“Mən öz-özümə belə bir sual verirdim ki, niyə zavod və fabriklərin müdiri azərbaycanlı deyil ki, mən də çətinlik çəkməyim. Bizim təşkilatın üzvləri rusları görəndə deyirdi ki, Azərbaycanı ruslaşdırırlar. Azərbaycanlılar geridə qalmışdır…”
Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
Moderator.az aktuallığını və BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır:
“BDU-nun aspirant və tələbələri sovet işğal rejiminə qarşı mübarizədə. “İldırım” təşkilatı: yaradılması, fəaliyyəti və sonu...
Üzləşmələr.
İstintaq materialının bu hissəsində “İldırım” təşkilatı üzvlərinin üzləşmə protokolları var. Bunlara misal olaraq 27 dekabr 1948-ci ildə Əliyev Kamal ilə Gülhüseyn Abdullayev, 29 dekabr 1948-ci ildə Hacı Zeynalovla Gülhüseyn Abdullayev arasındakı üzləşmə protokollarını göstərmək olar.
Hər iki təqsirləndirilən bir-birini tanıdığını, aralarında inciklik, narazılıq olmadığını, “İldırım” təşkilatının üzvü olduqlarını təsdiq edib...
(...)
(Üzləşmələrdə təşkilat üzvləri, demək olar ki, istintaq zamanı verdikləri ifadələri təkrarladığından onları təqdim etmirik- S.L.)
İttiham aktı. Cəza və bəraət
(İttiham aktında bir çox faktlar təkrarlandığından bu materialı da xeyli ixtisarla təşkilat üzvlərinin ifadələrinin yalnız diqqəti cəlb edən ictimai əhəmiyyətli hissələrini nəzərinizə çatdırırıq- S.L.)
Cinayət işinin materialları arasında həbs olunanların: “1. İ.Rəhmov - 26 sentyabr; 2. H.Zeynalov - 3 oktyabr; G.Abdullayev - 3 oktyabr; 4.K.Əliyev - 5 noyabr; 5.A.Vahidov- 5 noyabr; 6 A.Ələsgərov - 6 noyabr; 7. M.Abdullayev -11 noyabr 1948-ci il” istintaqının bir neçə dəfə uzadılması ilə bağlı qərarlara da rast gəlirik. Belə qərarlar 28 noyabr, 25 dekabr 1948-ci il, 26 yanvar 1949-cu ildə qəbul edilmişdir. Hər üç qərar Azərbaycan SSR Dövlət Təhlükəsizliyi naziri, general-mayor Yemelyamov tərəfindən təsdiq edilmişdir.
26 yanvar 1949-cu ildə istintaqın müddəti uzadılarkən onun vaxtının Azərb. SSR cm-nin 204-cü maddəsi ilə 26 yanvarda başa çatması nəzərə alınmış, eyni zamanda gizli təşkilatın 7 nəfər üzvü ilə yanaşı 8-ci, Rzayev Kamil Əbdülbağı oğlu əlavə olunmuş, bundan başqa İ.Rəhimovun istintaqını davam etdirmək, təqsirləndirilənlərin üzləşmələrini başa çatdırmaq zərurəti əsas götürülmüşdür.
Müstəntiq gizli təşkilatın səkkizinci iştirakçısının işinin çox olması səbəbindən onu vaxtında başa çatdıra bilməyəcəyini əsas götürüb qərar qəbul edərək DTN-nin rəhbərliyindən xahiş etmişdir ki, İbrahimov İslam, Əfəndiyev Oqtay, Vahid Qaraqoyunlu, Zeynalov Hidayət, Valentin, Əliyev Hacı Ağa oğlunun istintaq işi Azərb. SSR DTN-nin müvafiq şöbəsində yenidən yoxlamaq üçün 283 №-li cinayət işindən ayrılsın.
İstintaq materiallarının içərisində diqqəti cəlb edən sənədlərdən biri, gizli təşkilatın hər bir üzvü haqqında tərtib edilmiş həkim arayışıdır. Orada təqsirləndirilənlərin bütün üzvlərinin sağlamlıq vəziyyəti qeyd edilmiş, xırda xəstəlikləri yazıldıqdan sonra hamısının Rusiyanın şimal iqlimində yaşaya və işləyə biləcəyi qeyd edilmişdir...
Göründüyü kimi, hələ məhkəmə olmamış gizli təşkilatın üzvlərinin cəza alacağı, cəzanı keçirəcəkləri yer istintaq orqanı tərəfindən əvvəlcədən müəyyənləşdirilmişdi.
Beləliklə ,müstəntiq istintaqı başa çatdırmış və ittiham aktı tərtib etmişdir. 283 №-li cinayət işi ilə bağlı tərtib edilən ittiham aktı 24 fevral 1949-cu ildə DT naziri Yemelyanov, 5 mart 1949-cu ildə Azərb. SSR Prokurorunun müavini tərəfindən təsdiq edilmişdir.
Bu ittiham aktına görə gizli təşkilatın üzvlərindən yeddisi - 1. İ.Rəhimov; 2. G.Abdullayev; 3. H.Zeynalov; 4. K.Əliyev; 5. A.Vahidov; 6. A.Ələsgərov; 7. M.Abdullayev Azərb. SSR CM-nin 21-64, 72-ci maddəsinin 2-ci hisəsi və 73-cü maddələri ilə, səkkizinci üzvü olan K.Rzayev isə Azərb. SSR cm-nin 72-ci maddəsinin 2-ci hisəsi və 73-cü maddələri ilə təqsirli bilinib.
