Putin qəzaya uğramış Azərbaycan təyyarəsinin Rusiya ərazisində qəbul edilməməsini necə əsaslandıracaq?..
Ekskluziv
1746
08 Jan 2025 | 14:07

Putin qəzaya uğramış Azərbaycan təyyarəsinin Rusiya ərazisində qəbul edilməməsini necə əsaslandıracaq?..

“Prezident də sərt şəkildə tələb qoyub ki, biz 3-cü...-10-cu dərəcəli şəxslərin yumşaq cəzalandırılmasıyla kifayətlənməyəcəyik. Əməlli-başlı, düzgün və ədalətli məhkəmə prosesi qurulmalıdır. Və mən hesab edirəm ki. Azərbaycan nümayəndələri də həmin prosesə qatılmalıdırlar...”
 
“Hesab edirəm ki, Azərbaycan rəhbəri öz çıxışlarında “AZAL” təyyarəsinin Rusiya ərazisində enməsinə şərait yaradılmamasıyla bağlı məsələni sərt şəkildə ortaya qoyub. Kreml də bu sualın qarşısında aciz qalıb. Artıq Braziliyada “qara qutu” da açılıb və oxunub, Qazaxıstanda da bununla bağlı araşdırmalar davam edir və artıq ilkin nəticələr əldə olunub. Və hec cür izah oluna bilmir ki, Qroznı və onun ətrafında neçə aeroport olduğu halda  hansı səbəbdən Azərbaycan təyyarəsinin enməsinə imkan verilməyib”. 
 
Bunu Moderator.az əməkdaşının “Ölkə başçısının da Azərbayca təyyarəsinin Rusiya səmasında vurulmasıyla bağlı son çıxışında dediyi kimi, əgər məsələyə “ədalətlə və insani yanaşılsa”, tutaq ki, istintaq başa çatdıqdan sonra Putin rejimi hansısa bir hissə komandirini, hansısa bir dispetçeri və s. cəzalandırdı, bəs Azərbaycan sərnişin(!) təyyarəsinin Qroznı ətrafında azı 5 normal və həmin dəqiqə və saatlarda planet üzrə avia-uçuşları izləyən məşhur saytların da göstərdiyi kimi eniş-uçuşların olduğu hava limanlarına enişinə icazə verilməməsini necə əsaslandıracaq” sualını cavablandıran AzVP sədri Akif Nağı dilə gətirib.
 
“Bilirsiz ki, bununla bağlı Rusiya tərəfindən müxtəlif versiyalar irəli sürülür. Amma həmin versiyaların heç biri özünü doğrultmur. Azərbaycan tərəfinin isə versiyası ondan ibarətdir ki, təyyarəmizin vurulmasının izlərini- sübutlarını itirmək üçün Qroznıda və Rusiyanın Cənub hərbi dairəsindəki komandanlıq pilotlarımızı o şəkildə Xəzər dənizinə tərəf istiqamətlənməyə məcbur ediblər. Məqsəd isə ondan ibarət olub ki, təyyarə dənizdə batsın, sərnişinlər də ölsün və nə maddi-texniki sübutlar, nə də canlı şahidlər qalsın. Ancaq Azərbaycan pilotları və bələdçilərinin qəhrəmanlığı sayəsində Rusiya tərəfinin bu cür məkrli planları pozulub.  Və Prezident də sərt şəkildə tələb qoyub ki, biz 3-cü...-10-cu dərəcəli şəxslərin yumşaq cəzalandırılmasıyla kifayətlənməyəcəyik. Əməlli-başlı, düzgün və ədalətli məhkəmə prosesi qurulmalıdır. Və mən hesab edirəm ki. Azərbaycan nümayəndələri də həmin prosesə qatılmalıdırlar. Hadisənin bütün iştirakçıları və şahidləri, o cümlədən təyyarə qəzasından salamat çıxmış bələdçi və sərnişinlər də şahid,  ittuhamçı qismində iştirak etməlidirlər. Yəni Azərbaycanın Rusiyadan tələb və gözləntiləri bundan ibarətdir. Və inanıram ki, biz bir dövlət olaraq buna nail olacağıq”, -deyə davamında Akif Nağı vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər