsənin bizi öyrətdiyi kimi səbr və israrla edirəm..."
Kiyevə Belarusu müharibəyə cəlb etmək əmri verilib, bu isə ölkənin tab gətirə bilməyəcəyi bir vəziyyət ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Belarus hakimi Aleksandr Lukaşenko Loqoysk şəhərində Müqəddəs Nikolay Kilsəsinə səfəri zamanı bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
"İndi bizi də bu müharibəyə cəlb etmək istəyirlər. Niyə Volodya Zelenski özünü belə aparır? Axı biz onunla normal, yaxşı münasibətdə olmuşuq. Bu adam nə çərənləyir, onun nəyi çatışmır? Ona əmr edilir ki, nəyin bahasına olurla-olsun, ölkəni mütləq müharibəyə cəlb etmək lazımdır", - deyə Lukaşenko bildirib.
O əlavə edib: "Əgər bizi müharibəyə cəlb etsələr, bu, ağır vəziyyət olacaq. Biz dövlət olaraq tab gətirə bilməyəcəyik. Buna görə də mən Tanrı və Kilsənin bizi öyrətdiyi kimi hər şeyi səbr və israrla edirəm. Biz öz işimizi görürük. Zaman hər şeyi qaydasına salacaq. Zaman hər kəsə qiymət verəcək, - o, vurğulayıb.
"Amma biz tab gətirməliyik. Qoy desinlər ki, bizdə diktatura və ya başqa bir şey var. Bura baxın, Belarusdakı diktatura Ukraynadakı demokratiyadan daha yaxşıdır. Biz bu vəziyyətə dözməliyik. Heç bir halda sağa-sola qaçmaq olmaz", - deyə Belarus lideri fikrini davam etdirib.
Lukaşenko həmçinin Zelenskinin xalqa Yeni il müraciətini xatırladıb. O zaman Zelenski belə deyib: "Yaşasın Belarus!" O cümlədən Ukrayna prezidenti qeyd edib: "Əgər bu gün Rusiya sizə əl uzadırsa, bu, sabah həmin əllə sizi öldürməyə başlamayacağı anlamına gəlmir. Axı ruslar azad olanlardan qorxur. Onlara bu, tanış deyil, - o, deyib.
"Onlar Putinin dövründə doğulub, Putinin dövründə məktəbə gedib, Putinin dövründə xidmət edib və onun xəstə ideyaları uğrunda ölür. Buna görə də bu gün azadlıq uğrunda mübarizə aparan bütün xalqları - Kiyevdə təslim olmayanları, Tbilisidə gələcəyi uğrunda mübarizə aparanları dəstəkləmək vacibdir. Mən əminəm, bir gün hamımız deyəcəyik: "Yaşasın Belarus!"
Lukaşenko bu sözlərə cavab olaraq bildirib: "Bəli, yaşasın! Təbii ki, yaşasın! Amma o deyib ki, tezliklə bütün Belarus bu şüarları səsləndirəcək. Elə bil ki, bizdə tezliklə Ukraynadakı kimi olacaq. Mən bunu eşidəndə düşündüm: "Allah eləməsin".
Bundan əvvəl Vladimir Zelenski müharibənin ilk günlərində Lukaşenko ilə telefonla danışdığını bildirib. O deyib ki, Lukaşenko Rusiyanın Belarus ərazisindən Ukraynaya endirdiyi raket zərbələrinə görə üzr istəyib və hətta cavab olaraq Mozır neft emalı zavoduna zərbə endirməyi təklif edib.