İttiham aktında göstərilib ki, “...S.Vurğuna gizli antisovet məzmunlu məktub yazmaqda günahkar bilinən müttəhim İ.Rəhimov istintaq dövründə göstərdi ki, ADU-nun keçmiş aspirantı Abdullayev Gülhüseyn Hüseyn oğlunun təşəbbüsü ilə İsmixan Rəhimovla birlikdə 1943-cü ildə “İldırım” adlı gizli antisovet təşkilat yaratmışlar. Tərkibinə bu iki şəxslərdən əlavə antisovet dünyagörüşlü aşağıdakı keçmiş ali məktəb tələbələri daxil edilmişdi: 1. Zeynalov Hacı Həbib oğlu. 2. Əliyev Kamal Baxşalı oğlu. 3. Vahidov Aydın Məcid oğlu. 4. Ələsgərov Azər Əbdülxaliq oğlu. 5. Abdullayev Musa Məmməd oğlu və 6. Rzayev Kamal Əəbdülbağı oğlu.
İstintaq müəyyən edib ki, 1942-ci ildə təqsirləndirilən Abdullayev Gülhüseyn Hüseyn oğlu Sovet hakimiyyətinə qarşı düşmən münasibəti əsasında antisovet millətçi qrup yaratmışdır. Bu qrupa onun həmfikri, təqsirləndirilən Zeynalov Hacı Həbib oğlu və Rzayev Kamal Əbdülbağı oğlu daxil olmuşdur. Bu antisovet qrupun iştirakçıları gizli yığıncaqlar keçirib. Belə iclaslardan birində onlar qərara almışlar ki, qrupu “İldırım” adlandırsınlar. Həmçinin öz ətraflarında Sovet İttifaqına düşmən olan millətçilik təbliğatı aparmışlar.
1943-cü ildə ADU-da bir yerdə oxuduqları zaman təqsirləndirilən İ.Rəhimov və təqsirləndirilən G.Abdullayev antisovet əlaqəyə girərək qərara gəlmişlər ki, Bakı şəhərindəki ali məktəblər arasında antisovet millətçi görüşlərdə olan gənclərdən ibarət antisovet millətçi gənclər təşkilatı yaratsınlar.
Antisovet millətçi təşkilatın üzvləri öz evlərində müntəzəm olaraq gizli iclaslar keçirmiş, burada ÜK(b)P və Sovet hakimiyyətinin siyasətinin əleyhinə çıxışlar etmişlər. Belə yığıncaqların birində təqsirləndirilən İ.Rəhmovun təşəbbüsü ilə təşkilata sədaqət “And”ı qəbul edilmişdir. Onlar “And” içib öhdələrinə götürüblər ki, “Müstəqil milli Azərbaycan burjua respublikası yaratmaq uğrunda mübarizə aparacaq və onu SSRİ-dən ayıracaqlar...
Gizli təşkilatın yığınaclarının birində təşkilat üzvlər arasında vəzifə bölgüsü aparılmışdır. Burada İ.Rəhmov təşkilatın sədri, katib A.Vahidov, xəzinadar H.Zeynalov müəyyən edilib. Təqsirləndirilənlər G.Abdullayev və İ.Rəhimova gizli tipoqrafiya təşkil etmək tapşırılıb. Həmçinin təqsirləndirilən G.Abdullayevə gizli əlifba-şrift hazırlamaq həvalə olunub.
Antisovet millətçi təşkilatın proqramını hazırlamaq İ.Rəhimova və H.Zeynalova tapşırılıb. Bundan başqa təşkilatın bütün üzvlərinə ali məktəblərin antisovet millətçi ruhlu tələbələri arasından təşkilata yeni üzvlər hazırlamaq və cəlb etmək tapşırığı verilmişdir. Bunlar gələcəkdə 3 nəfərdən 5 nəfər qədər qrup halında müstəqil fəaliyyət göstərməli idilər.
Təqsirləndirilənlər İ.Rəhimov v. G.Abdullayev 1944-cü ildə antisovet millətçi gənclər təşkilatı adından Səməd Vurğuna Sovet hakimiyyətinin milli siyasətinə böhtan atan və onu bu təşkilata rəhbərlik etməyə çağırmışlar...
Təqsirləndirilən İ.Rəhimov, H.Zeynalov, G.Abdullayev, K.Əliyev, A.Vahidov, M.Abdullayev, A.Ələsgərov onlara elan edilən maddələrlə özlərini tam günahkar hesab etmişlər... onların cinayətkar fəaliyyətləri üzləşmələrdə tam sübuta yetirilmişdir.
Yuxarıda deyilənləri nəzərə alaraq ittiham olunurlar:
(Hər bir təşkilat üzvünün ad-soyadı, ata adı çəkilir və törətdikləri cinayət, ittiham olunduqları maddələr sadalanır- S.L.)
Cinayət işi baxılması üçün Azərb. SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Kollegiyasına göndərilmişdi
16 mart 1949-cu ildə Azərb. SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Kollegiyası aşağıdakı tərkibdə fəaliyyətə başlayıb: sədr: Rəhimova, üzvlər: Yakovlev və Muradov, Prokuror: Ramazanov, katib: Narınemoy.
