"İran bu il hərbi təlimlərin və real təlim əməliyyatlarında iştirak edən bölmələrin sayını artırmaq niyyətindədir..."
İran Əsəd rejiminin süqutu, İsrail Hərbi Hava Qüvvələrinin İranın hava hücumundan müdafiə sistemlərinə və raket istehsalına endirdiyi zərbələr, eləcə də HƏMAS və "Hizbullah"ın məğlubiyyətlərindən sonra getdikcə özünü daha həssas hiss edir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Analitiklər İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat katibi, briqada generalı Əli Məhəmməd Nayeyninin bəyanatına diqqət çəkib. Nayeyni bildirib ki, İran "təhdidlərin dəyişən mənzərəsinə cavab olaraq" bu il hərbi təlimlərin sayını ikiqat artıracaq və "real təlim əməliyyatlarında iştirak edəcək" bölmələrin sayını çoxaldacaq.
Nayeyninin sözlərinə görə, SEPAH və İran İslam Respublikası Ordusu ("Arteş") martın ortalarına qədər qərb və cənubdakı altı vilayətdə 30 birgə quru, hava və dəniz təlimləri keçirəcək. Dəniz təlimləri bu həftənin sonunda başlayacaq, fevralın sonunda isə Hörmüz boğazında yeni hərbi texnikanın nümayiş olunacağı böyük dəniz paradı keçiriləcək.
Hava Hücumundan Müdafiə üzrə "Hətəm əl-Ənbiyə" birgə qərargahının komandanı, briqada generalı Qədir Rəhimzadə bildirib ki, yaxın günlərdə "həssas mərkəzlər yaxınlığında" "yeni, hələ naməlum sistemlərdən" istifadə edilməklə ümummilli birgə hava hücumundan müdafiə təlimləri keçiriləcək.
ISW-nin icmalında qeyd olunub ki, "İranın hərbi təlimlərinin miqyasını və sayını artırması, onun 7 oktyabr müharibəsində və Əsəd rejiminin süqutundan sonra üzləşdiyi uğursuzluqlardan sonra özünü daha həssas hiss etdiyini göstərir."
Bu arada isə "The Wall Street Journal" nəşri yazıb ki, İran öz qüvvələrinin böyük hissəsini Suriyadan çıxarıb və bu, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşması ilə əlaqədardır.
Minlərlə İran "məsləhətçisi" və SEPAH döyüşçüləri Əsədin hakimiyyəti itirməsindən sonra təcili olaraq Suriyanı tərk edib. Hazırkı Suriya rəhbərliyi iranlıları düşmən hesab edir və onların ölkə ərazisində olmasına dözmək niyyətində deyil. Bu, İranın Yaxın Şərqdə nüfuzunu genişləndirmək strategiyasına ciddi zərbə vurub.
Son illərdə Tehran Suriyada möhkəmlənmiş və onun ərazisindən "Hizbullah" və digər iranyönümlü qruplaşmalara silah və raketlərin daşınması üçün logistika kanalı kimi istifadə edib. İran bu mövqedən İsrail və ABŞ-a qarşı hibrid müharibə aparıb.
Xüsusilə İran tərəfindən dəstəklənən silahlı qruplaşmalar ABŞ-ın hərbi bazalarına hücum edib və İsraili raket atəşinə tutub. ABŞ-ın yüksək vəzifəli bir rəsmisinin sözlərinə görə, İranın “Qüds” xüsusi qüvvələrinin üzvləri İrana qayıdıb, milis qrupları isə dağılmağa başlayıb.
Buna baxmayaraq, İran “Hizbullah”ın bərpası üçün maliyyə göndərməyə cəhd edir, lakin indi bunu etmək daha çətindir. Ağ Ev hesab edir ki, Tehran Suriyada möhkəmlənmək və əvvəlki əlaqələrini bərpa etmək cəhdlərini yenidən davam etdirəcək, lakin bunun üçün vaxt tələb olunur.