Şəhid və qazilərin xalqımız və dövlətimiz üçün sonsuz müqəddəslik və ehtiram ehtiva etdiyi şübhəsizdir. Yalnız ona görə yox ki, biz işğaldakı torpaqlarımızı onların sayəsində azad etmişik. Həm də ona görə ki, milli qürurumuzu, ləyaqətimizi məhz şəhid və qazilərimizin canı, qanı bahasına bərpa etmiş, mənəvi baxımdan bütövləşmişik. Bu mənada sahib olduğumuz hər şeyə görə şəhid və qazilərimizə, onların qəhrəmanlığına borclu olduğumuz birmənalıdır. Necə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxış və müsahibələrində dəfələrlə bu həqiqətə diqqət çəkib, böyük zəfərin müəllifinin Azərbaycan əsgəri, Azərbaycan zabiti olduğunu vurğulayıb. Məhz xalq və dövlət qarşısındakı bu böyük, tarixi xidmətinə görə şəhid ailələri və qazilər dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə təmin olunub, cəmiyyətimizin mənəvi sərvətinə çevrilib. Prezidentimiz və dövlətimiz şəhid ailələri və qazilərlə bağlı hər bir məsələni daim diqqət mərkəzində saxlayır ki, məqsəd onları narazı sala biləcək problemləri vaxtında ortadan qaldırmaq, bu kateqoriyadan olan vətəndaşlarımızın sosial rifahının maksimum şəkildə yaxşılaşmasını təmin etməkdir.
Ancaq təəssüflər olsun ki, bəzən qazilərimiz arasında elə şəxslər də olur ki, onlar öz sosial rifahlarını, maddi təminatlarını yüksəltmək üçün qanunsuz üsullara əl atır, dövlət əmlakını zəbt etməyə cəhd edirlər. Bu qəbildən olan qazilərimiz əsassız yerə hesab edir ki, daşıdıqları qazi statusu onlara qanunu pozmağa, istənilən məsələyə hüquq müstəvisində deyil, şəxsi maraqlar konteksində yanaşmağa imkan verir. Halbuki, qanunun hər kəs kimi qazilər üçün də mütləq və toxunulmaz olduğu şəksizdir.
Bugünlərdə Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsində Elvin Zeynalov adlı qazinin SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olan torpaq sahəsində qanunsuz tikinti aparmağa cəhd etməsi, öz vəzifəsini icra edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları ilə münaqişəyə girməsi hələ də bəzi qazilərimizin öz imtiyazlarını qanundan daha üstün hesab etdiklərini göstərir.
Xatırladaq ki, bundan öncə də, müxtəlif qazilərin timsalında bu cür hallar - qanunun tələblərinin tapdanması halları dəfələrlə baş verib və bəzi hallarda ciddi problemlərə səbəb olub. Bütün bunlar qazi imtiyazının qanuna qarşı qoyulmasının yolverilməz olduğunu göstərir.
Qazi imtiyazı uca bir məqam olsa da, dövlət qanunundan üstün deyil və ola da bilməz. Çünki istənilən imtiyazlı təbəqənin qanundan üstün olması həmin dövləti üçün qarşısıalınmaz xais və anarxiya, başqa sözlə desək məhv, hüquqi və praktiki çöküş deməkdir. Unutmaq olmaz ki, qazilik sadəcə imtiyaz deyil, həm də məsuliyyətdir. Hər bir qazi xalqın qürur mənbəyi kimi qanunun tələbinə ikiqat həssaslıqla yanaşmalı, qanunun tələbinə ikiqat ehtiram göstərmlidir. Çünki o, digər insanlar üçün nümunədir. Qazilərimiz zorakılıq və aqressiya ilə deyil, qanunun aliliyinə göstərdikləri hörmətlə, istənilən provbemi sivil yolla, hüquq müstəvisində həlli təşəbbüsləri ilə gündəmə gəlməli, cəmiyyətə məhz bu konteksdə örnək olmalıdırlar. Necə ki, biz, böyk əksəriyyətin timsalında bunu görür və bundan məmnunluq duyuruq.
İnanırıq ki, öz istəklərini qanunun tələblərini pozmaqla gerçəkləşdirməyə çalışan qazilərimiz də gec-tez bu həqiqəti başa düşəcək, öz davranışları ilə hər birimiz üçün nümunəyə çevriləcəklər.
Seymur ƏLİYEV