Əvvəlcə katib təqsirləndirilənlərin ad, soyad və ata adını sadalayır. Onlara hansı maddələrlə cinayət işi qaldırıldığı bildirilir. Sonra prokuror çıxış edib istintaqın geniş, hərtərəfli, obyektiv aparıldığını, istintaq dövründə iş apararkən qanun pozuntusuna yol verilmədiyini nəzərə alıb vəsatət qaldıraraq Məhkəmədən xahiş edir ki, ittiham aktını qəbul etsin və təhqiqata başlasın.
Məhkəmə vəsatətə baxmaq üçün fasilə elan edib. Məhkəmə vəsatəti müzakirə edərək qərara alıb ki, ittiham aktı CM ilə verilən maddələrə uyğun olaraq obyektiv, hərtərəfli tədqiq edilmişdir. Ona görə də işə baxmaq üçün onu qəbul edir. Təqsirləndirilənlərin hər birinə işlə tanış olmaq barədə qəbz verilmişdi.
Tarixdən məlumdur ki, çar Rusiyası və Sovet hakimiyyəti dövründə milli mövqedə dayanan, işğala müqavimət göstərən kəndlər, şəhərlər qan yaddaşını qorumağa çalışan, milli mənəvi dəyərləri təbliğ edən insanlar xalqımız üçün əziz, müqəddəs hesab olunan günlərdə, məsələn, orucluq, bahar bayramı və s. zamanlarda cəzalandırılıb. Müstəmləkəçilər onların bayramının qara olmasına xüsusi səy göstəriblər….
Materiallarda göstərilir ki, 21-22 mart(Novruz bayramı günləri- S.L.) 1949-cu ildə Azərb. SSR Ali Məhkəməsinin cinayət işləri üzrə I dərəcəli Məhkəmə Kollegiyasının iclası keçirilmişdir. Məhkəmənin tərkibi aşağıdakı kimi olmuşdur: Sədr – Muradov. Xalq iclasçıları: Paşayev və Ramazanova. Müdafiəçilər -vəkillər: Hacıyev, Davudov və Həsənov. Katib: Zülfüqarova.
İşdən aydın olur ki, G.Abdullayevi Həsənov, İ.Rəhimovu və H.Zeynalovun hüquqlarını vəkil Nəzərov, M.Abdullayev və K.Rzayevin hüquqlarını vəkil Hacıyev, K.Əliyev və A.Ələsgərovun hüquqlarını vəkil Davudov müdafiə etmişdir.
Açıq məhkəmə iclasında təqsirləndirilənlərə hüquqları izah edilir, hər birinə məhkəmənin tərkibinə etirazlarının olub-olmadığı soruşulur. Aydın olur ki, tərəflər heç bir vəsatət qaldırmır, məhkəmənin tərkibinə də etirazları yoxdur. Sədr təqsirləndirilən şəxslərə söylənən qısa tərcümeyi-halları ilə bağlı suallarının olmadığını müəyyən edir. Onların hər birindən verilən maddələrlə “özünüzü günahkar hesab edirsinizmi” deyə soruşulur. Hər biri “bəli” cavabını verir.
Məhkəmə təhqiqatı hakimin təklifindən sonra tərəflərin razılığı ilə əvvəlcə təqsirləndirlən İ.Rəhimovdan başlayır.
Maraqlıdır ki, istintaqdan fərqli olaraq məhkəmə Azərbaycan dilində aparılmışdır. Çox ehtimal ki, məhkəmə bununla “antisovet millətçi gənclər təşkilatının” Azərbaycan dilinin sıxışdırılması, dövlət dili kimi işlədilməməsi fikirlərinin doğru olmadığını demək istəyib.
İ.Rəhimov da Azərbaycan dilindəki ifadə verib:
(…).
İsmixan müəllim vəkil Hacıyevin sualını da cavablandırıb:
(…)
Məhkəmə təhqiqatında maraqlı anlardan biri bundan sonra baş verib. İsmixan müəllim prokuror Ramazanovun sualına cavab verərək bildirir: “... Yenə də mən təkrar edirəm ki, azərbaycanlılara Azərbaycanda iş yoxdur, məncə bu həqiqətdir”.
Məhkəmənin sədri dərhal İ.Rəhimovun sözünü kəsərək bir daha Sovet dövlətinə qarşı böhtan atmaması haqqında ona xəbərdarlıq edib. Yazıq hakim, bəlkə də ürəyində təqsirləndirilənə haqq qazandırır. Ancaq vəzifəsini itirmək qorxusu onu həqiqəti deməkdən çəkindirərək ağzını bağlatdırır. Hakim ona bildirir ki, əgər bir daha bu təkrar olsa, ifadə verməsi qadağan ediləcək.
Prokurorun təşkilatın mahiyyəti haqqındakı sualına İ.Rəhimov belə cavab verib: “Mən öz ifadəmdə boynuma alıram ki, bizim yaratdığımız təşkilat antisovet olubdur”.
Bundan sonra təqsirləndirilən Gülhüseyn Abdullayev ifadə verib:
(…)
“Mən 1942-ci ildə onillik məktəbi qurtarıb Dövlət Darülfünuna daxil olmuşam. Orta məktəb yoldaşlarımdan olan Zeynalov Hacı və Rzayev Kamillə həmişə görüşmüşük. Hər görüşdə də antisovet fikirlər irəli sürmüşük. Sonra isə sədr üstündə dava edib ayrılmışıq. Söhbətimizin əsas səbəbi də Azərbaycanın milliləşdirilməsi olmuşdur, yəni Azərbaycanda Azərbaycan dilinin əsas dil olması idi. Mənim də belə bir fikrə düşməyimin əsas səbəbi bu olmuşdur. O zaman “Kommunist” qəzetində müxbir vəzifəsində işləyirdim. Lazım olan zaman zavodlara gedirdim. Mən rus dilini yaxşı başa düşmədiyimə görə zavoddan məlumat toplayıb qəzetə verə bilmirdim. Ancaq rus yoldaşlar yaxşı məlumat toplayırdılar.
Mən öz-özümə belə bir sual verirdim ki, niyə zavod və fabriklərin müdiri azərbaycanlı deyil ki, mən də çətinlik çəkməyim. Bizim təşkilatın üzvləri rusları görəndə deyirdi ki, Azərbaycanı ruslaşdırırlar. Azərbaycanlılar geridə qalmışdır…(…)
Darülfündə oxuyan zaman kitablar rus dilində olduğuna görə çox çətinlik çəkirdim…
(…)
Şair Səməd Vurğuna yazılmış məktub mənimlə İsmixan Rəhimov tərəfindən yazılmışdır. O biri üzvlərin bundan xəbəri yoxdur. Biz hər ikimiz Səməd Vuğunun Yazıçılar İttifaqından çıxarılmasını eşidib həmin məktubu yazıb göndərdik. Sonralar isə təşkilatın o biri üzvlərinə məktubun məzmunu barədə danışdıq. Onların arasında böyük narazılıq yarandı. Bildirdilər ki, bu məktubla ola bilsin ki, bizi tutdular.”.
…Tənəffüsdən sonra Hacı Zeynalov ifadə verib:
“1942-ci ildə orta məktəbi bitirib hərbi məktəbə daxil oldum. Bu zaman yoldaşlarımdan – Kamal və Gülhüseyndən ayrılmışdım. Ancaq onlarla hərbi komissarlıqda görüşdüm. Görüşümüz zamanı danışdıqlarımız fikirlərin antisovet fikirlər olduğunu bilməmişik.
Təşkilatımızın adını mənimlə üzləşən Gülhüseyn və Kamildən eşitmişəm. Mən Gülhüseynlə az-az görüşürdüm. Ancaq ADU-ya daxil olandan sonra tez-tez görüşdük. O mənimlə bir neçə söhbətdən sonra, 1943-cü ilin oktyabr- noyabr ayında mənə təklif etdi ki, bizim balaca təşkilatımız var. Əgər razısansa gəl, daxil ol. Mən də razılıq verib onunla yığıncağa getdim. Həmin yığıncaqda Kamalı, Azəri, İsmixanı gördüm.
Onlarla tanış olduqdan sonra mənə yazılı “And” verdilər. Mən də oxuyub məzmunu ilə razı oldum.
(…)
Təşkilatımız antisovet təşkilat olmuşdur və fikirlərimiz də antisovet olmuşdur. Mən Musa Abdullayevlə Oqtay barəsində söhbət etmişəm. Demişəm ki, mənim dünyagörüşümə görə o da bizimlə həmfikir ola bilər. Biz 1944-cü ildə təşkilatımızın adını “İldırım” adlandırdıq…”
Bundan sonra təqsirləndirilən Kamal Əliyev ifadə verib:
“Orta məktəbi Rzayev Kamillə bir yerdə oxumuşuq. Onunla 1939-1940-cı ildən yaxın dostam. Sonradan ali məktəbə daxil olmuşam.
Sonra eşitdim ki, məndən bir sinif yuxarı oxuyan Abdullayev Gülhüseyn və Zeynalov Hacı da ali məktəbdə oxuyurlar. Gülhüseynlə görüşlərimizdə o mənimlə rus dili üstündə mübahisə edir və deyirdi ki, nəyə görə biz rus dilində olan ədəbiyyatdan istifadə etməliyik. Niyə Azərbaycanda biz azərbaycanlılar çətinlik çəkməliyik. Düzdür, bu antisovet bir fikirdir. Bizim o qədər düşmənliklərimiz nəticəsində belə mübahisələr meydana çıxırdı. Hətta deyirdik ki, niyə əlifba rus şriftləri ilə əvəz olunur.
Mənim beynimi antisovet fikirlərlə kökləyən Gülhüseyn Abdullayev olmuşdur. Hətta bir dəfə 26-lar parkında oturmuşduq. Gülhüseyn öz təşkilatları barədə mənə söhbət etdi və məni oraya cəlb etdi. Mən də razılıq verib onunla birlikdə təşkilatın yığıncağında iştirak etdim. Orada olan yoldaşlarla tanış oldum. Təşkilatın “And”ını verdilər…
(…)
Axırıncı yığıncağımız Azər Ələsgərovgildə oldu. Orada mübahisə nəticəsində acıq edib getmişik. Sonra mən təyyarəçilik məktəbinə daxil olmuşam. Vəziyyətim ağır olduğuna görə AZİ-yə köçürüldüm və orada oxumağa başladım. Təşkilatımızın məqsədi Azərbaycanı müstəqil etmək idi…
Hakim istintaq zamanı Kamal Əliyevin verdiyi ifadəni oxuyub ondan bu ifadəni təsdiq edirsənmi deyə soruşub.
“... İfadəni təsdiq edirəm. Etdiyim cinayətləri boynuma alıram ki, antisovet fikirlərdə olmuşam. Başa düşdükdən sonra o təşkilatdan əl çəkmişik. Təşkilatda ayrı şrift düzəltmək məsələsi var idi. Ancaq bu məqsədə nail ola bilmədik”.
Sədr onun istintaqdakı digər ifadələrini oxuyur. Təqsirləndirilən istintaqdakı fikirlərini təsdiq edib.
“Düzdür, mən antisovet fikirli təşkilatın üzvü olmuşam. Ancaq Azərbaycanın Sovet İttifaqından ayrılmasının, müstəqil olmasının tərəfdarı deyiləm. Musa Abdullayevin evindəki yığıncaqda İsmixan Rəhimov antisovet məzmunlu şeir oxuyanda mən də orada iştirak etmişəm”.
Prokurorun sualına cavab: “İstintaqda verdiyim ifadəni təsdiq edirəm. Mən təşkilata üzv olub and içmişəm ki, Azərbaycanı rus dilindən azad edək”.
Məhkəmədə beşinci ifadəsi dinlənilən təqsirləndirilən Aydın Məcid oğlu Vahidov olub.
(…)
Altıncı ifadə verən Azər Ələsgərov olub.
(…)
Bundan sonra tənəffüs elan olunur. Ertəsi gün səhər saat onun yarısında məhkəmə davam edib.
Məhkəmənin bu iclası təşkilatın yeddinci üzvü Abdullayev Musa Məmməd oğlunun ifadəsi ilə başlayıb:
(…)
“…Təşkilata cəlb etmək istədiyim yoldaşlardan biri də Oqtay Əfəndiyev idi. Onu da yoldaşım Kazımov mənimlə tanış etmişdi. Onunla söhbət zamanı bilməmişəm ki, bunların fikirlərində antisovet şüur vardır. Hətta Əfəndiyevlə bir dəfə söhbət etdiyim zaman danışıqlarımızın antisovet fikir olmasını mənə bildirdi. Mən də ona dedim ki, düzdür. Belə fikirlər səhv fikirlərdir…
(…)
Qaraqoyunlu Bakıda olan zaman bir axşam dənizkənarı bulvara getdik. Orada məni Valentin adında rus millətindən olan bir oğlanla tanış etdi. Sonradan bildim ki, onun anası rus, yaxud alman, atası isə azərbaycanlı idi. Onunla tanış olduqdan sonra bir az söhbət etdik. Gördüm ki, Valentinin də fikri bizim fikirlərlə üst-üstə düşür. Bu söhbətdən sonra Valentini İsmixanla tanış etdim. O da belə baş verdi. Mən İsmixanla getmişdim, Qaraqoyunlu da Valentini gətirmişdi. Mən Tibb İnstitutunu bitirmişdim, o isə ADU-da V kurs tələbəsi idi.
Biz axır vaxtlardakı görüşlərimizdə təşkilatda olduğumuz vaxtlara lənətlər oxuyurduq. Gördüyümüz işin çox böyük səhv olduğunu bilib onu tərk etdik.”
Maraqlıdır ki, ona heç kim, yəni sədr, prokuror və vəkil bir sual belə verməyiblər…
Məhkəmə istintaqında sonuncu ifadəni Rzayev Kamil Əbdülbağı oğlu verib:
“1942-ci ildə məndə belə bir fikir oynamağa başladı. Öz-özümə sual verirdim ki, niyə azərbaycanlı bir şəxs institutda dərs kitablarını Azərbaycan dilində yox, rus dilində istifadə edir. Mən doqquzuncu sinif şagirdi olarkən sinif yoldaşlarımdan olan Gülhüseyn Abdullayev və Hacı Zeynalov hər üçümüz bu barədə fikirləşib qərara gəldik ki, bir üçlük düzəldək. Hər üçümüz bizim evə yığışdıq. Bir yol tapmaq istəyirdik. Şəxsən mənim öz fikrim belə idi: Böyük rəhbərlərə bu barədə imzasız məktub yazaq.
Azərbaycanın müstəqil olması barədə sonradan Gülhüseyn belə bir fikir irəli sürdü…”
(…)
Tərəflər və müqəssirlər məhkəmə istintaqının bitirilməsini istəyirlər. Prokuror Ramazanovun, həmçinin vəkillərin əlavəsi olmur.
Bununla da məhkəmə istintaqı başa çatıb.
Məhkəmə tərəflərin çıxışlarını dinləyir. Prokuror Ramazanov: “Müqəssirlərə aid edilən cinayəti kafi dərəcədə sübuta keçirilmiş hesab edirəm. Ona görə xahiş edirəm, onları müqəssir bilib: İ.Rəhimov 25 il, G.Abdullayev 25 il, K.Əliyev 10 il, A.Vahidov 10 il, A.Ələsgərov 10 il, M.Abdullayev 10 il azadlıqdan məhrum edilməklə hər biri 5 il seçki hüququndan məhrum edilməklə, əmlakları yüz faiz müsadirə edilsin.
Rzayev Kamil 8 il azadlıqdan məhrum edilsin, üç il seçki hüququndan məhrum edilməklə əmlakı 100% müsadirə edilsin”.
Müdafiə üçün söz vəkil Həsənova verilib. O, məhkəmədən xahiş edib ki, Gülhüseyn Abdullyev, İsmixan Rəhimov və Hacı Zeynalova yüngül cəza təyin etsin. “Çünki onlar etdikləri cinayəti başa düşüblər. Axır vaxtlar həmin təşkilatdan əl çəkiblər”.
Vəkil Davudov isə məhkəmədən təqsirləndirilələrin cavan olmalarını, səhvlərini başa düşmələrini nəzərə alıb Kamal Əliyev, Aydın Vahidov və Azər Ələsgərova yüngül cəza istəyib.
Vəkil Hacıyev Musa Abdullayev və Kamil Rzayevə yüngül cəza istəyir. Hər ikisinin cavan olmasını, səhvlərini bşa düşməsini nəzərə almalarını xahiş edir.
Təqsirləndirilərin hamısı onlara rəhm olunmasını, yüngül cəza verilməsini, Rzayev Kamilin həm də müharibə iştirakçısı olmasını, qəhrəmanlıqlarını nəzərə almağı xahiş edir.
Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib və qayıdaraq hökmü elan edir.
Məhkəmənin sədri hökmün məzmununu – ayrı-ayrılıqda hər bir müqəssirin gördüyü işləri qeyd edib və sonra Azərb. SSR cm-nin 316, 317-ci maddələrinə əsaslanaraq Məhkəmə Kollegiyasının hökmünü bildirir:
“1. Rəhimov İsmixan Məmməd oğlunu, 2. Abdullayev Gülhüseyn Hüseyn oğlunu, 3. Zeynalov Hacı Həbib oğlunu cm 21-64, 72-ci maddəsinin 2-ci hissəsi və 73-cü maddələrinin sanksiyasına əsasən hər biri 25 (iyirmi beş) il azadlıqdan məhrum edilsin; cm-nin 36-cı maddəsinə əsasən hər biri 5 (beş) il müddətinə seçki hüququndan məhrum edilsin, şəxsən özlərinə məxsus olan bütün əmlakları dövlət xeyrinə müsadirə edilsin.
4. Əliyev Kamil Əlibaxış oğlunu, 5. Vahidov Aydın Məcid oğlunu; 6. Ələsgərov Azər Əbdülxaliq oğlunu; 7. Abdullayev Musa Məmməd oglunu cm-nin 21-64, 72-ci maddəsinin 2-ci hissəsi və 73.64-cü maddələrinin sanksiyasına əsasən hər biri 10 (on) il müddətinə azadlıqdan məhrum edisin. Cəzanı çəkdikdən sonra hər biri 5 (beş) il seçki hüququndan məhrum edilsin, şəxsən özlərinə məxsus olan bütün əmlakları dövlət nəfinə müsadirə edilsin.
Rzayev Kamil Əbdülbağı oğlu cm-nin 72-ci maddəsinin 2-ci hissəsi, 73-cü maddələrinin və 64-cü maddəsinin sanksiyasına əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrum edilsin, cm-nin 36-cı maddəsinə əsasən cəzasını çəkdikdən sonra 3 (üç) il seçki hüququndan məhrum edilsin, şəxsən özünə məxsus olan bütün əmlakı dövlət xeyrinə müsadirə edilsin.
Məhkəmə Kollegiyası eyni zamanda SSRİ Ali Soveti Rəyasət Heyətindən xahiş edir ki, Rzayev Kamil Əbdülbağı oğlunu “Qırmızı Ulduz” ordeni və “Könüqsberqin alınmasına” və “Almaniya üzərində qələbəyə” görə medalından məhrum etsin.
Məhkumların həbs çəkmə müddəti həbs olunduqları gündən hesab edilir.”
Orada bildirilir ki, “Hökm qətidir. Ondan şikayət vermək olmaz”.
Məhkəmədən bir neçə ay sonra 9 sentyabr 1949-cu ilsə Azərb. SSR DTN V şöbəsinin rəis müavini, Azərb. SSR DTN-nin “A” şöbəsinin rəis müavini Qnezdova məktub göndərək yazır ki, yaranmış şəraitlə əlaqədar İsmixan Rəhimov və digərlərinin 283 №-li arxiv-istintaq işi ilə tanış olmağa icazə versin.
10 sentyabr 1949-cu ildə Qnezdov yazdığı məktubda təcili zərurət yarandığına görə Azərb. SSR Ali Məhkəməsindən xahiş edir ki, İ.Rəhimov və digərlərinin 283 №-li arxiv-istintaq işini DTN-nin “A” şöbəsinə göndərsinlər. Elə həmin gün iki cildli və içərisində 8 paket olan iş onlara qaytarılıb.
İşdə olan materiallardan aydın olur ki, Hacı Zeynalov SSRİ DİN Karaqanda şəhərində olan Pesçan həbs düşərgəsinə, Aydın Vahidov SSRİ DİN Şimal-Şərq islah əmək düşərgəsinə, Azər Ələsgərov SSRİ DİN Şimal-Şərq, M.Abdullayev SSRİ DİN Kamışev islah düşərgəsinə, Kamil Rzayev SSRİ DİN Üst-İlımsk islah əmək düşərgəsinə, göndərilmişdir.
Digərlərinin yeri haqqında məlumat verilmir.
Məlumdur ki, 1953-cü il martın 5-də Stalinin vəfatı, həmçinin 1956-cı ilin fevralında Sov.İKP-in XX qurultayında və 1956-cı il iyunun 30-da Sov.İKP MK-nın “Şəxsiyyətə pərəstiş və onun zərərli nəticələrini aradan qaldırmaq haqqında”kı qərarı totalitar sovet idarə sisteminə zərbə vurdu, “mülayimləşmə”nin təsirləri hiss olunmağa başlandı.
Sovet rejmi dövründə, xüsusən repressiya illərində cəzaya məruz qalanların işlərinə yenidən baxılmağa başlandı. Bunun üçün müvafiq komissiyalar, şöbələr, orqanlar yaradıldı. Siyasi məhbuslar saxlanılan düşərgələrin tabe olduğu SSRİ DİN-nin İslah Əmək Düşərgələri Baş İdarəsi – “QULAQ” ləğv olundu. Bəraətvermə kimi humanist proses başladı. Yaranmış yeni şəraiti əsas götürərək SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası, Azərb. SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası on minlərlə insana bəraət verdi, onların üzərindən “xalq düşməni” damğası götürüldü. Onların ailələrinin, övladlarının məruz qaldıqları təqiblərə son qoyuldu, hüquqları bərpa olundu.
“İldırım” gizli təşkilatının İslah əmək düşərgələrində olan üzvləri də bu proseslərdən istifadə etmək qərarına gəldilər.
Həbs olunanlardan Musa Abdullayev, Hacı Zeynalov, Gülhüseyn Avdullayev yuxarı orqanlara şikayət məktubu göndərib günahsız olmaları, cəzalarının sərtliyi, özlərinin respublikanın xalq düşməni kimi ifşa olunmuş keçmiş rəhbərlərinin repressiyasına məruz qalmaları ilə əlaqədar işlərinə yenidən baxılaraq bağışlanmalarını xahiş edirdilər.
Həbs edilmiş Azər Ələsgərovun anası yazdığı şikayət məktubunda qeyd edirdi ki, oğlu etdiyi cinayət əməlinə görə çox haqlı cəzalandırılıb. Ancaq cəza həddindən artıq sərtdir. O, məktubunun sonunda xahiş edirdi ki, oğlunun cavanlığını nəzərə alıb bağışlasınlar.
Abdullayev Musa və Əliyev Kamal şikayətlərində günahlarını etiraf edərək qeyd edirdilər ki, həqiqətən səhvə yol veriblər. Ancaq hesab edirlər ki, məhkəmə formal keçirilib. Onların cinayəti yalnız sözlə olub, işə keçməyib. Kommunist partiyasına, Sovet dövlətinə qarşı heç bir praktik iş görməyiblər. Bu səbəbdən xahiş ediblər ki, onların işinə yenidən baxılsın.
15 yanvar 1955-ci ildə “İldırım” təşkilatının üzvlərinin şikayət məktublarına Cəzalandırılmış şəxslərin işlərinə baxan işçi qrupda baxılıb. Azərb. SSR DİN-nin I şöbəsinin baş əməliyyat müvəkkili mayor Martirosov və Azərb. SSR Prokurorluğunun xüsusi işlər üzrə prokuror müavini, II dərəcəli ədliyyə müşaviri, işçi qrup komissiyasının rəhbəri Seliverstovun tərtib etdiyi arayışda yazılıb: “..İşdə olan materiallara ilkin baxış və məhkəmə istintaqını araşdıraraq hesab edirəm ki, müttəhimlərin cinayəti sübuta yetirilib. Məhkəmə tam obyektiv, doğru qərar verib.
Ancaq nəzərə almayıblar ki, “İldırım” adlı gizli antisovet millətçi təşkilat heç bir praktik iş aparmayıb. Aydın, dəqiq Proqramları, Nizamnamələri olmayıb. Onların fəaliyyəti danışıqdan o tərəfə keçməyib. Cinayət etdikləri vaxt yaşlarını da nəzərə alıb
Müəyyən etdim:
Rəhimov İsmixan Məmməd oğlu, Abdullayev Gülhüseyn Hüseyn oğlu, Zeynalov Hacı Həbib oğlu - hər birinin həbs müddəti 10 (on) ilə endirilsin.
Əliyev Kamal Əlibaxış oğlu, Vahidov Aydın Məcid oğlu, Ələsgərov Azər Əbdülxaliq oğlu, Abdullayev Musa Məmməd oğlu - hər birinin həbs müddəti 5 (beş) ilə endirilsin və SSRİ Ali Soveti Rəyasət Heyətinin “Amnistiya haqqında” 27 mart 1953-cü il qərarına əsasən həbsdən azad edilsin, seçki hüquqları təmin edilsin”.
Azərbaycan SSR üzrə cəzalandırılmış şəxslərin işlərinə baxan Komissiya 24 fevral 1955-ci ildə İşçi Qrup Komissiyasının rəhbərinin 15 yanvar 1955-ci il təklifini qəbul edib. Onlar da “İldırım” təşkilatının üzvlərinin cavanlığını, cəzanın hədsiz dərəcədə sərt olmasını nəzərə alaraq onların həbs müddətinin azaldılmasını mümkün hesab edib. Komissiya işi baxılması üçün Azərb. SSR Ali Məhkəməsinə göndərib.
Azərb. SSR Prokurorluğu əvvəlcə qərarı faktiki olaraq təkrarlayır. Hər bir həbs olunanın adı, verilən həbs müddəti sadalanır. Sonda həbsin azaldılmasını onlar da doğru hesab edib.
9 mart 1955-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyəti işə baxaraq qərar qəbul edib. Qərarda 1949-cu ildə Məhkəmənin qərarının doğruluğu bildirilir. Ancaq müttəhimlərin praktik iş görmədikləri, əməli iş görmək üçün zəruri olan Proqram və Nizamnamənin olmamasını, cavanlıqlarını, cəzalarının sərt olmasını nəzərə alaraq təşkilatın səkkiz üzvünün hər birinə 5 il həbs cəzası verildiyi bildirilir.
Bu məhkəmə də SSRİ Ali Soveti Rəyasət Heyətinin “Amnistiya haqqında” 27 mart 1953-cü il qərarını əsas götürüb onların azadlığa buraxılmasını və seçki hüquqlarının təmin edilməsini mümkün hesab etmişdi. Qərarda həmçinin həbsdə olanların dərhal azad olunması və bu barədə Məhkəməyə məlumat verilməsi də qeyd edilmişdir.
Həbs olunanlara bu xəbər müxtəlif vaxtlarda çatdırılmışdı. 13 mart 1955-ci ildə İrkutsk vilayətinin Ozerki İslah Əmək Düşərgəsinə göndərilmiş məktubda İ.Rəhimovun dərhal azad olunması və yerinə yetirilməsi haqqında təcili xəbər verilməsi tapşırılır.
Qazaxıstan SSR-nin Karaqanda şəhərindəki İslah Əmək Düşərgəsində həbsdə olan Musa Abdullayevin azad edilməsi haqqında və yuxarı orqanlara təcili xəbər verilməsi haqqında əmr 14 mart 1955-ci ildə göndərilmişdi.
15 aprel 1955-ci ildə xüsusi təcili qriftlə əmr göndərilmiş şəxslərdən bir də Rusiyada, Mordovanın Dubrovlaqer İslah Əmək Düşərgəsində həbsdə olan Hacı Zeynalov haqqında olmuşdur .
Moskva vilayətində həbsdə olan Aydın Vahidovun azad olunması haqqında həbs düşərgəsinə xəbər 12 aprel 1955-ci ildə göndərilmişdi.
Lakin məlum olur ki, o, Rusiyanın ən ucqar soyuq vilayətlərindən biri olan Maqadan şəhərindəki Şimal-Şərq İslah Əmək Düşərgəsindədir. Digərlərindən fərqli olaraq onun haqqında qırmızı rəngli yazı ilə “təcili azad olunsun” yazılmış, bu barədə SSRİ DİN-nin Moskva vilayətinə, Daxili İşlər İdarəsinin I xüsusi şöbəsinə təcili məlumat verilməsi göstərilmişdi.
25 may 1955-ci ildə Rusiyanın Komi MSSR Omsk vilayətinin Omsk şəhərinin Sıktıkvar qəsəbəsindən Musa Abdullayevin həbsdən azad edildiyi barədə Azərb. SSR Ali Məhkəməsinə məktub göndərilmişdi. Lakin nədənsə belə məktub göndərilməsinə baxmayaraq onun azad edilməsi ləngidilmişdi. Bu səbəbdən həbs düşərgəsinə 19 iyun 1955-ci ildə təkrar məktub göndərilmişdi. 11 iyul 1955-ci ildə onun artıq Bakıda olması barədə işin içərisində qeyd vardır.
Abdullayev Gülhüseyn Hüseyn oğlu 6 may 1955-ci ildə, Rəhimov İsmixan və Əliyev Kamal 29 aprel 1955-ci ildə (41,541), Vahidov Aydın 25 may 1955-ci ildə həbsdən azad edilmişdir.
“İldırım” təşkilatının üzvlərinin azad edilməsi haqqında Azərb. SSR Ali Məhkəməsinin qərarına SSRİ Baş Prokurorluğunda 18 iyul 1956-cı ildə keçirilən iclasında nəzarət qaydasında baxılmışdı.
22 mart 1949-cu ildə həbs olunan, 9 aprel 1955-ci ildə həbsdən azad olunmağı haqqında səkkiz nəfər haqqında verilən qərar – etdikləri cinayət əməlini etiraf etmələri, cavanlıqları, praktik iş görmədikləri, sərt cəza almaları, sovet hakimiyyəti əleyhinə sözdən o tərəfə keçməyən heç bir iş görməmələri, K.Rzayevin Böyük Vətən müharibəsində iştirakı, oradakı qəhrəmanlığı və s. qüvvədə saxlanılır. Bu qərara baxılması üçün iş dərhal SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyasına göndərilmişdir.
20 iyul 1956-cı ildə SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası işə baxaraq 8 nəfərin əməlində cinayət tərkibinin olmadığını əsas götürüb cinayət təqibinin dayandırılması, onlara bəraət verilməsi haqqında “İldırım” təşkilatının səkkiz üzvünün hər birinin haqqında 9 aprel 1955-ci ildə Azərb. SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin verdiyi qərar qüvvədə saxlanılmışdır...”
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın